4747

Hamiləlik həyatın kifayət qədər həyəcanlı bir dövrüdür. Hər bir hamilə və hamiləlik bir-birindən fərqli baş verə və davam edə bilər. Heç bir digər dövrlərə bənzəməyən hamiləlik əmizdirməyə hazırlıq üçün ən münbit zamandır:

Hamilə və əmizdirən analar icmasına qoşulun.

Əmizdirmək digərlərini müşahidə etməklə, əmizdirmə təcrübəsi olanlarla ünsiyyət əsnasınd qazanılan bir qabiliyyətdir. Bu səbəbdən hamilə olduğunuz vaxtdan etibarən istər real, istərsə də virtual hamilə və əmizdirən analar icmalarına, qrup və səhifələrə qoşulmaq məsləhətdir. Ən təsirli təcrübə mübadiləsi sözsüz ki, real görüşlər və ünsiyyət əsnasında daha effektivdir.

Müsbət fikirlərlə yanaşın.

Əmizdirməyə düzgün münasibət və hazırlıq zahılıqda müsbət nəticə əldə etməyin əsasıdır. Özünüzü mənfi fikir və ya özünüzə inamsızlıqla ruhdan salmayın. Sizə tez-tez südünüzün ehtiyat miqdarı haqda suallar veriləcək və hətta südünüzün azalması və ya kəsilməsi ilə bağlı fikirlər yürüdüləcəkdir. Buna hazırlıqlı olun. Yanınızda əmizdirmə mövzusunda mənfi rəylər yürütməyə mədəni şəkildə izin verməyin, çünki belə mənfi təsirə malik olan söhbətlər sizin özünüzə inamızı sarsıda və sizi şübhəyə sala bilər.

Anaların və digər ailə üzvlərinin ən geniş yayılmış narahatlığı körpənin doyması ilə əlaqədar olur. Bu şübhəni nəzərə alaraq körpənin dünyaya gəlməsindən əvvəl müxtəlif süni qida və qidalandırma vasitələrinin ehtiyat kimi alınıb qoyulmasından çəkinmək gərəkdir. Siz ki, öncədən körpədə ehtimal olunacaq bütün xəstəlik və narahatlıqlara görə dərmanlar alıb ehtiyatda saxlamırsınız. Digər tərəfdən hər bir sağlam qadın istisnasız olaraq, əmizdirmə qabiliyyətinə malikdir. Üstəlik, yaşadığımız müasir dövr və şərait gecə və güdüzün istənilən anı apteklərə üz tutmağa imkan verir. Ehtiyat üçün alınan süni qida, ondan əsassız yerə istifadə riskini artıra bilər.

Biliklərinizi artırın.

Ana südü haqqında kitabların, saytların və digər məlumat mənbələrinin oxunması üçün uyğun vaxt zahılıq deyil, məhz hamiləlikdir. Əmizdirmə haqqında məlumatların toplanması ikinci trimesterdən etibarən başlaya və üçüncü trimesteri əhatə edə bilər. “Ömürlük Hədiyyə” kitabı isə ana südü mövzusunda bütün hamilələr üçün tövsiyə edə biləcəyimiz faydalı məlumat vasitəsidir.

Əmizdirməni öncədən planlaşdırın.

Ana südü üzrə ixtisaslaşmış təlimçi və məsləhətçilərlə ünsiyyətə önəm verin. Fəal iştirak, interaktiv təlim mühiti, vizual materialların istifadə olunduğu dərslər sizdə mövzuya xüsusi maraq oyadacaq və praktiki biliklər əldə etməyə imkan yaradacaqdır. Əmizdirməni öncədən planlaşdırmaq üçün sizin istəkləriniz nəzərə alınacaq və məxsusi olaraq sizi qane edəcək Əmizdirmə Planı tərib edin.

İndividual əmizdirmə planı həmçinin sizin doğuşunuzu aparacaq və ya qeysəriyyə əməliyyatını təşkil edəcək tibbi personal üçün də ipucu rolu oynaya bilər. Əmizdirmə Planı hamilələrə tibbi heyət ilə öncədən özünün istəklərinə aid dialoq qurmaq üçün əsasdır. Əmizdirmə Planı tərtib etmək üçün bizim xidmətimizdən istifadə edə bilərsiniz.

Dəstək tapın.

Siz bu dəstəyi həm ailə daxilində əsasən yoldaşınızdan, ana və qaynananız, digər qohum və rəfiqələrinizdə tapa bilərsiniz. Ən əsası odur ki, hamilə qadın ana südünə verdiyi əhəmiyyət və əmizdirmə istək-niyyəti haqda ətrafdakıları xəbərdar etsin.

Təbii doğuşa üstünlük verin.

Körpənizi dünyaya gətirmək üçün təbii doğuşa üstünlük verən tibb müəssisələrinə, həkim və tibbi personala müraciət edin. Doğuşun əmizdirməyə mühüm təsiri var. Lakin unutmayın ki, sizin əmizdirməyə hazırlıqlı olmağınız hətta qeysəriyyə əməliyyatından sonra müdaxilə ünsürlərinə rəğmən müvəffəqiyyətli əmizdirməyə şansınız olacaqdır.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.