3466

Rəhman və Rəhim Allahın adı ilə. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Peyğəmbərimiz Muhammədə (sallalahu aleyhi və səlləm), onun ailəsinə və bütün əshabələrinə Allahın salavatı və salamı olsun!
Sonra:

Hamilə və südəmizdirən qadınların oruc tutması ilə bağlı çoxsaylı ixtilaflarla əlaqədar olaraq, bir çox müsəlman qadınları, hamilə və əmizdirən anaların oruc tutub-tutmaması, icazəli halda tutmadıqları orucu qəza edib-etməmələri barədə suallar maraqlandırır. İnşəAllah bu suallara bütün tərəflərin irəli sürdüyü dəlillərlə cavab veriləcəkdir.

Zərurət olduğu halda hamilə və südəmizdirən qadınların orucu pozması barədə
Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın Elçisi (sallalahu aleyhi və səlləm buyurmuşdur): “Allah Azzə və Cəllə misafiri (səfərdə olanı) namazın yarısından və oruc tutmaq öhdəliyindən, hamilə və südverən anaları isə oruc tutmaq vəzifəsindən azad etmişdir” Əbu Davud, 2408; ət-Tirmizi, 715; ən-Nəsai. Hədisin səhihliyini imam İsa ət-Tirmizi, iman İbn Huzeymə və şeyx Əlbani təsdiqləmişlər.

Hamilə və südəmizdirən qadınlar yalnız özlərinə və ya dölə bir zərər toxunacağı və ya südlərinin azalacağı qorxusu ilə oruclarını poza bilərlər; bu məsələdə alimlər arasında ixtilaf yoxdur. Lakin, əgər onlar oruc tutmaq iqtidarındadılarsa, oruc tutmamaq onlara qadağandır, çünki Uca Allah buyurur: “Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”(Bəqərə, 184).
İbrahim ən-Nəhəi rəvayət edib: “ Bir gün bir qadın Əlqəmənin yanına gəlib dedi: “Mən hamiləyəm, lakin oruc tuta bilərəm, amma ərim mənə icazə vermir”. O zaman Əlqəmə ona dedi: “Allahın əmrinə tabe ol və ərinin sözünə qulaq asma!” Əbdur-Rəzzaq № 7566.
İmam İbn Əqil demişdir: “Əgər hamilə və südəmizdirən qadınlar dölə və ya körpəyə zərər toxunacağından qorxurlarsa, o zaman onlar oruc tutmamalıdırlar, lakin əgər qorxmurlarsa, oruc tutmamaq onlara qadağandır!”. Bax. “əl-İnsaf” 7/382.
Şeyx İbn Useymin demişdir: “Hamilə və südəmizdirən qadına zərurət olmadan oruc tutmamaq qadağandır!” Bax. “Fətəva əs-sıyam” 161.
Beləliklə, hamilə və südəmizdirən qadınlar bir çoxlarının düşündüyü kimi, sadəcə südəmizdirmə və ya hamiləlik səbəbilə yox, yalnız qorxduqları halda oruc tutmaya bilərlər.

Qeyd: Əgər hamilə qadının uşağı, dölün bədəninin müxtəlif hissələrinin, məsələn başının və ya əlinin formalaşması zamanı düşürsə, bu hal doğumsonrası qanaxma (ən-nifas) kimi nəzərdən keçirilir və qadın oruc tutmur. Əgər uşaq hamiləliyin erkən mərhələlərində (80-cı günə qədər) düşürsə, qadın istihazə (xəstəlik səbəbilə qanaxma) halında sayılır və o öz orucunu tərk etməməlidir. Bax. “Fətəva əl-Ləcnə əd-Daima” 10/224.

Hamiləlik və südəmizdirmə səbəbilə buraxılan oruc günləri qəza edilirmi?
Bu məsələ ilə bağlı alimlər arasında 5 geniş yayılmış rəy mövcuddur, lakin onlardan yalnız biri doğru rəydir, çünki həqiqət birdir, ixtilafların isə ona heç bir aidiyyatı yoxdur. İmam Malik demişdir: “Allaha and olsun ki, həqiqət yalnız birdir və bir-birinə zidd olan rəyin hər ikisi eyni zamanda doğru ola bilməz!” Bax. “Cəmiul-bənil-ilm” 2/82.

Bütün tərəflərin rəylərini təfsilatlı şəkildə nəzərdən keçirək:
Birinci rəy ondan ibarətdir ki, hamilə və südəmizdirən qadınlar orucun qəzasını tutmaqla mükəlləfdirlər və buraxdıqları hər gün üçün fidyə olaraq bir kasıbı yedizdirməlidirlər. Bu imam Malikin, əş-Şəfiinin və Əhmədin rəyi olub. Bax. “Tühfətul-əxvazi” 3/402. Lakin bəzi şafiilər və hənbəlilər hesab edirdilər ki, əgər qadın özünə zərər gələcəyi qorxusu ilə oruc tutmursa, o zaman kasıb yedirtmədən, sadəcə tutmadığı oruc günlərini qəza etməlidir. Bax., “Səhih fiqhüs-Sünnə” 2/15.

İkinci rəy ondan ibarətdir ki, hamilə qadın sadəcə tutmadığı oruc günlərini qəza edir, südəmizdirən qadın isə qəza edir və tutmadığı hər oruc günü üçün bir kasıbı yedizdirir. Bu imam Malikin və bir çox şafiilərin rəylərindən biridir. Bax. “əl-Məcmu” 6/273.

İlk iki rəyin nə Quranda, nə də Sünnədə, nə də səhabələrdən hər hansı birinin sözündə əsası yoxdur. İmam Əbu Abdullah əl-Məruzzi demişdir: “Biz hər iki hökmün, kasıbı yedirtməyin və orucu qəza etməyi birləşdirməyin zəruriliyi barədə imam Mücahiddən başqa səhih rəvayət etmiş bir nəfər də tanımırıq.” Bax. “Əl-İstizkar” 3/364.

Üçüncü rəy ondan ibarətdir ki, hamilə və südəmizdirən qadınlar, kasıb yedirtmədən sadəcə tutmadıqları oruc günlərini qəza etməlidirlər. Bu Əbu Hənifə, əl-Əuzai, Süfyan əs-Səuri, Əbu Səura və Əbu Ubeydənin rəyidir. Bax. “Bidətül-müctəhid” 1/446. Həmçinin bu rəyə şeyx İbn Baz və İbn Useymin üstünlük veriblər.
Onların fikrincə, Allahın Şəriətində əsas – hər bir müsəlmanın oruc tutmaqla mükəlləf olmasıdır, bu isə həm hamilələrə, həm də südəmizdirən qadınlara aiddir, çünki onlar üçün heç bir istisna edilməyib. Bu səbəbdən, onlar da üzürlü şəriət səbəbilə orucunu tuta bilməmiş digərləri kimi, buraxdıqları günlərin qəzasını tutmalıdırlar.

Həmçinin onların dəlili aşağıdakı analogiyalardır:
Hədis: “Allah Azzə və Cəllə misafiri (səfərdə olanı) namazın yarısından və oruc tutmaq öhdəliyindən, hamilə və südverən anaları isə oruc tutmaq vəzifəsindən azad etmişdir”.Onlar bildirir ki, hamilə və südəmizdirən qadınların adı hədisdə səfərdə olanlarla birgə çəkilir, səfərdə olan isə tutmadığı günlərin qəzasını tutmaqla mükəlləfdir. Həmçinin, onlar hamilə və südəmizdirən qadınları xəstələrlə müqayisə edirlər, çünki xəstə insan özünə zərər gələcəyi qorxusu ilə oruc tutmur, lakin o da buraxdığı günlərin qəzasını tutmaqla mükəlləfdir.

Dördüncü rəy ondan ibarətdir ki, hamilə və südəmizdirən qadınlar nə buraxdıqları günlərin qəzasını tutmurlar, nə də kasıb yedizdirmirlər. Bu İbn Həzmin rəyidir və bu rəyə şeyx Həməd əl-Ənsari üstünlük verib. Bax. “əl-Mühəllə” 6/263, “Tuhfətu əs-sail ən saum əl-murdı vəl həmil” 138.
Onların rəyi bundan ibarətdir ki, Uca Allahın şəriətdində südəmizdirmə və hamiləlik səbəbilə oruc tutmamağa icazə var. Nə Quranda, nə də Sünnədə onların tutmadıqları oruc günlərini qəza etməklə mükəlləf olduqları barədə heç bir dəlil yoxdur. Uca Allah yalnız 5 sinif insanı orucun qəzasını tutmaqla mükəlləf edib: səfərdə olan, xəstə, özünü qəsdən qusduran, aybaşı və ya doğumsonrası qanaxması olan qadın. Bunları xatırladan İbn Həzm demişdir: “Heç bir insan Quran mətni və ya Sünnə ilə və ya yekdil rəylə (əl-icma) təsdiqlənməyən bir şeyi mükəlləf edə bilməz”. Daha sonra o bu ayəni oxumuşdur: “Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar” (Talaq, 1).

Beşinci rəy isə ondan ibarətdir ki, hamilə və südəmizdirən qadınlar oruc tutmadıqları halda, buraxdıqları hər günün əvəzində bir kasıbı yedizdirməlidirlər. Bu İbn Abbasın və İbn Ömərin rəyi olub, həmçinin bu məsələdə Səid ib Cübeyr, Katada, Qasim ibn Muhamməd, İshaq ibn Rahavayh, Sayd Səbik və əl-Əlbani onların ardınca gediblər. Bax. “əl-imam bi əhkəmis-sıyam” 300-301, “Səhih fiqhus-Sünnə” 2/125.

İbn Abbas ayənin şərhi barədə demişdir:“Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl Bəqərə, 184) – bu ayə oruc tutmaqla nəsx edilmişdir, daha sonra isə əlavə elədi: “Oruc tutmaq iqtidarında olmayan qoca kişi və qadınlar [1], həmçinin (uşaqlarına) zərər gələcəyindən qorxan hamilə və südəmizdirən qadınlara, tutmadıqları hər oruc günü üçün bir kasıbı yedizdirmək müəyyən edilmişdir”. əl-Beyhaki 4/230, İbn əl-Cərud 381. Səhihliyini imm ən-Nəvəvi, şeyx Əhməd Şakir və şeyx əl-Əlbani təsdiqləmişlər.

İbn Abbas həmçinin demişdir: “Əgər hamilə qadın özünə görə, südəmizdirən qadın isə uşağına görə qorxursa, onda onlar Ramazan ayının orucunu tərk edirlər və buraxdıqları hər oruc gününə görə bir kasıbı yedizdirirlər və orucun qəzasını tutmurlar”. ət-Təbəri 2578 və başqaları. İsnadın səhihliyini hafiz Əbdul-Bərr “əl-İstizkar” 3/364, İbn Həcər “əl-Matalibul-əliyə” 1/258 və şeyx əl-Əlbani “İruaul-qalil” 4/19 əsərlərində təsdiqləmişlər.

Həmçinin rəvayət olunur ki, İbn Abbas hamilə qadına demişdir: “Sən oruc tutmağa taqəti olmayanlar”-dansan, odur ki, sən kasıb yedirtməklə mükəlləfsən, qəza tutmaqla yox”. əl-Bazzar 1/365. İmam əd-Dərakutni və hafizİbn Həcər səhihliyini təsdiq etmişlər.
Həmçinin rəvayət olunur ki, bir dəfə hamilə həyat yoldaşının oruc tutmaqda çətinlik çəkdiyini görən İbn Ömər ona demişdir: “Orucu tərk elə, çünki sən onu tutmağa taqəti olmayanlardansan. Odur ki, tuta bilmədiyin hər gün üçün bir kasıbı yedirt və orucunu qəza eləmə”. Nəfi rəvayət edib ki, İbn Ömər eyni şeyi öz hamilə qızına da əmr edib. əd-Darakutni 2/207/10. İsnadın səhihliyini imaməd-Darakutni və şeyx əl-Əlbani təsdiq ediblər. Bax. “İruaul-qalil” 4/20.

Həmçinin, Səid ibn Cubeyr və Katada kimi məşhur ardıcıllar (tabiun) deyiblər: “Öz uşağına zərər gəlməsindən qorxan hamilə qadın oruc tutmur və öz uşağına zərər gələcəyindən qorxan südəmizdirən qadın oruc tutmur”. Onlar tutmadıqları hər oruc günü üçün bir kasıb yedirtməlidirlər və orucun qəzasını tutmaqla mükəlləf deyillər”. Əbdur-Rəzzaq 7555, 7556.

Nəticə: Gördüyümüz kimi, yuxarıda sadalanan 5 rəydən ən güclüsü və daha çox dəlil ilə əsaslandırılmış rəy beşinci rəydir: bu, hamilə və südəmizdirən qadınların orucun qəzasını tutmamaları, buraxdıqları hər oruc gününün əvəzinə bir yoxsulu yedirtmələridir. Bu rəy, aşağıdakı səbəblərdən ən güclü rəy hesab edilir:

Birincisi, bu, Peyğəmbər (sallalahu aleyhi və səlləmin), Quranın nazil olmasına şahidlik etmiş və onun mənasını hamıdan yaxşı bilən səhabələrinin rəyidir. Bu səhabələr arasında İbn Abbas da vardır. İbn Məsud onun haqqında belə demişdir: “Quranın ən yaxşı təfsirçisi – İbn Abbasdır!” ət-Təbəri 1/89. İsnadı səhihdir.
İkincisi, İbn Abbasın “müəyyən olunmuşdur” deməsi ona işarədir ki, bu onun şəxsi fikri və ya Quranı anlaması ilə bağlı deyil və o bunu Peyğəmbərin (sallalahu aleyhi və səlləm) Sünnəsindən bilirmiş. Çünki səhabələr dində heç bir şeyi müəyyən etmirdilər. Bax. “İruaul-qalil” 4/38.

Üçünücüsü, səhabələrdən hər hansı biri ayəni təfsir etməsi və o ayənin göndərilmə səbəbi və nəsxi barədə danışırsa, bu da həmçinin ona işarədir ki, bu şəriətin qanunudur, onun şəxsi fikri yox. Hədisşünaslıq elmində bu prinsip hamıya məlumdur. Bax. “Tədrib ər-raui” 1/192, “Ülumul-hədis” 1/24.

Dördüncüsü, hətta əgər bu rəy, yalnız İbn Ömər və İbn Abbasın rəylərinə əsaslanırsa, onların rəyi, ardınca getməyə ən layiq rəydir. Üstəlik, səhabələrdən heç olmasa birinin onların bu rəyinə zidd getdiyi barədə heç bir səhih rəvayət mövcud deyil və səhabələrin rəyinə qarşı Peyğəmbərdən (sallalahu aleyhi və səlləm) başqa hər hansı bir nəfərin rəyini zidd gətirmək icazəli deyil!

4 imam da daxil olmaqla, bütün əhli-Sünnə imamları hesab edir ki, əgər səhabələr arasında hər hansı bir məsələyə dair 2 rəy mövcuddursa, onlardan sonra kiminsə bu məsələdə 3-cü rəy irəli sürməsi icazəli deyil. Həmçinin, əgər səhabələr bir məsələdə yekdil rəyə malikdilərsə, onlara zidd olmaq icazəli deyildir. Bax. “ər-Risalə” 595, “əl-İhkam” 4/561, “əl-Usul” 1/318.
Bir dəfə Səid ibn əl-Musayyibədən [2] hansısa bir məsələ barədə soruşurlar və o deyir: “Bu məsələ barəsində Peyğəmbərin (sallalahu aleyhi və səlləm) səhabələri ixtilaf edirdilər, mənim rəyimin isə onların arasında yeri yoxdur!”. İbn Abdul Bərr “Camiul-bənil-ilm” 1423.

İmam Əbu Hənifə deyirdi: “Əgər mən Allahın Kitabına zidd olan bir şey desəm, mənim sözlərimi tərk edin və Allahın Kitabına müvafiq olun”. Ondan soruşdular: “Bəs əgər sözlərin Peyğəmbərin (sallalahu aleyhi və səlləm) sözlərinə zidd olarsa necə? O dedi: “Mənim sözlərimi tərk edin və Allahın Elçisinin (salllalahu aleyhi və səlləm) hədisinə əməl edin”. Ondan yenə soruşdular: “Bəs əgər sözlərin səhabələrin sözləri ilə ziddiyyət təşkil eləsə necə?”. O cavab verdi: “O zaman mənim sözlərimi tərk edin və səhabələrin söylədiklərinə əməl edin”. Bax. “əl-Mədhəl ilə Sunənil-kubra” 203-204, imam əl-Beyhaki və “Fəthul-Məcid” 241.
İbn Məsud demişdir: “Öz dinində insanlara kor-koranə təqlid etmə, lakin əgər etməli olsan, ölmüşlərə (yəni, səhabələrə) təqlid et, dirilərə yox!” əl-Xatıb 1/438, əl-Lələkai 131. İsnadı yaxşıdır.

Bəzi şübhələrin aydınlaşdırılması
Üçüncü rəyə və hamilə və südəmizdirən qadınların səfərdə olan və ya xəstə ilə müqayisəsinə dair analogiyaya cavab: birincisi, səfərdə olanların və xəstələrin tutmadıqları oruc günlərini qəza etmələrini Allah özü əmr edir: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır)” (Bəqərə, 185). Amma, südəmizdirən və hamilə qadınların öz orucunu qəza etməsi barədə nə Quranda, nə də Sünnədə heç bir dəlil yoxdur.

İkincisi, hədisdə hamilə və südəmizdirən qadınların digərləri ilə yanaşı adlarının çəkilməsi barədə dəlilə və buna əsasən oruclarını qəza etmələrinə dair analogiyaya gəldikdə isə, bu analogiyanın doğruluğu şübhə doğurur. Bu hədisdə hamilə və südəmizdirən qadınların adının səfərdə olanlarla yanaşı çəkilməsinin mənası budur ki, bu sinif insanlar oruc tutmaqdan azaddırlar. Lakin, əgər hətta bu hədisdə səfərdə olanla hamilə və südəmizdirən qadınlar arasında analogiya aparılsa, onda demək olar: axı səfərdə olan səfərdə ikən namazını qısaldaraq iki rükət qılır, lakin səfərdən qayıtdıqda qısaltdığı bu namazları qəza etməklə mükəlləf deyildir. Eynilə demək olar ki, bu hədisdə səfərdə olanın adının hamilə və ya südəmizdirən qadınla bərabər çəkilməsi onların hər ikisinin orucu qəza etmələrinə işarə etmir. Bax. “Əhkəmun-nisə” 37, “Səhih fqhus-Sünnə” 2/125.

Hamilə və südəmizdirən qadınların nə orucu qəza etməklə, nə də kasıb yedirtməklə mükəlləf olmadığına dair rəyə cavab budur ki, bu rəyi, səhabələrin mülahizələri olmadığı halda qəbul etmək olardı. Onların, hamilə və südəmizdirənlərin orucun qəzasını tutmayaraq kasıb yedirtmələri barədə mülahizələri sadəcə olaraq onların rəyi deyil və “mərfu” hökmündədir, yəni, birbaşa Peyğəmbərdən (sallalahu aleyhi və səlləm) rəvayət olunur.

Daha sonra, bəzi alimlər hesab edib ki, İbn Abbasın bu ayənin nəsx olunmadığı barədə fikri digər səhabələrin fikirləri ilə ziddiyyət təşkil edir: “Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (Bəqərə, 184).
Məsələ burasındadır ki, Uca Allah müsəlmanları oruc tutmaqla mükəlləf edəndə, O müsəlmanlara ya oruc tutmağa, ya da buraxdıqları hər oruc günü üçün bir kasıbı yedirtməyə icazə vermişdir: “Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (Bəqərə, 184).

Müsəlmanlar oruca adət etməmişdilər, odur ki, Mərhəmətli Allah qəti əmr vermək əvəzinə, Öz qullarına oruc tutmaq və kasıb yedirtmək arasında seçim vermişdir. Nəticə etibarilə, Allah, “Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir” (Bəqərə, 184) və “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar” deməklə oruc tutmaq iqtidarında olan hər bir kəsə orucu fərz olaraq əmr etdi (Bəqərə, 185). Bu barədə rəvayət, İbn Ömər və Zeyd ibn Əsləm də daxil olmaqla, bir çox səhabələrdən rəvayət olunan hədislərdə söylənir. Bax. “Sıfatus-saum ən-Nəbi” 82.

Lakin, məsələ burasındadır ki, xatırlatdığımız kimi, İbn Abbas bu ayənin nəsx olunmasından xəbərdar idi. O demişdir: “Kasıbı yedirtmək əmrinə gəldikdə isə, o, bu ayə ilə nəsx olunub: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185). “Lakin oruc tutmaq iqtidarında olmayan qoca kişi və qadınlar, həmçinin (uşaqlarına) zərər gələcəyindən qorxan hamilə və südəmizdirən qadınlara, tutmadıqları hər oruc günü üçün bir kasıbı yedizdirmək müəyyən edilmişdir”. əl-Beyhaki 4/230, İbn əl-Cərud 381. Səhihliyini imam ən-Nəvəvi, şeyx Əhməd Şakir və şeyx əl-Əlbani təsdiqləmişlər.

Beləliklə bizə aydın oldu ki, İbn Abbas kasıbın yedirdilməsinə dair ayənin nəsxi barədə səhabələrin fikrinə zidd getmirdi və görürük ki, digərləri kimi onun da bundan xəbəri var idi. Lakin, o, bu ayənin hansı sinif insanlara münasibətdə nəsx olunmadığını istisna olaraq qeyd edir.

Həmçinin bu, Muaz ibn Cəbəlin hədisi ilə qüvvətlənir: “Oruca gəldikdə isə, Allah Elçisi (sallalahu aleyhi və səlləm) Mədinəyə çatanda, hər ayın 3 günü və Aşura günü oruc tutardı. Sonra Allah onu Ramazan orucu tutmaqla mükəlləf elədi: “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz” (Bəqərə, 183).

Daha sonra Allah digər ayəni nazil etdi: “İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185). Və Allah orucu sağlam insan üçün sabitləşdirdi və xəstə və ya səfərdə olan üçün asanlaşdırdı. O həmçinin oruc tutmağa qadir olmayan qoca insan üçün kasıb yedirtməyi müəyyən elədi”. Əbu Davud 507, Əhməd 5/246. Hədis səhihdir. Bax. “İruaul-qalil” 4/20.

Biz görürük ki, Muaz da qoca insanı, ümumi oruc əmrindən istisna olaraq qeyd edir və oruc tutmaq iqtidarında olmayan qoca insanın oruc tutmayaraq, buraxdığı hər oruc günü üçün bir kasıbı yedirtməsi barədə alimlər arasında heç bir ixtilaf yoxdur. Bunu, hamilə və südəmizdirən qadınlara da aid etmək olar, çünki onların ümumi əmrdən istisna olduğunu İbn Abbas deyib. Həmçinin, bu ayənin nəsx edilməsi barədə rəvayət nəql olunan İbn Ömər deyir ki, hamilə və südəmizdirən qadınlar kasıb yedirtməli və orucun qəzasını tutmamalıdırlar.

Səhabələrin bu rəvayətlərinə əsaslanaraq görürük ki, kasıb yedirtmək barədə ayələr nəsx edilib, lakin oruc tutmaq iqtidarında olmayan qocalar, hamilə və südəmizdirən qadınlara münasibətdə nəsx edilməyib. Səhabələrdən bu ayənin nəsxi barədə nəql olunan rəvayətlər ümumi səciyyə daşıyır, qocalar, hamilə və südəmizdirən qadınlar barədə rəvayətlər isə konkretləşdirir və ümumi əmrdən istisna edirlər.

İmam əl-Qurtubi demişdir: “İbn Abbasdan səhih rəvayət olunur ki, bu ayə (kasıbın yedirdilməsi barədə) adı çəkilən insanlara münasibətdə (qocalar, hamilə və südəmizdirən qadınlar) nəsx edilməyib. Və bu ayənin nəsx edildiyi barədə birinci rəy də doğru rəydir. Lakin, burada söhbət istisnaya malik ayədən gedir”. Bax. “Təfsir əl-Qurtubi” 2/126.

Ümumi əmrdən bu cür istisnanı Sünnəyə əsaslanmadan heç bir səhabə edə bilməzdi və bu şəriətdə məşhur olan bir qaydadır. Bax. “əl-İləm” 1/135, “əl-Müəfəkət” 3/118. İbn Ömər və İbn Abbas özləri və digər səhabələr də bu ayənin nəsx olunduğunu bilə-bilə, əgər Sünnə hamilə və südəmizdirən qadınları qocalar kimi oruc tutmaqda çətinlik çəkənlər olaraq istisna etməmişdirsə, o zaman necə hamilə və südəmizdirən qadınlara: “Siz “Buna taqəti olmayanlardan”-sınız – (Bəqərə surəsi,184) ət-Təbəri, 2/125, əd-Dərəkutni 250 – deyə bilərdilər? Həmçinin bu məsələyə dair şübhələrdən biri, bu məsələ barədə səhabələr arasında ixtilaf olduğunu bəyan edən alimlərin sözüdür.

Bununla bərabər, onlar imam əl-Cəsəsin sözlərinə istinad edirlər. İmam əl-Cəsəs öz təfsirində demişdir: “Sələflər bu məsələdə üç rəyə ayrılıblar. Əli demişdir: “Hamilə və südəmizdirən qadınlar orucu qəza etməklə mükəlləfdirlər və kasıb yedizdirmələri lazım deyil”. İbn Abbas demişdir: “Onlar orucu qəza etməməli, kasıb yedizdirməlidirlər”. İbn Ömər demişdir: “Onlar həm kasıb yedirtməli, həm də orucun qəzasını tutmalıdırlar”. Lakin imam bu rəvayətlərin isnadını xatırlatmamışdır.

İsnadlı bir rəvayətdə nəql edilir ki, İbn Ömər hesab edirdi ki, hamilə və südəmizdirən qadınlar həm orucun qəzasını tutmalı, həm də kasıb yedirtməlidirlər, lakin bu rəvayətlər səhih deyil. Ondan nəql edilən səhih rəvayətdə bildirilir ki, hamilə və südəmizdirən qadınlar,tutmadıqları oruc günlərini qəza etməməli və hər gün üçün bir kasıb yedirtməlidirlər. Bax. “əl-İstizkar” 3/365.

Əlidən nəql edilən isnadlı rəvayətlər isə ümumiyyətlə yoxdur. Lakin, hətta Əlidən nəql edilən “Hamilə və südəmizdirən qadınlar orucu qəza etməklə mükəlləfdirlər və kasıb yedizdirmələri lazım deyil” rəvayəti səhih olsaydı belə, İbn Abbasdan nəql edilən və “mərfu” hökmündə olan rəvayətin yanında onun rəvayətinə üstünlük verilə bilməzdi! Əslində isə, İbn Qudamənin dediyi kimi, səhabələrdən hər hansı birinin bu məsələdə İbn Abbasa zidd getdiyini səhihliyi məlum deyil. Bax. “əl-Müğni” 3/21.

Həmçinin qeyd etmək lazımdır ki, əgər səhabənin sözləri və ya əməli onun ictihadının nəticəsi deyilsə və digər səhabələrdən hansınınsa ona etiraz etdiyi məlum deyilsə, bu, İslamda qəbul edilməsi vacib olan və icma sükuti adlanan dəlil sayılır! Bununla bağlı, əşarilər, mötəzililər, fəlsəfəçilər və bəzi hənəfilər kimi bu məsələdə həqiqətdən uzaqlaşmış cərəyanlar istisna olmaqla bütün ardıcıllar (tabiun) və imamlar yekdil rəyə malik olublar. Bax. “əl-İhkam” 4/120, “ət-Təhsıl” 2/319.

Məsələyə yekun vuraraq bir daha xatırlatmaq lazımdır ki, hamilə və südəmizdirən qadınların oruc tutması barədə səhabələrdən nəql olunan rəvayətlər “mərfu” hökmündədir. Və səhabələrdən nəql edilən və Quranı təfsir edən və ümumi əmrdən istisnalar çıxaran bu cür səhih rəvayətlərin, onların şəxsi rəyi olmadığı barədə mühəddis alimlər arasında ixtilaf yoxdur. Heç bir şübhə yoxdur ki, bu dəlillərə alimlərin analogiyaları və sözləri qarşı dura bilməz. Bu, mövcud olanlar arasında dəlillərlə ən əsaslandırılmış və ən doğru [3] rəydir.

Kasıbı nə ilə yedirtmək lazımdır?
Qocalar, hamilə və südəmizdirən qadınlar kasıb yedirdilməsi məsələsində eyni hökmü daşıyırlar. Onlar tutmadıqları hər oruc günü üçün bir kasıbı, təqribən 1,5 kq-a müvafiq olan yarım sa və ya bir mudd qida ilə yedirtməlidirlər. İbn Abbas demişdir: “Qoca insan oruc tuta bilməyəndə, o hər gün bir kasıbı bir mudd qida ilə yedirdir”, digər variantda isə deyilir: “Yarım sa buğda ilə yedirtməlidir”. əd- Dərəkutni, 1/249, imam əd-Dərəkutni və əl-Əlbani səhihliyini təsdiq ediblər. Bax. “İruaul-qalil” 4/48.

Malikdən rəvayət olunur ki, Nəfi İbn Ömərdən nəql etmişdir ki, öz uşağına zərər gələcəyindən qorxan hamilə qadının oruc tuması barədə suala o belə cavab vermişdir: “O oruc tutmamalı və buraxdığı hər oruc günü üçün bir kasıbı bir mudd buğda ilə yedirtməlidir”. əl-Beyhaki 4/230.İsnadı səhihdir.

Lakin, kasıbı, Ənəsin etdiyi kimi, hazır yeməklə də yedirtmək olar. Nəql edilir ki, “Ənəs ibn Malik, bir il oruc tutmağa taqəti olmadığı üçün, bir qab sərid (yeməyi) hazırlayıb, otuz kasıbı doyuzdurub”. əd-Dərəkutni 2/207. Şeyx əl-Əlbani isnadın səhihliyini təsdiq edib.

İmam əl-Buxari demişdir: “Əgər qoca insan oruc tutmaq iqtidarında deyilsə, o, qocaldıqdan sonra hər gün ət və çörəklə kasıb yedirən Ənəs kimi kasıb yedirtməlidir”. Bax. “Səhih əl-Buxari” 2/345.

Beləliklə, kasıblara istənilən yeməyi yedirmək və paylamaq olar. Həmçinin kəffarə olaraq eyni kasıbı həm bir gün, həm də daha çox gün yedirmək olar. Kasıbları yedirtməyi və ya yemək paylamağı həm Ramazan ayının əvvəli, həm ortası, həm də sonu etmək olar. Bax. “Fətəva İbn Baz” 15/203.

Lakin, əgər insanın kasıb yedirtmək üçün imkanı yoxdursa, o zaman bu öhdəlik onun üzərindən qalxır. İmam İbn Qudamə demişdir: “Əgər qoca kişi və ya qadının kasıb yedirtməyə imkanı yoxdursa, onlar heç nə etmirlər, çünki “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər” (Bəqərə, 286). Bax. “əl-Müğni” 4/396.

Bu həmçinin, tutmadıqları oruc günləri üçün kasıb yedirtmək imkanı olmayan hamilə və südəmizdirən qadınlara da aiddir.

Kasıblara yemək əvəzinə pul vermək icazəli deyildir!
Bu, zəkət əl-Fitr kimi, məhz ərzaqla ödənilməli olan bir hökmdür. Şeyx Salih əl-Fauzan deyib: “Kasıbı, həmin ərazidə istifadə olunan yarım sa qida ilə yedirtmək lazımdır, yarım sa isə – təqribən 1,5 kq-dır. Kasıba pul ödəmək yox, məhz qida ilə yedirtmək lazımdır, çünki Uca Allah buyurmuşdur: “Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər” (əl-Bəqərə, 184). Quran mətni məhz qidanı əmr edir!”. Bax. “əl-Fətəv əl-Fauzan” 3/140.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

________________________________________
[1] Bu, həmçinin sağalmağa ümidi olmayan xəstələrə də aiddir. İmam İbn Qudamə demişdir: “Sağalmağa ümidi olmayan xəstə oruc tutmur vəburaxdığı hər oruc günü üçün bir kasıb yedirdir və bu məsələdə o qoca insana bərabər tutulur”. Bax. “əl-Müğni” 4/396.
[2] Səid ibn əl-Müsayib Mədinədə yaşayan ən elmli ardıcıllardan (tabiun) sayılır. O, hicri təqvimi ilə təqribən 90-cı ildə vəfat edib. İmam İbn əl-Mədini onun haqqında deyirdi: “Mən ardıcıllar (tabiinlər) arasında ondan elmlisini tanımıram”. Bax., “ət-Təhzib” 2396.
[3] Bu rəyin hikmətli olmasının nümunəsi: təsəvvür edin ki, bir hamilə qadın oruc tuta bilmir, doğuşdan sonra isə körpəsini südlə əmizdirir və bu səbəblə bir ay da oruc tutmur. Daha sonra o yenə hamilə qalır və yenə körpəsini südlə əmizdirir. Beləliklə, onun üzərində 120 gün oruc qəzası olur. O bu qəzaları nə zaman tutub qurtaracaq!? Və bu mövcud olan nümunə yox, gerçəklikdir. Uca Allah buyurub: bu “…dində də sizin üçün heç bir çətinlik yaratmadı” (əl-Həcc, 78).
[4] İsnad: Malik Nəfidən, Nəfi İbn Ömərdən – İbn Ömərdən nəql edilən ən qısa və səhih isnad sayılır. İmam əl-Buxari demişdir: “Ən səhih isnad – Malikin Nəfidən İbn Ömərdən olan isnadıdır”. Bax. “Müqəddimə İbn Səlləh” 1/62.

1 Comment

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.