10937

Maraqlıdır ki, hamiləliyin ilkin əlamətlərindən biri döşlərdə özünü göstərməyə başlayır. Süd vəzlərində həssaslıq hamiləliyin 4-6 həftəsindən hiss olunur və 12 həftənin tamamına kimi davam edə bilir. Səbəb isə hamiləlikdə hormonların səviyyəsinin artmasıdır. Yüksək hormonal fon süd vəzlərinə qan axınını gücləndirir, şişkinlik, ağrı, sancı və ifrat həssaslıqla müşayiət olunur. Bəzi hamilə olmayan qadınlar eyni hissləri hər ay menstruasiyadan öncə keçirə bilirlər.

Babycenter məlumat mənbəyi hamiləlikdə döşlərdə baş verən 7 əsas dəyişiklikləri sadalayır:

1.Döşlərdə sancı hissi. Hormonların səviyyəsinin artması ilə əlaqədar olub ilk 3 ayda baş verir.

2.Döşlərin qasıması hissi. Bu döşlərin böyüməsi ilə əlaqədardır. Beləki, dəri dartılır və nəticədə qaşınma hissi yaranır. Bu ərəfədə döşlərdə dərinin çatlamasını da izləmək olur.

3.Döşlərin böyüməsi. Hamiləliyin 6-8 həftələrində döşlərin iriləşməyi nəzərə çarpır. Qeyd edək ki, döşlərin böyüməsi bütün hamiləlik boyunca davam edir. İlk hamiləlikdə döşlərin 1 və ya 2 büstqalter ölçüsündə böyüməsi normaldır.  

4.Damarlar və piqmentasiyada dəyişikliklər. İlk aylardan sonra döşlərin dərisinin altından aydın şəkildə damarlaq sezilməyə başlayır. Həmçinin gilənin ətrafı-areolanın ölçüsü böyüyür və rəgi tündləşir.  

5. Areolada qabarcıqlar. Hamiləlikdə gilənin ətrafında kiçik ölçülü qabarmalar görünməyə başlayır. Bu qabarcıqlar dəri altında olan piy vəzləridir ki, onların vəzifəsi gilə və gilənin ətrafını nəmləndirməkdir.

6.Döşlərdən ifrazatlar. Hamiləliyin ikinci trimesterindən etibarən süd vəzləri artıq körpənin dünyaya gəlməyinə hazırlaşmağa başlayır. Bu dövrdə artıq ağuz südünün istehsalı baş verir. Hamiləliyin son həftələrinə yaxın isə döşlərdən həmin ağuz südü ifrazat və ya cüzi axıntı qismində xüsusən gecələr hiss oluna bilir. Bəzən hamilələrin gecə geyimlərində sarımtıl ləklər kimi özünü göstərir. Doğrudur, bəzi hamilələrdə bu axıntıları olmaya da bilər ki, bu da normal bir haldır. Ağuz südünün hamilə bədəni tərəfdən erkən ifrazı doğuşdan sonra südün olmaması, süd gələnə qədər süni qida verilməsi, südün gəlişini gözləmək kimi əfsanələri darmadağın edir.

7. Şiş, düyün və ya lomba. Bəzən hamilə qadınların döşlərində düyün nəzərə çarpmağa başlayır. Bu şişlər və lombalar adətən zərərsizdir. Hamilə qadınlarda təhlükəli şişlərin inkişafı çox nadir hallarda rast gəlinir. Amerikan Xərçəng Cəmiyyəti qeyd edir ki, süd vəzi xərçəngi hamilələrdə 3000 halda 1 müşahidə olunur. Buna baxmayaraq, əgər hamilə qadın yeni şiş, düyün və ya lombanı hiss etməyə başlayırsa, mütləq şəkildə həkimi ilə əlaqə saxlamağı tövsiyə olunur. Hamilələrin süd vəzi xərçənginə yoxlanılması üçün bir sıra təhlükəsiz yoxlama üsulları mövcuddur.

Hamiləlikdə süd vəzinin müayinəsi üsulları:

Mammoqrafiya zamanı şüalanma cüzidir və dölə çatan şüalar kifayət qədər azdır. Bu test zamanı hamilə qadının qarnını xüsusi mühafizə örtüyü ilə bağlamaq mümkündür.

Ultrasəs müayinəsi tamamilə şüasızdır və hamiləlikdə istifadəsi təhlükəsizdir. Döşlərdə istənilən dəyişiklikləri görməyə imkan verir.

MRT müayinəsində şüalanma yoxdur və hamiləlikdə istifadəsi mümkündür. Lakin MRT zamanı kontrast maddənin hamilələrdə tətbiq edilməsində təhlükə mövcuddur. Bu səbəbdən hamilələrin kontrast maddəsiz müayinə edilməsi tövsiyə olunur.  

Hazırladı: Səltənət Zülfüqarova

Foto: www.nikofarwest.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.