2840

Əmizdirmə həm körpəniz, həm də sizin üçün yaxşıdır. O körpəniz üçün ən yaxşı qidadır və onu bir çox xəstəliklərdən qorunmasına səbəbdir. Amerika Ailə Həkimləri Akademiyası, digər həkimlər və ictimai səhiyyə qrupları ilə birgə, həyatlarının ilk 6 aylarında körpələri yalnız ana südü ilə qidalandırmağı və onlara ən az bir yaşa qədər süd əmizdirməyi tövsiyyə edirlər. Siz işə çıxmazdan əvvəl, əmizdirmə planı hazırlaya bilərsiniz. Bu plan sizə körpənizi əmizdirməyinizə mane olan problemlərin öhdəsindən gəlməyə kömək edəcəkdir.

Rəhbərlik və iş yoldaşlarınız
Siz analıq məzuniyyətinə çıxmazdan və ya körpəniz doğulduqdan sonra işə çıxmazdan əvvəl, rəhbərliklə və iş yoldaşlarınızla, əmizdirmə planınız barədə danışın.

Əgər mümkündürsə, çalışın ki, körpəniz heç olmasa gün ərzində onu bir dəfə əmizdirəcək qədər sizə yaxın olsun. Ola bilsin ki, iş yerinizdə uşaqların qayğısına qalınan müəyyən məkan olsun və ya tutduğunuz dayə (və ya ona qayğı göstərən hər hansı başqa insan) körpənizi əmizdirmək üçün onu bir və ya bir neçə dəfə sizin yanınıza gətirə bilər. Əgər körpənizin yaxınlıqda olması mümkün deyilsə, siz südsağma rejimi tərtib etməlisiniz. Bunun üçün, aşağıdakı suallara cavab verməlisiniz:

  • Nə zaman süd sağa bilərsiniz?
  • Südü harada sağa bilərsiniz, sağacağınız məkanda elektrik şəbəkəsi və təkliyə çəkilmə imkanı varmı?
  • Neçə dəfə süd sağa bilərsiniz?
  • Süd sağmaq üçün iş rejiminizə hansı dəyişikliklər edilə bilər?

Təkliyə çəkilə biləcəyiniz istənilən yer “südsağma otağı” ola bilər. Bu məkanda stul və elektrik şəbəkəsi olmalıdır. Südü sağdıqdan sonra, təmizliyiniz üçün əlüzyuyanın da olması yaxşı olardı. Südünüzü saxlamaq üçün soyuducunun da sizə böyük köməyi dəyə bilər.
Əgər siz işdə süd sağa bilmirsinizsə, uşağınızı nə vaxt görsəniz, o zaman onu əmizdirin. Əgər sağdığınız süd kifayət olmasa, dayə körənizə süni uşaq qidası verə bilər.

Əgər südünüzü sağmasanız, döşləriniz buna uyğunlaşacaq və iş günü ərzində süd ifraz etməyəcəkdir. İlk günlər, döşləriniz çox dola və südünüz sıza bilər. Süd sızmasının qarşısını almaq üçün, pambıq hopdurucu bezlərdən istifadə edə bilərsiniz. Qollarınızı döşünüzün üstündə sıx çarpazlamaq, südün sızmasının qarşısını ala bilər. Əgər döşlərinizdə çox narahatlıq hiss edirsinizsə, ayaqyoluna gedə, əlinizlə və ya südsağanla yüngülləşənə qədər süd sağa bilərsiniz.

İş rejiminiz
İşə qayıtmaq sizin üçün stresli ola bilər. İş rejiminizi nisbətən stresdən uzaq etmək üçün neyləyə biləcəyiniz barədə düşünün. Aşağıda sizə bir neçə məsləhət təklif olunur:

  • Ən uzunmüddətli analıq məzuniyyətinizi götürün. Bu, işə qayıtmazdan əvvəl süd ehtiyatınızın güclənməsinə imkan verəcəkdir.
  • İşə qayıtdığınız ilk bir-iki həftəni yarım iş günü çalışın.
  • İşə çərşənbə günü və ya cümə axşamı günü qayıdın ki, işə çıxacağınız ilk həftə qısa olsun.
  • İşə qayıtdıqda, əmizdirmə üçün lazımi bütün tədbirləri gördüyünüzü dəqiqləşdirmək üçün cədvəl tutun.

Əmizdirən ananın hüquqları haqqında ətraflı burada oxuyun.

Süd sağmaq
Əgər siz döşlərinizi sağacaqsınızsa, işə qayıtmazdan 1-2 həftə əvvəl evdə məşq edin. Körpəniz döş yeyəndən dərhal sonra və ya qidalanmalar arasında da məşq edə bilərsiniz.
İlk süd sağdığınız zaman, çox süd çıxmaya bilər. Bir neçə gün müntəzəm şəkildə süd sağdıqdan sonra, döşləriniz daha çox süd ifraz etməyə başlayacaqdır.

Evdə məşq eləmək, süd sağmağı öyrənməyinizə kömək edəcəkdir. Bu zaman ərzində, siz həmçinin işə qayıtdıqdan sonra körpənizi qidalandırmaq üçün süd yığa və saxlaya bilərsiniz.
Məşqlər etməklə və yaxşı südsağanla, siz döşlərinizi 10-15 dəqiqə sağa bilərsiniz. İşdə olduqda, körpənizin yediyi vaxt tezliyində süd sağmağa çalışın. Süd ehtiyatınızı qorumaq üçün, körpənizlə birlikdə olduqda, onu əlavə süd ilə əmizdirin.

Südün saxlanılması
Siz südü gündəlik miqdarlarda saxlaya bilərsiniz. Ana südü, ağzı kip bağlanan plastik və ya şüşə qabda saxlana bilər. Yadda saxlayın ki, körpəniz inkişaf sıçrayışları zamanı daha çox süd istəyəcəkdir. İnkişaf sıçrayışları zamanı süd ehtiyatınızı artırmağın ən yaxşı yolu, daha tez-tez süd əmizdirmək və ya süd sağmaqdır.

Sağılmış ana südü, mümkün qədər tez bir şəkildə soyuducuda və ya digər bir sərinləşdirici vasitədə saxlanmalıdır. Südü dondurmaq da olar.
Donmuş südün hissələrə ayrılması normaldır (südün yağlı hissəsi yuxarı qalxır). Şüşəni çalxalayın və yağ südə qarışacaqdır. Şüşəni isti suyun içində ehmalca fırlada-fırlada donmuş südü əridin və ya şüşəni, südü istifadə etməzdən bir gün əvvəl dondurucudan çıxarıb soyuducuya yerləşdirin. Donmuş ana südünü mikrodalğalı sobada əritməyin.

İşə qayıtdıqda sizə lazım olanlar

  • Südsağan, ehtiyac varsa, enerji yükləyici cihaz. Əgər batareyalarla işləyən südsağan istifadə edəcəksinizsə, əlavə batareyalar.
  • Əgər işdə südü saxlamaq üçün soyuducu yoxdursa, kiçik sərinləşdirici və sərinləşdirici üçün buz. Əgər sərinləşdiricini evdə unutsanız, yadda saxlayın ki, ana südü otaq temperaturunda 4-8 saat saxlanıla bilər.
  • Gün ərzində sağacağınız süd ehtiyatını saxlamaq üçün kifayət qədər süd konteynerləri.
  • Südünüz axdığı təqdirdə geyə biləcəyiniz əlavə köynək, sviter və ya pencək. Naxışlı paltar geyinmək daha məqsədəuyğundur. Naxışlı geyimdə, sızmış süd ləkəsi daha çətin nəzərə çarpır.
  •  “Yaxası asan açılan” geyim. Sizin geyiminiz öndən açıla bilməlidir. 
  •  İnsanlar olan yerdə süd sağmalı olsanız, üstünüzü örtmək üçün şal və ya kiçik örtük.
  •  Bir şüşə su və qidalandırıcı yüngül qəlyanaltılar. Südəmizdirən ananın kalori ehtiyacı daha böyükdür.
  • Südünüzü sağan zaman dirsəklənmək üçün yastıq. Bu, südü daha rahat sağmağınızı təmin edə bilər.
  • Giriş-çıxışlı otaqda oturursunuzsa, “Narahat etməyin” asqısı.

Əlavə olaraq:
Sevdiyiniz bir kitab və ya jurnal. Əgər sakit halda olsanız, südünüz daha asan çıxacaq (“süd ifrazı” refleksi) və siz döşlərinizi daha yaxşı sağacaqsınız.
Körpənizin şəkli və ya onun iyi çökmüş geyimlərindən biri. Körpəniz barədə fikirləşmək, “süd ifrazı” refleksini stimulyasiya edə bilər.

Körpənizə əmzikli şüşədə süd vermək
Əgər siz körpənizə südü əmzikli şüşədə çox erkən versəniz, o südü döşdən yaxşı əmməyə bilər. Bu problemi, “gilələrin çaşdırılması” adlandırırlar. Odur ki, ən yaxşı körpəniz 4-6 həftəsinə çatana və süd əmməyi yaxşı öyrənənə qədər əmzikli şüşələrdən və əmziklərdən çəkinin.

Əmizdirən ananın evdən kənarda işləməsi
Siz işə qayıtmazdan əvvəl ailənizlə ev işlərində əlavə köməyə ehtiyacınız olduğu barədə danışın. Evdə bəzi işlər digərləri tərəfindən görülərsə, sizin istirahətə vaxtınız olacaqdır. Körpəniz böyüdükcə, siz daha çox yata biləcəksiniz və rejiminiz daha müntəzəm olacaqdır.

Əmizdirmə barədə suallara cavablar
Əmizdirmə barədə həkiminzlə danışın və ya işləyə-işləyə süd əmizdirən rəfiqəniz və ya ailə üzvünüzdən maraqlanın. Əmizdirmə məsləhətçisi xidmətindən istifadə edin. Onlar sizə əmizdirməni başa vurmadan işə çıxmağın sxemini tərtib etməkdə dəstək olacaqlar. 


İnternet saytlarında, yerli əmizdirməyə dəstək qrupları da əmizdirmə barədə yaxşı məlumat mənbəyidir.
Bu məlumatlar Amerika Ailə Həkimləri Akademiyasına məxsusdur. Bu məlumatı onlayn oxuyan şəxs, materialın bir surətini çap edə və bu surəti şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilər.

Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.aafp.org

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.