4610

Baxmayaraq ki, müasir elm süd əmizdirməyin təkcə uşaq üçün yox, qadının özü üçün də  böyük faydası olduğunu təsdiq edir, tez – tez ana və analığa namizəd qadınlar tökülən saç və dişlər, kökələn bədən, pozulan əsəb sistemi və s. kimi müxtəlif “əfsanə”lərlə üzləşirlər. Hər “əfsanə”nin bir rüşeymi olduğu kimi, bu yalnış təsəvvürlərin də öz müəllifləri mövcuddur.

Əmizdirməyin qorxulu təsirləri haqqında yayılan “əfsanə”lərin kökündə əksər hallarda övladına  tam şəkildə süd verə bilməyən qadın faktoru dayanır. “Yuxusuzluqdan əsəb sisteminin kritik həddə çatması”, “onurğa sütununun deformasiyası”, “tökülən diş və saçlar”, “pozulan bədən forması” və s. bu kimi iddialar bir növ binadakı nöqsanların günahını keyfiyyətsiz tikinti məhsullarının və səhlənkar işçilərin boynuna atan memarın bəhanələrini xatırladır. Odur ki, əmizdir­mək fikrindən daşındırılan hər bir ana ilk növbədə ona bu “nəsihəti” verənin heç olmazsa, bir övladına tam şəkildə süd verib – vermədiyini dəqiqləşdirməli, habelə müxalifinin öz nöqteyi – nəzərini əsas­lan­dır­dığı elmi nəşrlərlə maraq­lanmalıdır.

Əmizdirməklə bağlı yanlış təsəvvürlərin meydana çıxmasının ikinci səbəbi elmi savadsızlıqdır. Baxmayaraq ki, artıq 20-ci əsrin ikinci yarısından etibarən günümüzədək bir çox inkişaf etmiş ölkə­lərdə ana südünün tərkibinin araşdırılması, əmizdirməyin təbliği ilə əlaqədar ciddi çalışmalar aparılır, xüsusən keçmiş Sovet ölkələri də daxil olmaqla, bir sıra dövlətlərdə obyektiv və subyektiv səbəblərdən bu araşdırmalar tədris olunmur. Nəticədə isə ana südü ilə əlaqədar düzgün olmayan məlumatların meydana çıxması üçün zəmin yaranır.

“Əfsanə”lərin kökündə duran digər səbəb isə nə qədər gül­məli səslənsə də, süd əmizdirməyin maldarlıq təcrübəsi ilə eyniləşdirilməsidir. Məsələn, “inək acı ot yediyi üçün südü acı­dır”, “çox sağılmaqdan inəyimiz bir dəri, bir sümük qalıb”, “Alagöz inəyin südü yağlı, Sarı inəyin südü yağsızdır” və s. kimi əsrlər boyu keçmiş həyatdan xalqın yaddaşına həkk olunmuş anlayışlar qadının süd əmizdirməyinə də şamil olunmağa başlamışdır.

“Əfsanə” müəlliflərindən biri də radikal feminizmin təbliğ etdiyi dəyər meyarlarıdır. Qadınların kişilərlə bütün sahələrdə eyni, hətta üstün olduğunu dəstəkləyərək evdar xanım, çoxuşaqlı ana kimi statusların alçaldıcı olduğunu aşılayan bu cərəyanın körpəyə sevginin ilk təzahürünün süd verməkdən başladığına inanan qadın obrazını da hədəfə alması heç də təəccüblü deyil.

“Əfsanə”lərin sonuncu mənbəyi isə insan kütlələrinin bilərəkdən düzgün məlumatlandırılmamasıdır ki, bunun da kökündə əksər hallarda süni qida məhsulları sənayesindən əldə edilən külli miqdarda mənfəət durur. Məsələn, “bizim bitki çayımızı içmədən övladınızı problemsiz əmizdirmək qeyri-mümkündür”, “südünüz azalanda filan süni qida ilə övladınızı xəstəliklərdən qoruyun” və s. kimi reklam şüarları sətiraltı şəkildə əmizdirməyin problemli, məşəqqətli  bir iş olduğunu təlqin edir.

Həqiqətdə isə ananın övladını əmizdirməsi yuxa­rıdakı bölmələrdə müxtəsər şəkildə məlumat  veril­diyi kimi uşaqdan əlavə, həm də qadının özü üçün olduqca faydalı bir prosesdir.

Həqiqətdə isə ananın övladını əmizdirməsi yuxa­rıdakı bölmələrdə müxtəsər şəkildə məlumat  veril­diyi kimi uşaqdan əlavə, həm də qadının özü üçün olduqca faydalı bir prosesdir. Belə ki:

– Əmizdirən qadınlarda doğuş sonrası bərpa prosesi daha tez və yüksək tempdə həyata keçir. Bunun səbəbi isə uşağın döş əmməsi nəticəsində orqanizmdə istehsal olunan oksitosin hormonudur. Bu hormonun çoxalması ilə uşaqlıq qısalır, nifas prosesi vasitəsilə bətndə hamiləlikdən qalan plasenta, qan laxtaları və s. kimi hissələr daha tez kənarlaşır. Ona görə körpə dünyaya gəldikdən sonra ilk yarım saat müddətində əmizdirmə­yə başlamaq olduqca  mühümdür. Əmizdirən qadın­­da uşaqlıq artıq birinci ayın sonunda özü­nün hamiləlikdən əvvəlki vəziyyətini al­mış olur.   Dünya Səhiyyə Təşkilatı özünün “uğurlu əmizdir­mək üçün on addım” adlı sənədində bu müddəanı xüsusilə qeyd etmişdir.

– Əmizdirmək döş xərçəngi üçün profilaktik tədbirdir. Süd istehsalından məsul olan proklatin hormon xərçəng toxumalarının azalmasına gəti­rib çıxarır. Təcrübələr göstərmişdir ki, övladını heç olmasa, 3 ay əmizdirən qadınlarda döş xərçənginə tutulma riski 50%, uşaqlıq xərçənginə tutulma riski isə 25% azalır.

– Əmizdirmək mastopatiyanın qarşısını alır. Belə ki sahələ­rində mütəxəssis olan əksər həkim – mamoloqlar mastopatiyadan profilaktik tədbir kimi 2 il müddətində əmizdirməyi məslə­hət görürlər.

– Əmizdirmək şəkər xəstəliyi olan qadınlarda insulinə olan tələbatı azaldır. ABŞ – ın elmi təhqi­qat kompaniyası “Kayzer” araşdırmalar nəticəsin­də bu qənaətə gəlmişdir. 20 il ərzində aparılan təcrübələr əmizdirməyin şəkər xəstəliyi ilə əlaqədar problemləri olan qadınlarda təhlükənin 44-78%-ə qədər azaldığını göstərmişdir. Xüsusən, bu baxımdan uzun müddətli əmizdirmə prosesi daha aktualdır.

– Əmizdirmək yaşlı qadınlarda əmələ gələn osteoporoz riskini hər tam əmizdirilən körpə ilə 25% azaldır.

– Möhkəmlənmiş təsəvvürlərin əksinə olaraq əmizdirmək qadının normal çəkisini bərpa etməyə kömək edir. Uca Allahın yaratdığı mükəmməl sistem nəticəsində artıq hamiləlik  dövründə gələcək ananın orqanizmi yağ toxumaları toplayır ki, doğuşdan sonra qadının normal qidalana bilməməsi ehtimalına qarşı körpəni əmizdirmək üçün zəruri maddələrin təminatını sığortalamış olsun. Gündəlik enerji məsrəfindən əlavə süd verən qadın sutka ərzində 600 kolori sərf edir. Əmizdirmə prosesi saat rejiminə əsasən yox, uşağın çağırışına görə, habelə gecə dövrə­sində də 15 dəqiqədən uzun yerinə yetirilirsə,  orqanizm süd istehsalı üçün bədəndən daha qidalı material sərf etmiş olur. Beləliklə də, artıq bir ildən sonra qadın hamiləlikdən əvvəlki çəkisinə qayıdır. Lakin hormonal problemləri olan, yaxud südün yağlılığını, qidalılığını artırdığını düşünərək “iki nəfərin əvəzinə” yeyən qadınlarda bu proses bir ildən daha uzun müd­dətə gedə bilər. İstənilən halda involyusiya prosesi yetişdikdə, artıq çəkidən xilas olmaq olduqca asanlaşır.

– Ana südü ilə bağlı aparılan müasir araşdır­ma­lar əmizdirən qadınlarda kalsiumun orqanizm tərəfindən daha yaxşı mənimsənildiyini göstərir. Buna baxmayaraq nəyə görə bir çox qadınlarda süd verməklə bağlı stereotiplərin içərisində diş və saç tökülməsi problemləri durur? İlk növbədə bilmək lazımdır ki, hamiləlik və doğuş nəticəsində qısa müddət ərzində qadın orqanizmi sürətlə bir sıra hormonal mərhələdən keçərək dəyi­şir və normal fonun bərpa olunması əmizdi­rib əmizdirməməyindən asılı olaraq fərdi şəkildə hər qadında 1 – 2  il vaxt alır. Təəccüblü deyil ki, uşaq baxımı ilə əlaqədar aktiv həyat tempinə keçid, yorğunluq, yuxusuzluq və düzgün qidalanmamaq nəticəsində mineral maddələrin çatışmamazlığı da buraya əlavə  olunduqda, bütün bunlar öz təsirini ən həssas olan nöqtədə – saç və dişlər də daxil olmaqla, sümük toxumalarında biruzə verir. Baş verən bu prosesin uğurla getməsini dəstəkləmək üçün gənc ana tərkibi kalsiumla zəngin qidalara üstünlük verməlidir. Məhz bu nöqtədə  həmin kalsiumun orqanizm tərəfindən mənimsənilmə faizi əmizdirən qadınlarda əmizdirməyən qadınlardan dəfələrlə yüksək olması faktı diqqətəlayiqdir.

– Əmizdirmək doğuş sonrası ruh düşkünlüyü­nə qarşı profilaktik tədbirdir. Əmizdirən qadında endofrinin də daxil olduğu böyuk miqdarda neyropetid hormonları mövcuddur ki, bu da gənc anada hər növ çətinliyə sinə gərmək üçün stimul yaradır. Nəticədə o, mətanətlə problemləri həll edir, övladının, ailəsinin, özünün qayğısına qalır, yorğunluq halına əhəmiyyət vermir və emosional baxımdan təmin olunur. Əmizdirmə­yən qadınlarda isə əksər hallarda doğuş sonrası ruh düşkünlüyünün kəskinləşməsi səbəbi ilə həm daxili, həm də ətrafdakı insanlarla münasibətdə ziddiyyətlər meydana çıxır.

– Əmizdirmək stresə qarşı yüksək mübarizə qüvvəsi yaradır. Orqanizm bu effektə iki hormonun sayəsində nail olur:

Proklatin hormonu – bu hormon həm də güclü trankvilizator olub, sanki anaya “özünü ələ al, sakitləş, hər şey yaxşı olacaq” siqnalı ötürür;

Oksitosin hormonu – bu isə qadına diqqətini yalnız övladına cəmləməyə, məişət səviy­yəsindəki kiçik problemlərə məhəl qoymamağa kömək edir. Beləliklə də, məhz əmizdirmə döv­rün­də qadında müəyyən dəyər meyarları kəskin formalaşa­raq prioritet hala gəlir və artıq o, həyata yeni daxili resurslar da əlavə edərək başqa əqidə ilə baxmağa başlayır. Necə deyərlər, müdrikləşir. Bu da problemlərin həllində ona yardım edir, stressdən uzaqlaşdırır.

– Əmizdirmək körpədən əlavə ananın da immunitetini möhkəmləndirir. Bu da süd vermə müddətində qadın metobolizminin yüksək iş tempi ilə əlaqədardır. İntensiv mübadilə prossesi orqanizmdən zərərli maddələrin atılmasını, dəri və sümük toxumalarının bərpasını sürətləndirir, habelə burun-boğaz sisteminin selikli qişasını infeksiyalara qarşı daha az həssas edir. Lakin ananın xəstələndiyi hallarda belə, möhkəmlənmiş təsəvvürlərin əleyhinə olaraq bunun bilavasitə südün keyfiyyət və miqdarına təsiri olmur. Dərman qəbulunda isə bir qədər diqqətli olmaq, Sünnədə varid olan alternativ təbabətdən, yaxud ana südü ilə uyğunluq təşkil edən preparatlardan istifadə etmək, kəskin yoluxucu xəstəliklər zamanı sağlamlıq bərpa edilənədək bilavasitə əmizdirmək dayandırılsa da, südün sağılaraq şüşədən verilməsinə riayət etmək lazımdır.

– Əmizdirmək reproduktiv sistemin istirahət etməsinə  kömək edir, bu da qadın orqanizminin doğuş sonrası bərpası üçün əhəmiyyətlidir. Körpə süd əmdikcə ananın orqanizmində südün həcmi­nin artırılmasından məsul olan proklatin hormonu istehsal olunur. Bu hormon ovulyasiya və mayalanmanı həyata keçirən estrogen və progesteron hormonların əmələ gəlmə sürətini zəiflədir və beləliklə, növbəti hamiləliyin qarşısı alınmış olur. Lakin bu zaman əmizdirmə prosesində bir neçə məsələyə fikir vermək gərəkdir:

1) Saat rejimi ilə yox, körpənin tələbat və çağırışlarına əsa­sən əmizdir­­mək. Bu baxımdan xüsusən proklatinin səviyyəsinin yüksəldiyi gecə müddətində süd vermək olduqca aktualdır. Sözügedən prosesi asanlaşdırmaq üçün isə körpə ana ilə eyni, yaxud bitişik yataqlarda yatmalı, ilk çağırışda əmizdirilməlidir.

2) Uşağa su şüşəsi, əmzik və s. kimi alternativ oral  obyektlər təklif olunmamalıdır.

3) Körpəyə əlavə qida ən az 6 ayından etibarən, dişləri çıx­dıq­­dan sonra tədricən, kiçik hissələrlə verilməlidir.

Araşdırmalar göstərmişdir ki, bütün bu şərtlərə riayət edərək əmizdirən qadınların 95%- də növbəti ovulyasiya orta hesabla 13-16 aydan sonra bərpa olunmuşdur.

– Əmizdirmək pulsuz başa gəldiyindən ailə büdcəsinə ziyan vurmur.

– Əmizdirmək qadının övladı ilə emosional tellərlə bağlanmasına səbəb olur. Nəticədə körpə hələ südəmər vaxtından ehtiyacı olan anlarda onun çağırışlarına hay verən anasına eti­­bar etməyi öyrənir. Bu da uşağın növbəti inkişaf mərhələ­lərində, xüsusən yetkinlik yaşında anaya onun tərbiyəsi ilə bağlı məsələləri asanlaşdıran faktorlardandır.

Müəllif: Həcər Abbasova

Mənbə: “İlahi nemət-ana südü” kitabı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.