1075

Tez -tez verilən suallardan : uşağa çay verəkmi ? …
Əvvəlcə baxaq çay nədir, nəyə faydalıdır , zərəri nədir ?
Qara çay kofeinlə zəngindir. Hər bir stəkan çaydan 12 mg kofein alırıq . Kofein miqdarı 79 mq-dan çox olarsa kofein asılılığı yaranar. Kofein zehinsel oyanıqlıq verir. “Kofe ,tünd çay icim yuxum qaçsın ” söhbəti təkcə böyüklərə aid deyil, uşaqlara da aiddir.

Uşaqlara çay verildiyində onların da yuxusu pozular. Kofein mədə turşuluğunu artırar ,reflyuksa səbəb olar. Reflyuks isə uşağın narahatlığına səbəb olar. Bundan başqa reflyuks ilə ağız boşluğuna gələn mədə turşuluğu təsiri ilə həm dişlər yeyilər, korlanar həm də öskürək yaranır.

Qara çayda tanin maddəsi dəmirin sorulmasına mane olur. Dəmir isə uşağın inkişafı üçün vacibdir. Mütəmadi çay verilən uşaqlarda anemiya tez-tez müşahidə edilir.


Kofeinsiz çay istəyirsizsə ilk üç dəq ərzində dəmlənmiş çayı süzüb yenidən dəmləyə bilərsiz. Çay ilk üç dəqiqədə kofeinin suya buraxır.
Çay anti-oksidantlarla zəngindir. Amma zərərləri yanında anti-oksidantları uşaqlar üçün faydalı olmur.

Böyük olaraq özünüz üçün çaydan yararlanmaq istəyirsinizsə, çayı çox qaynar suda dəmləyin , o zaman antioksidanlar daha çox suya çıxacaqdır. Paket çayında və çay süd ilə içildiyində təəssüflər olsun ki, anti-oksidantlar bizə gəlib çatmır.


Uşaqlar üçün ən faydalı çay meyvə çaylarıdır . Rəngli meyvələri isti suya doğrayıb dəmləmək, mixək, bal, darçın əlavə edib bitki çayları ilə ( razyana, çobanyastığı ) qarışdırmaq da olar . Qurudulmuş meyvə , itburnu da əlavə edə bilərsiz. Belə çaydan uşaqlar məktəbə də götürə bilər.

6 ay ya da bir -iki yaşlı uşaq üçün çay verilməsini heç lazım bilmirəm. Körpə uşaqlara arada çay verməyin bir fayda anlamı yoxdur. Əksinə yuxarıda saydığım narahatlığa gətirə bilir.

Şirinləşdirilmiş çay isə ümumiyyətlə lazım deyil. Əgər uşaq şirin çaysız yağ çörəyi yemirsə, sizə belə bir təklif edim : uşağın çayına üç -dörd qaşıq şəkər tozu salmaq yerinə çörəyə çəkilmiş yağın üzərinə bal, cem, bəhməz çəkin ya da yarım çay qaşığı şəkər tozu səpin. Belə halda şirin çaya gərək qalmaz.
Əgər uşaqda hiperasid qastrit , reflyuks kimi problemlər, mədə ağrıları, gəyirmə, köp, qəbizlik kimi şikayətləri varsa, şirin çaydan birmənalı uzaq durun!

Müəllif: Aytən İsmayilzadə,
Həkim-pediatr  

 

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.