3013

İlk növbədə əmizdirmə məsləhətçisi kimdir və onun işi nədən ibarətdir?

Ana südü üzrə əmizdirmə məsləhətçisi müvafiq mövzuda təhsil almış və sertifikatlaşmış mütəxəssisdir. O əmizdirməkdə çətinlik çəkən və ya təcrübəsiz analara dəstək göstərir. Ana südü ilə bağlı bütün məsələlər barəsində maarifləndirir, hər bir ana və balaya uyğun yanaşma tərzi seçərək onların əmizdirmə proseslərinə yardımçı olur. Ana və ya körpənin səhhəti ilə əlaqədar əmizdirməyə mane olan məsələləri çözməyə köməklik edir. Əmizdirmənin məhsuldar, faydalı, travmasız və düzgün şəkildə təşkil etməyə əsas yaradır.

Əslində bu peşənin ötən əsrdə yaranmasının başlıca səbəbi şəhərləşmə, sənayeləşmə və doğuşların tamamən xəstəxanalarda baş verməsi ilə əlaqədardır. Müasir qadınların müvəffəqiyyətli əmizdirmələri üçün əmizdirmə məsləhətçilərinin dəstək və yardımına ehtiyacları ödənilir.

Ana südü məsləhət saatından faydalanmaq üçün ana nələri etməli?

  • Hamiləlikdən etibarən əmizdirmə məsləhətçisi tapmaq və əmizdirmə planı tərtib etmək. Körpəni dünyaya gətirməmişdən öncə-hamiləlikdən etibarən praktiki bilik toplamağa çalmaq. Öncədən görülən tədbirlər özünəinam və analıq hissinin bünövrəsini qoyacaqdır. Əmizdirmə prosesinə öncədən hazırlaşmaq, maariflənmək, əmizdirmə məsləhətçisi ilə narahat edən suallara cavab vermək. Ana südü haqqında təlimlərdə iştirak etmək, uyğun kitablar və internet resursları tapıb oxumaq. Tədbirli və ehtiyatlı olmaq bir sıra potensial problemlərdən yayınmağa kömək olacaqdır. Xəstəxanalarda zahı analara əmizdirmədə həvəslə və düzgün dəstək göstərən orta tibb işçilərinin qıtlığını nəzərə alaraq, əmizdirmə prosesinin istənilən gedişatına hazırlıqlı olmaq.
  • Resurslardan düzgün istifadə etmək. İstənilən növ biliyə çəkilən xərc məsrəf deyil, sərmayədir.  Xüsusən ana südü məsləhət saatına ayrılan vəsait körpənizin nəinki yaxın, hətta uzaq gələcəkdə sağlamlığına qoyduğunuz əvəzsiz sərmayədir. Ana südü məsləhətçisi ilə iş əsnasında siz ailənin süni qida və süni qida ilə qidalandırmağa gərəkli olan vasitə və ləvazimatlara qənaət etmiş olacaqsınız. Həmçinin ana südü istehlak edən körpə passiv dərman istehlakçısı və nadir hallarda xəstəlik səbəbilə həkimə müraciət edən xəstədir. Bu ailəyə il ərzində minlərlə manat qənaət etməyə imkan yaradır.
  • Əmizdirmə əsnasında cüzi narahatlıq və problemlər yaranan kimi məsləhətçiyə müraciət etmək. Əgər problem onun səlahiyyətində deyilsə, o ana və körpəni müvafiq mütəxəssisə yönləndirəcəkdir. Bunun üçün əmizdirmə məsləhətçisinin eyni komandada çalışdığı digər mütəxəssislər var. Əmizdirməyə mane olan səbəb aşkarlanan kimi müvafiq mütəxəssisdən əlavə yardım üçün müraciət edilir.
  • Ana südü məsləhətçisinin suallarını dolğun və ən xırda nüansları təsvir edərək cavablandırmaq. Hər hansı vacib məqamları qəsdən gizlətmək məsləhətçiyə vəziyyəti düzgün qiymətləndirməyə mane olacaqdır. Peşəkar əmizdirmə məsləhətçisi ananı və onun etdiyi seçimi heç vaxt qinamaz, əksinə onun hisslərinə həmrəylik göstərər və vəziyyəti düzəltməyə yardım olar.  Ananın verdiyi səmimi və dolğun cavab problemi qısa zaman kəsiyində həll etməyə əsas yarada bilər. Gizlədilən məqamlar isə əlbəttə ki, yalnız ana və balaya ziyan vurar. Məsləhətçinin verdiyi məsləhət ananı qane etmirsə, bunu bildirməli və başqa yanaşma, çözüm istəməlidir. Əmizdirmə məsləhətçisinin məqsədi ilk növbədə anaya əmizdirmədə dəstək və yardımçı olmaqdır.
  • Hörmətlə yanaşmaq. Məsləhətçinin verdiyi məsləhət və təlimatlara riayət etmək, hesabatlara ehtiyac duyularsa qeydiyyatlar aparmaq, görülən əməyə görə ödəniş etmək və məsləhət saatlarına gecikməmək gərəkdir.
  • Nəticəni bölüşmək. Adətən məsləhətçinin təlimatlarından sonra problemi çözülən analar yenidən məsləhətçi ilə əlaqə saxlayıb müsbət nəticələri bölüşməkdən çəkinirlər. Xoş xəbərlərlə geri zəng edən ananın sevincinə şərik olmaq və qəlb rahatlığı tapmaq istənilən mütəxəssis üçün güclü motivasiya olar və pozitiv əhval bəxş edə bilər. Yalnız problemlərlə deyil, xoş təəssüratlarla bölüşməklə həyatın necə asan və xoş xırdalıqlarla dolu olduğunu görmək olar.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.