8717

Öz istəyinizlə körpəni süddən kəsmək istəməyiniz, onun öz təbii süddən kəsilmə istəyindən asılı olaraq, uşağınız üçün çətin bir keçid ola bilər.

Əgər siz körpəni fəal şəkildə süddən kəsirsinizsə, onunla təklikdə çoxlu vaxt keçirin, onu çoxlu qucaqlayın, çoxlu öpün və sığallayın. Körpəsini süddən kəsən bir çox analar qorxur ki, bu davranışları körpənin yenidən süd əmmək istəməsinə gətirib çıxara bilər. Lakin əksinə, süd əmmənin azalması ilə əlaqədar azalan fiziki təmasın əvəzinə körpənizin buna ehtiyacı var. Onu yırğalayın və yanında uzanın, belini massaj edin, sığallayın və s. Onu qucağınızda saxlayın və ona, süd əmdiyi zamanlardakı qədər diqqət ayırın. Birlikdə oturun və ya uzanın. Ona baxın, onunla söhbət edin. Birlikdə nəsə edin. Onunla birlikdə olanda televizora baxmayın, telefonla danışmayın və ya başqa bir şey etməyə cəhd göstərməyin. Bəzən, körpələrə ayrılmış cüzi vaxt da kifayət edir, lakin heç olmasa gün ərzində bir dəfə ona uzunmüddətli vaxt ayırın. Körpəyə hər yolla göstərməyə çalışın ki, hələ də ona yaxın olmaq istəyirsiniz. Bacardığınız bütün yollarla, əmizdirmənin qarşıladığı ehtiyaclarını qarşılayın. Əgər körpə süd əmməkdə israr edirsə, etiraz etməyin.

Körpəni süddən sürətlə kəsirsiniz?
Körpənizdə stresin əlamətlərinə diqqət yetirin; o sizə süddən kəsilmənin sürətli gedib-getmədiyini bildirəcəkdir. Süddən kəsilmənin çox sürətlə getdiyini göstərən bəzi əlamətlər var:

  • yeni meydana gəlmiş və ya çoxalmış ayrılıq qorxusu
  • ağlamasının çoxalması, sızıldaması, sizə yapışması və ya pis əhval-ruhiyyədə olması
  • gecə oyanmalarının qəfil çoxalması
  • əvvəllər heç etmədiyi təqdirdə sizi dişləməsi
  • yumşaq oyuncağa, hər hansı bir oyuncağa və ya yorğana qarşı yeni meydana gəlmiş və ya çoxalmış bağlılıq
  • yeni meydana gəlmiş, barmaq və ya əmziyi əmmək istəməsi
  • qarınağrısı, qəbzlik, qusma, yeməkdən imtina
  • yeni meydana gəlmiş və ya çoxalmış uzaqlaşma, kənarlaşma istəyi

Doktor Villiam Sirs öz kitablarından birində, uşaqların müəyyən davranışlarından bəhs edir; məsələn, kənarlaşma, aqressiya, hədsiz sızıldama, əhval-ruhiyyəsinin tez-tez dəyişməsi və s. hamısı vaxtından əvvəl süddən kəsmənin “bəlaları” ola bilər. O həmçinin, hazırlıq vəziyyətini göstərən “yetişmiş” süddən kəsilmə dövrü barədə söhbət açır. Süddən kəsilmə, körpənin anadan ayrılması yox, daha çox onun “başqa münasibətlərə keçmək üçün tam doymuş və tam uyğun” olduğu vəziyyət deməkdir. Doktor Sirsin fikrinə görə, körpəni vaxtından əvvəl süddən kəsmək, onun özünə olan inamını itirməsi və etibar hissinin qırılmasına səbəb ola bilər. O inanır ki, bu davranışların çoxu, süddən vaxtından əvvəl kəsilmə ilə əlaqəli ola bilər. Yəni bu,uşaq tam hazır olmadan, onu müstəqilliyə doğru itələmək deməkdir.

Süddən kəsilməyə hazırlıq, bir inkişaf mərhələsəidir və bəzi uşaqlar bu mərhələyə digərlərindən əvvəl çatır. Əgər süddən kəsilmənin körpəniz üçün və ya sizin üçün çox sürətli getdiyini düşünürsünüzsə, onda prosesi ləngitmək və ya hətta bir balaca geri qaytarmaq lazımdır. Siz bütün əmizdirmə sessiyalarına yenidən qayıtmaq məcburiyyətində deyilsiniz. Lakin əgər istəsəniz, körpənizin ən çox ehtiyacı olduğunu düşündüyünüz əmizdirmələri qaytarın. Və ya, ona ümumiyyətlə süd təklif etməyin, lakin onun ümidsizliyə düşəcəyi məqama çatdıracaq qədər etiraz da etməyin. Vəziyyətə görə hərəkət edin və körpənizin ehtiyaclarını anlamağa çalışın.
Əgər uşağınız süddən kəsilmədə çətinlik çəkirsə, bunun üçün vaxt ən yaxşı vasitədir. Bəlkə də, bir balaca gözləsəniz, körpəniz bu mərhələ üçün daha hazır olacaq və bütün proses daha asanlaşacaqdır. Çox güman ki, sadəcə indi düzgün zaman deyil.

Körpə süddən kəsilmə zamanı xəstələnərsə?
Südəmən uşaqlar üçün xəstə olduqları zaman daha çox əmmək istəmələri çox normaldır. Xəstəlik zamanı imtina etdikləri digər qidalardan qəbul etdikləri maye və qidalandırıcı maddələri əmizdirmə təmin edir. Südəmizdirmə həmçinin körpəniz özünü pis hiss etdikdə, onu sakitləşdirir.
Uşaq xəstə olan zaman, onu süddən kəsməyə və ya süddən kəsməyə davam etməyə analara məsləhət görmürük. Uşağın özünü yaxşı hiss etdiyi vaxt onu süddən kəsmək, ona çox pis təsir edir. Xüsusilə, əgər o buna hazır deyilsə. Uşaq xəstə olan və özünü fərqli hiss elədiyi zaman onu süddən kəsmək isə ona lap çox pis təsir edə bilər.
Əgər, uşağınız süddən kəsilmə zamanı xəstələnibsə, o özünü yaxşı hiss edənə qədər ona istədiyi qədər süd əmməyə icazə verməyi ciddi nəzərə alın. Davamlı, məhdudlaşmayan əmizdirmə çox güman ki, sağalma prosesini sürətləndirəcəkdir. Ümumiyyətlə, düzünü desək, xəstə körpəni sakitləşdirməyin əmizdirmədən yaxşı yolu yoxdur. O sağalandan sonra, onu süddən kəsmək üçün daha düşünülmüş yanaşmalar barədə fikirləşə bilərsiniz.

Süddən kəsilmə zamanı körpəyə nə qədər əlavə süd lazımdır?
Əgər körpəniz 9-10 aydan böyükdürsə və hələ də müntəzəm şəkildə süd əmirsə (gündə ən az bir neçə dəfə) və bərk qidalara marağı artırsa, onun hər hansı əlavə südə (süni uşaq qidası, inək südü, soya südü, düyü südü və ya digər qidalardan alınan ekvivalent qidalandırıcı maddələrə) tələbatı yoxdur.
Əlavə südün yerinə, siz ona, su və ya su ilə qarışdırılmış şirə (gün ərzində 90-120 ml-dən çox olmamaq şərtilə) və saxladığınız sağılmış süd təklif edə bilərsiniz.

Süd məhsulları sənayesi bizi inandırıb ki, əgər biz inək südü içməsək, rasionumuzda nələrsə çatışmayacaqdır! İnək südü sadəcə kalsium və digər qidalandırıcı maddələrin münasib mənbəyidir – lakin, bu tələbat deyil. Dünyanın müxtəlif yerlərində, inək südü içməyən və inək südündə olan kalsium, zülallar, yağlar, vitamin D və s. maddələri kifayət qədər alan insanlar var. Uşağın rasionuna daxil edilmiş ifrat miqdarda inək südü körpədə dəmir çatımşmamazlığı anemiyası riski artırar və digər qidalara olan istəyini azalda bilər.

12 ayında (və ya uşağınızdan asılı olaraq daha gec) süd uşağınızın rasionunun daha az hissəsinə çevrilir. Əgər sizin uşağınız adi südü içməkdən imtina edir və artıq müntəzəm şəkildə süd əmmirsə, sizə ona bunun əvəzində qatıq, pendir və evdə hazırlanan kəmşirin dondurma təklif edə bilərsiniz. Həmçinin, siz müxtəlif məhsullara – fəsəliyə, vafliyə, tosta, qayqanağa, əzilmiş kartofa və digər bişmiş ərzaqlara süd əlavə edə bilərsiniz. Bu ərəfədə körpənizə yaxşı bişmiş yumurta sarısı, yaşıl tərəvəz və göyərtilər təklif etməyiniz də məsləhətdir.

Müəllif: KellyBonyata
Mənbə: www.kellymom.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.