4704

Ana olmağa hazırlaşan qadınlar körpələrini layiqli səviyyədə qarşılamaq üçün əllərindən gələni etməyə calışırlar. İmkanları daxilində keyfiyyətli geyim və avadanlıqları körpələrindən  əsirgəmirlər. Normal və rahat doğuş üçün ən yaxşı həkimi seçirlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda çox azsaylı qadınlar sağlam hamiləlik, doğuş və sağlam körpə haqqında bilikərini artırırlar. Düşünün, hər hansı bir məişət cihazı alarkən onun haqqında müxtəlif  mənbələrdən məlumat əldə etməyə çalışırıq ki, həmin cihaza xələl gətirmədən onunla adekvat şəkildə davrana bilək. Bu müqayisə bayağı  səslənsə  də, analığa hazırlıqlı olmağın mühümlüyünü  vurğulamaq üçün qeyd etdim. Dünyaya gələn dəyərli və əziz körpədən-insan həyatından qiymətli nə ola bilər?

Nədənsə çox həvəslə körpəsini gözləyən xanımların nəzərindən yayınan digər bir məsələ də əmizdirmə haqqında bilgilərin əldə edilməsidir. Demək olar ki, dünyada bütün qadınlar əmizdirməni qeyri-ciddi qəbul edərək ona ümumiyyətlə hazırlaşmırlar. Unutmayın ki, əmizdirmə  anadangəlmə bir bacarıq deyil. Əmizdirmənin düzgün və ağrısız aparılması üçün siz körpəni döşə düzgün qoymağı, körpə isə onu düzgün götürməyi öyrənməlidir. Bütün əmizdirmə mütəxəssisləri qeyd edirlər ki, qadınların əksəriyyətinin əmizdirməni dayandırmasının və  süni qidaya keçməsinin ən başlıca səbəbi ağrılı və problemli əmizdirmə prosesidir ki, bu da cahillikdən irəli gəlir. Bu səbəbdən əmizdirməyə hazırlığı hamiləlikdə başlayın:

Maariflənin! Ana südü və əmizdirməyə aid məlumatları öncədən əldə edin, oxuyun, qeydlər edin, müvəffəqiyyətli əmizdirmə təcrübəsi olan analarla ünsiyyət qurun, ana südü haqqında lazımi biliyi olan uşaq həkimi və əmizdirmə məsləhətçisi tapın, doğuşdan dərhal sonra əmizdirməyi planlaşdırın.

Süni qidaya YOX  deyin! Özünüzə inanın və müsbət fikirləşin. Hər ehtimala qarşı süni qida məhsulları və ləvazimatları almağı planlaşdırırsınızsa və ya artıq almısınızsa (!) demək artıq mənfi ümidlərə qapılmısınız. Unutmayın ki, dünyada yaşayan qadınların yalnız və yalnız 2%-i süd istehsal etmək qabiliyyətindən məhrumdurlar.

Döşlərinizi və gilələrinizi  yoxlayın! Qəti şəkildə gilələrinizi codlaşdırmayın (!) əksinə onları hamiləikdən etibarən nəmləndirin, sabunla təmasını azaldın. Əgər körpə düzgün əmərsə nəmlənmiş gilələr  çatlamaya məruz qalmaz. Gilələrinizi yoxlamaqla onların yastı  və ya çevrilmiş (batıq) olmadığına əmin olun. Əks təqdirdə, əmizdirmə problemlərinin  meydana gəlməməsi üçün gilələrinizi əmizdirməyə hazırlama üsullarını həkiminiz və ya əmizdirmə məsləhətçisi ilə müzakirə edə bilərsiniz.

Süd oğlum Kərimə həsr olunur

Müəllif: Səltənət Zülfüqarova

4 Comments

  • Xəyalə
    Posted 27 İyul 2012 17:24 0Likes

    Təşəkkürlər, faydalı məlumatları bizimlə paylaşdığınız və maariflənməyimizdə yardımçı olduğunuz üçün!
    Bir sual – Lanolinin körpəyə ziyanı olmaz ki? Yəni onu çəkəndən sonra uşaq süd əməndə mənfi bir təsiri olmaz ki? İşlərinizdə uğurlar! ALLAH yardımçınız olsun!

  • gunel
    Posted 17 Oktyabr 2012 7:45 0Likes

    cox sagolun .Amma gileleri hamilelin dovrunde emizdirmeye nece hazirlamaq haqqinda melumat alsam shad olaram. Men 1ci usaqimda bu problemle uzlesmisem . zeif oldugundan usaq yaxsi eme bilmirdi .Amma indi 7 ayliq hamileyem bu problemle uzlesmek isdemirem.Evvelceden teshekkurler

  • Aysun
    Posted 03 Mart 2020 1:03 0Likes

    Slm. Çevrilmiş gilələrin dərmanı nədir ? Öz özlüyündən düzəlir mi hamiləlikdə ?

    • anasüdü.az
      Posted 28 Mart 2020 21:36 0Likes

      Salam Aysun xanım, çevrilmiş gilələrin dərəcəsindən asılıdır. Bunu əmizdirmə məsləhətçisi ilə məsləhət saatında müayinə edib, düzgün tədbirlər seçmək mümkündür. Lakin əksər çevrilmiş gilələr əmizdirdikcə özü də düzələr bilir, sözsüz ki. Yenədə çevrilmişliyin dərəcəsinin əhəmiyyəti böyükdür.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.