952

Hamilə qadınları doğuşla bağlı suallardan sonra ən çox narahat edən məsələlərdən biri də ana südü ilə əmizdirməkdir. Hamilə qadın əmizdirmə haqqında nələri bilməli və hansı hazırlıqlar həyata keçirməlidir?

1. Müşahidə və məşq edin. İlk növbədə qeyd etməliyəm ki, əmizdirmək nəfəs almaq, udmaq, gözləri qırpmaq və s. kimi fitri bir bacarıq deyil, müşahidə və tətbiq əsnasında-toxumaq, oxumaq, danışmaq kimi sonradan qazanılan bir haldır. Məsələn, əgər ömrünüzdə yanınızda heç kim körpəsini əmizdirməyibsə və siz bunu müşahidə etməmisinizsə, elə günü bugündən əmizdirmə haqda videoları izləməyə başlayın. İzləmə, müşahidə və yenidoğulmuş körpə ölçüsündə yumşaq oyuncaq və ya gəlinciyin üzərində qısa məşqlər sizin beyninizə həkk olacaq və vaxtı gələndə dadınıza çatacaqdır. Unutmayın körpə ilə doğuşdan dərhal sonra dəri-dəriyə təmas etmək, ilk saatda körpəni əmizdirmək, əmizdirmə mövqeyini düzgün seçmək və döşə düzgün qoymaq uzunmüddətli və uğurlu əmizdirmənin açarıdır.

2. Maariflənin. İnanın ana südü və əmizdirmə mövzusu o qədər genişdir ki, sizi maraqlandıran bir çox suallar ortaya çıxacaqdır və onlara məhz hamiləlikdə hazırlaşmaq gərəkdir. Gəlin mən sizə araşdırma üçün bir neçə ipucu təklif edim:

  • Bilirsinizmi, sağlam qadınların demək olar ki, hamısı ana südü istehsal etməyə və körpələrini uzunmüddətli qidalandırmağa qadirdirlər. 
  • Bilirsinizmi, əmizdirmə tamamilə ağrısız bir prosesdir. Cüzi dartma və narahatlıq hissi normaldır. Əgər əmizdirirərkən ağrı varsa, demək ki, əmizdirmə prosesi düzgün aparılmır, bunun üçün tibbi personaldan və əmizdirmə məsləhətçisindən yardım istəyin. Ana olmaq, dişini-dişinə sıxıb, şiddətli ağrılarla körpəni əmizdirmək demək deyil. 
  • Bilirsinizmi, körpəni qucağa öyrəşdirmək mümkün deyil, o artıq qucağa öyrəşmiş halda dünyaya gəlir və böyüyü ilə sıx təmasda olmaq onun həyati vacib ehtiyacıdır. Körpə yalnız sizin qucağınızda deyil, atası ilə də bədən təması ilə rahatlıq tapa bilər.
  • Bilirsinizmi, ana südü ilə qidalanan körpənin sağlam yuxusu səthi və qısamüddətli olur. Həmçinin o gecə əmizdirmələrə də oyanır. Bu tərz yuxu körpənin həyatı, sağlamlığı və inkişafı üçün çox önəmlidir.
  • Bilirsinizmi, körpənin kürlüyü, narahatlığı, yuxusunun müddəti, nə də ki, əllərini ağzına apararaq əmməsi südün azlığının göstərici deyil. Körpənin ilkin doyma əlamətləri onun bezləridir. Məsələn 1 günlük körpə 1 və ya 2, 2 günlük körpə 2 və ya 3 və belə ardıcıllıqla 7-ci günə qədər davam edir. İlk ay sutkada toplam 8-12 yaş və çirkli bezlər dəyişiləcəkdir. Həmçinin körpə həyatının ikinci həftəsində artıq doğulduğu çəkini bərpa etməlidir. Bunlar körpənin ilkin ana südü ilə doyma əlamətlərindəndir. Həmçinin unutmayın ki, körpənizin inkişaf və artım cədvəli Ümumdünya Səhiyyə Təşkilatının müstəsna olaraq ana südü ilə qidalanan körpələr üçün nəzərdə tutulmuş cədvəli ilə tutuşdurulmalıdır. Bu cədvəl körpənin çəkisi haqda daha düzgün və dolğun mənzərə yaradacaqdır. 
  • Bilirsinizmi, körpə doğulduqda onun mədəsinin ölçüsü gilas, 3 həftəsində isə yumurta boyda olur. Bu bir daha sübut edir ki, körpənin ilk həftələr az miqdarda südə ehtiyacı var. Sadəcə körpəni saat rejimi tətbiq etmədən, tez-tez əmizdirmək gərəkdir. 

3. İstəklərinizi öncədən bildirin. Əmizdirmək niyyətinizi hamiləlikdən etibarən yoldaşınız, ailəniz, dostlarınız və xüsusən həkiminiz və doğuş personalınıza bildirin. Dəri-dəriyə təmas, ilk saatdan əmizdirmək və körpə ilə eyni otağı gecə və gündüz paylaşmağın sizin üçün çox önəmli olmasını qeyd edin. Əgər körpə döşdən bir başa ana südü əmə bilmədiyi hal yaranarsa, süni qidaya deyil, sağılmış südünüzə üstünlük verdiyinizi bildirin. Unutmayın, sizin icazəniz, tibbi göstəriş və sizə bildiriş olmadan körpəyə süni qida verilməməlidir.

4. Döşləri öncədən əmizdirməyə hazırlamaq kimi anlayış mövcud deyil və bu məsləhətlərin arxasında heç bir emli-praktiki sübüt yoxdur. 

Covid-19 ilə yoluxmuş hamilə körpəsi dünyaya gəldikdə nə etməlidir?

İlk növbədə qeyd edim ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Covid-19 ilə yoluxmuş hamilə qadının dölyanı sularında, körpəyə qidalandırıcılar daşıyan göbək ciyəsi qanında aşkar olunmamışdır. Həmçinin qadınların doğuşdan sonra gələn südündə də adıçəkilən virus aşkarlanmamışdır. 

Virusa yoluxmuş ana eynilə yoluxmamış ana kimi doğuşdan sonra bədən-bədənə təmas edə, körpəni ilk saatda əmizdirə və onunla eyni otağı paylaşa bilər. Bunun üçün o sadəcə gigiyena tədbirlərinə riayət etməlidir. Düşünürəm bu tədbirləri artıq hər birimiz əzbər bilirik:

Körpə ilə təmasdan öncə əlləri sabunla yumalı,

Steril maska geyinməli,

Əlləri körpənin ağız-burun və gözlərinə vurmamalı,

Asqırar və öskürərkən ağzını salfetlə tutmalı,

Toxunduğu səthlər dizenfeksiya olunmalıdır.

Yeri gəlmişkən əllərinizi 25-30 saniyə ərzində hərtərəfli sabunlayarkən suyu bağlamağı unutmayın! 

Həmçinin məlumdur ki, Covid-19 qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş deyil. Yəni hamilə qadın hətta yoluxmuş olduğu halda təbii doğuş etmək iqtidarındadır.

Nə olursa olsun, ana südünün ən güclü immunitet dəstəkləyicisi olduğunu unutmayaq. Dünyanın ən keyfiyyətli, ən bahalı və ultra yeniliklərlə dolu süni qidaları bir yerə toplaşsalar belə, birlikdə ana südünün təmin etdiyi immun dəstəyi və qidalandırıcıları təmin edə bilməzlər. Körpəni bol-bol əmizdirmək xüsusən pandemiya dövründə ən düzgün verilmiş qərardır. 

Artıq qeyd etdiyim kimi, körpə və ya ana səhhəti ilə əlaqədar bir başa döşdən əmizdirmək mümkün deyilsə, həmişə sağılmış süd alternativi mövcuddur. Südün sağılmasının yollarını videolardan izləyə və ya tibbi personaldan sizə öyrətməyi xahiş edə bilərsiniz.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.