3040

Körpə dünyaya gələndən etibarən valideynləri onu ətrafdakı təhlükə mənbələrindən qorumaq vəzifəsi və məsuliyyətini daşımağa başlayırlar. Bunun üçün müxtəlif təşkilatlar, qurumlar və agentliklər valideynlərə yardım olacaq bir sıra təhlükəsizlik tədbirləri təlimatları verirlər. Körpənin yuxu, qida və nəqli təhlükəsizliyi ilə bərabər həmçinin, geyim təhlükəsizliyi standartları da mövcuddur. Əslində təhlükəsizlik mövzusu o qədər genişdir ki, onun haqqında bütün məqamlara toxunmaq üçün bir məqalə yetməz. European Child Safety Alliance tərəfindən tərtib edilən uşaq məhsulları təhlükəsizlik təlimatından körpə geyiminə aid əsas məqamlardan birini qeyd etmək yerinə düşərdi:

Körpə və hətta 7 yaşından kiçik olan uşaqların geyimlərində bağ və iplərin olmaması daha təhlükəsizdir və beynəlxalq markalar bu tələblərə uyğun geyimlər hazırlayıb istehsal etməyə çalışırlar. Bu səbəbdən siz adlı-sanlı dükznlarda bağı və ya ipi olan körpə və uşaq geyimlərinə çox nadir hallarda və ya ümumiyyətlə rast gələ bilməzsiniz.

Azərbaycanda eləcə də MDB ölkələrində isə yenicə doğulmuş körpələrin bağı olan papaqlarda görmək adı haldır. Lakin nəzərə almaq lazımdır ki, bu növ papaqlardan inkişaf etmiş dünyanın əksəriyyəti artıq imtina etmişdir. Sözsüz ki, səbəb körpənin boynunu əhatə edən və boğulma təhlükəsi yaradan həmin bağ və iplərdir. Bundan əlavə köprənin çənəsi altında iri düyün əmələ gətirən həmin bağ əmizdirmə prosesinə də xeyli mane ola bilir.

Ümumiyyətlə beynəlxalq təcrübəyə əsasən, əgər körpələr erkən doğulmuş, yaşına görə çox kiçik və çəki yığmaqda əziyyət çəkmirsə onun isti aylarda ümumiyyətlə, sərin havada isə ev şəraitində- yəni 16 dərəcədən yuxarı hərarətdə papağa ehtiyacı yoxdur.

Müşahidələrə əsasən körpənin əyni havaya nisbətdə qalın olarsa, onun döşdən imtina halları baş verə, həmçinin yuxululuq və süst halı kəskinləşə bilər. Bu səbəbdən körpənin olduğu mühitin temperaturundan asılı olaraq ona papaq geyindirmək daha məqsədəuyğundur. Unutmayaq ki, körpənin istilənməsi onun soyuqlaması qədər təhlükəlidir. Araşdırmalara əsasən istilənmə Qəfil Körpə Ölümü Sindromuna səbəb olur. Hətta hava ventilyatorunun tətbiqi adı çəkilən sindromu 70% qədər azaltmağa səbəb ola bilir.

Qısaca olaraq, papaq lazım gələrsə bağı, ipi və digər bu kimi boyun ətrafına dolanmaq təhlükəsi olmayan baş geyiminə üstünlük verilməlidir. Qeyd edək ki, əmziyin bərkidildiyi bağ və iplər, körpələrə taxılan boyun zinyət əşyaları da eyni boğulma təhlükəsi mənbələridirlər. Bundan əlavə sancaqla körpənin paltarına bərkidilən müxtəlif bəzək (qızıl qəpik, gözmuncuğu və s.) kimi əşyalar qəbul olunmazdır. Bunlar həm körpəyə bata, həm də udaraq asanlıqla çeçəyə biləcəyi əşyalardır.

Körpənin hansı temperaturda neçə lay və hansı geyim geyindirmək üçün daha aydın məlumat üçün yuxarıda www.babycenter.com saytının hazırladığı infoqrafik poster-cədvələ nəzər salmağı tövsiyə edirik.

Körpə yuxusu üçün nəzərdə tutulan yorğanların və ya şəkildə göstərilən yuxu torbalarının qalınlığı da mühit şəraitinə uyğun nəzərə alınmalıdır. TOG olaraq qeyd edilən isə yorğanın temperatur dayanıqlığı olaraq nəzərdə tutulur və adətən həmin məhsulun üzərində rəqəm ilə qeyd edilir. Adət etdiyimiz pambıq bələk 0.5 tog-dur. Ümumilikdə götürdükdə isə 1.0 tog 24-27 dərəcə, 1.7 tog 21-24 dərəcə, 2.5 tog 16-20 dərəcə, 3.5 tog isə 12-15 dərəcə temperaturda yatmaq üçün nəzərdə tutulubdur.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.