7682

Son zamanlar, döşlərindən birində az süd olduğundan şikayət edən analarla tez-tez rast gəlinir. “Kiçik” döşdə problem, körpə onu əmərkən narahatlıq keçirdikdə və ya hələ doğum evində ikən o döşü götürməkdən imtina etdikdə yaranmağa başlayır. Bəzən elə olur ki, döşün ölçüsünün kiçilməsi, gilənin zədələnməsi ilə üst-üstə düşür. İstənilən halda, ana “problemli döşü” körpəyə daha az verir və ölçüdə mövcud olan fərqi daha da böyüdür.
Döşün asimmetriyası hər bir qadında, hətta ən ideal döşə malik qadında da baş verə bilər. Əsas odur ki, bu problemi “öz əllərinizlə” həll edə biləcəyinizi anlayasınız.

Bu assimteriyanın səbəbi nədir və nə etmək olar?
Praktikada 65%-dən çox qadının lap əvvəldən süd vəzilərinin cüzi asimmetriyası olur və bu hər bir insanın bədəninin sol və sağ hissələrinin assimetriyası ilə əlaqədardır. Bu, xüsusilə, siz ayaqqabı mağazasında ayaqqabı alarkən gözə çarpır. Süd vəzlərinin daha əhəmiyyətli dərəcədə disproporsiyasına nadir hallarda rast gəlinir və adətən süd vəzi toxumasının anadangəlmə hipoplaziyası ilə əlaqədar olur. Bu cür döş, artıq hamiləlik zamanı böyümür, lakin müəyyən miqdarda süd ifraz edə bilir.

Əmizdirmə zamanı döşlərin fərqlənməsinin əsas səbəbi odur ki, onlar bərabər şəkildə boşaldılmır. Belə ki, bir döşə çox süd gəlməsi daha çox, bir döşə isə daha az siqnal göndərilir.

Bu, aşağıdakı səbəblərdən baş verə bilər:

  • Körpəni döşlərdən birinə düzgün qoymadıqda;
  • Südü qeyri-bərabər miqdarda sağdıqda (əgər ana döşünü əli ilə sağırsa);
  • Rahatlıq baxımından bir döşə üstünlük verdikdə, məsələn, körpəni slinqdə daim bir döş tərəfdə gəzdirdikdə;
  • Gecə körpəni yalnız bir döşlə əmizdirdikdə;
  • Süd durğunluğunu spirt və ya kamfora kompressləri ilə müalicə etdikdə; (bu kompresslər sayəsində nəinki süd durğunluğundan qurtulmaq, hətta laktasiyadan da məhrum olmaq olar).

Bəzən, kiçik döşü daha çox “işlətməklə” döşlərin ölçüsünü bərabərləşdirmək çox da çətin olmur. Daha konkret desək, aşağıdakı üsulları sınamaq olar:
1. Əmizdirməyə həmişə kiçik döşdən başlamaq, körpə kürlük etməyə başladıqda böyük döşə keçmək və daha sonra yenə kiçik döşə qayıtmaq.
2. Bütün qısamüddətli əmizdirmələrdə (yuxuqabağı yox) körpəyə kiçik döşü vermək. Lakin, əgər böyük döşün növbəsi çatıbsa və siz döşünüzdə dolğunluq hiss edirsinizsə, körpəniz mütləq o döşlə əmizdirin (lakin qısa müddətə).
3. Əgər körpə ayıq ikən kiçik döşü əmməkdən imtina edirsə, onun yatmasını gözləyin və yelləyə-yelləyə kiçik döşü verin. Döş, məhz uzunmüddətli əmmə zamanı yaxşı boşalır.
4. Əgər döş giləniz zədəlidirsə, döşünüzə “yazığınız gəlmək” əvəzinə, körpəyə – yaxşı olar ki, əmizdirmə məsləhətçisinin nəzarəti altında – döşü düzgün tutmağı öyrədin.

Bütün bunların nəticəsində, kiçik döşünüz həmişə boş olmalı və körpə fəal şəkildə onu süd ifraz etməsi üçün stimulyasiya etməlidir. Bu zaman böyük döş daha az işləyir və onda süd nisbətən az olur.

Xüsusi hallarda, körpə döşü düzgün tutmursa və ya laktasiya, dərman preparatları vasitəsilə dayandırılıbsa, əmizdirmə məsləhətçisinin köməyi zəruridir. O sizə problemlərinizi sıra ilə həll etmək üçün sxem təklif edəcəkdir.

Laktasiyanın məcburi şəkildə dayandırılması və ya vəzi toxumasının hipoplaziyası hallarında, səyləriniz heç bir nəticə verməyə bilər. İstənilən halda, bilin ki, körpəni bir döşlə də əmizdirmək olar, o zaman, uzunmüddətli əmizdirmədən sonra, çox güman ki, döşünüz hamiləlikdən əvvəlki şəklini alacaqdır.

Döşün asimmetriyasının profilaktikası üçün gün ərzində körpəni növbə ilə əmizdirməyi və bir döşün 1,5-2 saat ərzində “növbədə” olduğunu unutmamağı tövsiyyə edirəm. Həmçinin diqqət yetirin ki, körpə döşü düzgün tutsun və gecə hər əmizdirmə zamanı döşü dəyişin.

Döşün cərrahi yolla korreksiyasına ehtiyac varmı?
Əgər siz mammoplastika elətdirmək niyyətindəsinizsə, gələcəkdə körpənizi əmizdirmək barədə həkiminizlə mütləq məsləhətləşin. Plastik cərrahiyyə, döşə müxtəlif yollarla müdaxilə edir. Əməliyyat zamanı həkim, daha çox vəz toxuması saxlamaq və süd kanallarını zədələməmək üçün, implantların yerləşdirilməsinə maksimal dərəcədə diqqət yetirməlidir.

Çünki, məsələn elə olur ki, cərrahiyyə əməliyyatı zamanı döşün giləsi (məməcik) kəsilir və başqa yerə keçirilir və süd sinuslarının çıxma imkanının qarşısı alınır. Yaxşı olar ki, kəsiklər, gilə nayihəsində yox, döşün kökündə edilsin.
Odur ki, əməliyyat barədə qərar verməzdən əvvəl, əməliyyatın əmizdirməyə təsiri barədə həkimlə mütləq məsləhətləşin.

Təbii ki, hamiləlik və südəmizdirmə zamanı heç bir həkim sizi əməliyyata götürməyəcəkdir. Lakin, körpəni döşdən ayırmağa da tələsməyin – yoxsa həm öz orqanizminizə, həm də körpənizə böyük zərər vurmuş olarsınız.
Körpəni süddən ayırdıqdan sonra (yarım ilə qədər), bir müddət ərzində, korreksiya üçün qəti göstərişlər olmadığı halda, sadəcə estetik məqsədlərlə cərrahiyyə əməliyyatına girməyi də məsləhət görülmür.

Müəllif: Natalya Razaxatskaya
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.am-am.info

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.