8866

Dovşan dodaq (yarıq dodaq)-üst dodağın bir yaxud iki tərəfində yarıq olmasıdır. Deformasiya daha çox dodağın sol tərəfində rast gəlir. Qurd ağızda (yarıq damaq) sərt və/və ya yumuşaq damağın orta qismində ara (dəlik) var və beləliklə ağız və burun boşluğu arasında anormal bir əlaqə yaranır.*

Dovşan dodaq və ya qurd ağız, əmizdirməni çətinləşdirən problemlərdir. Lakin, buna baxmayaraq, dovşan dodaqla doğulmuş uşaqlar hətta əməliyyat olunmadan da döşü yaxşı əmir. Qurd ağız isə, südəmizdirmə üçün daha böyük maneələr yaradır.

Dovşan dodaqlı uşağın döşü yaxşı tutması üçün köməyə ehtiyacı var. Bəzi analar, körpənin dodağında əmələ gəlmiş boşluğu doldurmaq üçün baş barmaqlarını körpənin dodağına tuturlar. Bəzi analarda isə, döş o boşluğu təbii şəkildə doldurur. Doğuşdan sonra ilk günlər yumuşaq, nisbətən boş döşdə çoxlu məşq etmək, körpənizə döşünüzə süd gələnə qədər onu tutmağa və əmməyə kömək edəcəkdir.

Dovşan dodaq əməliyyatı adətən körpə hələ balaca ikən və bütövlükdə südlə qidalandığı zaman həyata keçirilir. Körpənizi əməliyyatdan əvvəl və sonrakı vaxtlarda südlə əmizdirmək istəyinizi həkimə bildirin. Amerika Anestezioloqlar Assosiasiyasının göstərişlərinə əsasən, körpələr ümumi anesteziyadan 4 saat əvvələ qədər süd əmə bilərlər və bir çox cərrahlar körpənin dodaq əməliyyatından ayılar-ayılmaz südlə əmizdirilməsinə icazə verirlər. Körpələrin dovşan dodaq əməliyyatından dərhal sonra əmizdirilməsi ideyası son zamanlar geniş şəkildə qəbul edilib və tibbi jurnallarda bu mövzuda məqalələr çap edilibdir. Buna baxmayaraq, bəzi həkimlər öz ənənəvi prosedurlarını dəyişməyə həvəs göstərməyə bilərlər, odur ki, əgər lazım olarsa, ikinci bir həkimdən məsləhət almağa hazır olun.

İllinoisli Tammi Şou oğlu Piteri dovşan dodaq əməliyyatından dərhal sonra əmizdirmək üçün həkimi razı salıbdır. O yazır: “Həyat yoldaşım və mən Doktor Consona südəmizdirmə barədə məlumatları göstərdik. O əməliyyatdan sonra oğlumu əmizdirməyimə həvəslə razılaşdı. O mənim Piteri dərhal əmizdirmək istəyimi başa düşdü. Məni əmin elədi ki, əgər əmizdirmə zamanı hansısa tikişlər açılsa, onları cəld şəkildə dəyişdirməyin Piterə heç bir zərəri toxunmayacaqdır. O razılaşdı ki, Piter özünü rahat hiss eləməlidir. Əməliyyatdan sonra, Doktor Conson gəlib Piterin xoşbəxt bir şəkildə əmdiyini görəndə, dedi ki, onun əməliyyatdan sonra sakit olduğunu və ağlamadığını görmək çox xoşdur”.

Massaçusetsli digər bir ana, Valeri Houks-Houat körpəsini dovşan dodaq əməliyyatından sonra dərhal əmizdirməyə razılıq verəcək həkim tapmaq üçün xeyli cəhd göstərməli olub: “Villi əməliyyatdan gətiriləndə, onun parlaq gözləri mənə baxırdı və o yuxulu halda mənə gülümsədi. Mən xeyli yüngülləşdim və ağladım. Üst dodağının üstündə cəmi 3 zolaq var idi. Tibb bacısı onu qucağıma almağa və ayağındakı venadaxili kateterə toxunmadan dizimin üstündə yerləşdirməyə kömək etdi. Mən onu qucaqladım və sinəmə sıxdım, dərhal onu əmizdirdim. O böyük məmnuniyyətlə süd əmməyə davam elədi, heç bir narahatçılıq əlaməti göstərmədi. Fikir verdim ki, onun üst dodağı döşümə rahat şəkildə oturub və heç bir gərginlik yoxdur. Tikiş yerlərinin ətrafında heç bir şişmə və ya göyərmə yox idi”.

Qurd ağız, effektiv əmizdirmə üçün çoxsaylı maneələr törədir. Əmizdirmənin mümkün olub-olmayacağı, damaqdakı boşluğun ölçüsü və yerləşməsindən asılıdır. Qurd ağıza malik bir çox körpələr, döşü ağızlarında tutmaq üçün kifayət qədər əmmə qabiliyyətinə malik olmurlar. Süd döşdən körpənin burun boşluğuna tökülərək onun boğulmasına səbəb ola bilər. Bu qidalandırma problemləri təkcə əmizdirməyə aid deyil. Qurd ağızlı körpəni əmzikli şüşədən qidalandırmaq da vaxt və səbr tələb edir.

Müxtəlif pozaları və texnikaları təcrübədən keçirmək, sizə qurd ağızlı körpənizin süd əmməsinin mümkün olub-olmadığını müəyyən etməyə kömək edəcəkdir. Körpənizin qayğısına qalan tibb mütəxəssislərindən əlavə, sertifikatlaşdırılmış əmizdirmə məsləhətçisindən də kömək istəyə bilərsiniz. Bəzi körpələr, ağıza yerləşdirilən və damağı örtən damaq bağlayıcı cihazla effektiv şəkildə əmirlər.

Körpənizin zəif əmməsi ilə əlaqədar olaraq, siz süd təminatını davam etdirmək üçün, elektrik südsağan cihazdan istifadə eləməlisiniz. Sağdığınız süd körpəyə əlavə verilə bilər. Körpəniz südü bir başa döşdən əmə bilməsə də, südünüzü sağaraq ona verməyiniz, onu ana südünün mühüm qidalandırıcı və immunoloji xassələri ilə təmin edəcəkdir.
___________________
*hekim.az

Mənbə: La Leche Leauge International, “The Womanly Art of Brastfeeding”, Seventh Revised Edtion
Tərcümə: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.