2062

Əkizləri yalnız ana südü ilə əmizdirmək mümkündürmü? Əlbəttə! Əkizlər əmizdirmiş analar, əkizləri əmizdirməyin həzzinin iki körpəni sevməklə ikiqat artdığını bildirirlər. Süd azlığı isə qətiyyən problem deyil. Həm tək, həm də əkiz körpələr üçün qayda birdir – nə qədər çox əmizdirsən, süd bir o qədər çox olar.

Li Müller adlı xanım dünyaya hərəsi 8 funt çəkiyə malik əkiz körpə gətirmişdir. Lakin buna baxmayaraq, o nə süni qidaya, nə də vaxtından əvvəl bərk qidaya keçməyi ağlına belə gətirməmişdir. Əkizlər bəzən azçəkili doğulduqları üçün, onları südlə əmizdirmək, tək uşaqları əmizdirməkdən daha çox lazım gəlir.

Əkizlər çox vaxt vaxtından əvvəl doğulur və nəticə etibarilə xəstəxanada, reanimasiya şöbəsində daha çox vaxt keçirməli olurlar. Südünüz onlara sağlam böyüməyə səbəb olcaqdır. Əgər lap ilk gündən hər iki körpəni əmizdirə bilməsəniz, onları südlə təmin etmək üçün elektrik südsağan cihazdan istifadə edin.

Əkiz körpə dünyaya gətirəcəyiniz gündən başlayaraq, ev işlərinizi minimuma endirin. Körpələriniz bütün körpələr kimi diqqətə layiqdir və yorğun ana çətin ki, onlara bu diqqəti göstərə bilsin. Heç olmasa ilk aylarda sizə kömək edə biləcək bir nəfərin olması yaxşıdır. Ev işlərinin bir hissəsini həyat yoldaşınıza və ya qohumlarınıza, yaxın rəfiqələrinizə həvalə edə bilərsiz. Əgər büdcəniz imkan verirsə, köməkçi tutmaq da olar. Siz boş vaxtlarınıza paltar yumalı deyilsiniz, dincəlib istirahət eləməlisiniz.
Körpələri bir yerdə, yoxsa ayrılıqda əmizdirmək sizin həyat tərzinizdən asılıdır.

La Leche League lideri Karoln Conson öz metodunu belə təsvir edir:
“Vaxt az olanda mən yellənən kürsüyə əyləşib Cilli Cudinin qucağına qoyurdum. Qalan vaxtlarda onları ayrı-ayrılıqda əmizdirmək çox asan idi. Mən onlardan birini digərindən 1 saat yarım əvvəl oyadırdım ki, birlikdə əmizdirməli olmayım. Əlbəttə ki, elə edirdim ki, bəzən onlardan birini, bəzən isə digərini birinci əmizdirim.

Əgər onlardan biri bir döşlə doymurdusa, mən o birini təklif edirdim. Sonra o biri körpəni, birincinin son əmdiyi döşə qoyurdum. Adətən axırıncə əmizdirdiyim, birinci ac olaraq dururdu. Bəzən onlar 1,5-2 saatdan bir süd əmmək istəyirdilər. Bu isə südümün artmasına və onları tamamilə südlə təmin etməyə səbəb olurdu. Adətən 2 gün belə davam edirdi, daha sonra onlar yenə az südlə qane olurdular.

Mən çalışırdım ki, əkizləri ən az 3 saatdan bir əmizdirim və lazım gəlsə onları oyadırdım. Gecə saata baxmırdım, onları beşikdə və ya uşaq arabasında çarpayımın yanına qoyurdum və onlardan biri acan kimi dərhal götürüb əmizdirirdim və o biri oyanana qədər yanıma qoyurdum. Bu mənim üçün mükəmməl bir əmizdirmə sistemi idi, çünki yuxumu ala bilirdim. Həm də onlar bütünlüklə yaş olmadıqca, mən onların altını gecə boyu dəyişdirmirdim. Onların dərisi bundan heç vaxt qızarmırdı və bu vəziyyət onları narahat etmirdi”.

Mənbə: La Leche League International, “The Womanly Art of Breastfeeding”, Seventh Revised Edition
Tərcümə: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.