11700

Süd yarası “candida” və ya candida albicans adlanan göbələkkimilər nəslindən olan mikroorqanizmlər tərəfindən törədilən funqal yəni göbələk mənşəli infeksiyadır. Bu orqanizmlər nəm və istini sevir və sağlam dəri, ağız boşluğu, bağırsaq və vaginanın sakinləridir. Müəyyən şəraitdə onlar qıcıqlanaraq artar və ağrı, qaşınma kimi əlamətlərlə özünü göstərən candida infeksiyasının inkişafına səbəb olurlar. Nəticədə döşün gilə və ya areola nahiyəsində süd yarası yaradırlar. Süd yarası olan ana həm südvermə zamanı həm də ara fasilələrdə ağrı hiss edə bilər. Əgər körpənin ağız boşluğunda infeksiya varsa, bu əmmə zamanı onu narahat edən iltihab şəklində özünü göstərir.

Qadınlar süd yarası ağrısını şiddətli hətta əzabverici ağrı şəklində təsvir edirlər. Onlar əmizdirməkdən qorxur, baxmayaraq ki, bunu ürəkdən istəyirlər. Müvafiq kömək və dəstək almayan analar təslim olaraq əmizdirməni dayandırırlar.

Körpədə süd yarasının aşağıdakı əlamətlərindən bir və ya bir neçəsi müşahidə edilə bilər:

  • Yanağın daxili səthində, ya dil üzərində, yaxud da damaqlarda ağ ərpə bənzəyən yaralar. Bu həmin nahiyələrdə süd qalığı görünüşü verir. Silən zaman qanaya bilir və qırmızı iltihabi zonalar əmələ gəlir.
  • Körpənizin ağız boşluğu narahat və ya ağrılı olduğundan onu qidalanması çətinləşir, həmçinin ara fasilələrdə körpəni qıcıqlandırır və kürlük müşahidə edilir.

Anada süd yarasının aşağıdakı əlamətlərdən iki və daha çoxunun olması, xüsusilə də dərinin parlaq və şişkin olması süd yarası diaqnozunu təsdiqləyir:

  • Gilədə yandırıcı ağrı.
  • Gilə və ya areola nahiyəsində dərinin şişkin olması.
  • Gilə və ya areolada dərinin sanki parıldaması.
  • Areola ətrafında döyünən ağrıların olması.

Süd yarası həmçinin gilədə əvvəlki sağalmış yaralarla da əlaqəli ola bilər. Gilədəki süd yarasının ən əsas əlamətləri gilənin qaşınması və yandırıcı ağrılar ilə özünü göstərir. Gilə və areola solğun görünür, ağrı həm əzmizdirmə zamanı, həm də ara fasilələrdə özünü biruzə verir. Əsasən hər iki döşdə rast gəlinir, hətta əvvəlcə birində başlasa belə. Ağrı süd yarası infeksiyasının həm yeganə əlaməti olmaqla yanaşı, həm də başqa səbəblərlə əlaqəli ola bilər. Ona görə də digər səbəblər araşdırılıb istisna olunmalıdır.

Süd yarası aşağıdakı hallarda daha çox rast gəlinir:

  • Ananın digər bədən üzvlərində-məsələn,vaginada bu kimi infeksiyanın olması.
  • Ailənin digər üzvlərində kandida infeksiyasının olması.
  • Ana və ya körpənin antibiotiklər və ya kortikosteroidlərlə müalicəsi, ananın kontraseptiv tabletlər qəbul etməsi.

Süd yarası həmçinin qeyd olunan hallarla da əlaqəli ola bilir:

  • Körpənin həyatının ilk iki həftəsində əmzikli şüşənin istifadəsi
  • Diabet
  • Əmzik istifadəsi
  • Anemiya

Müvafiq müalicə ilə bu problemin öhdəsindən gələrək əmizdirməyə rahat şəkildə davam etmək mümkündür. Süd yarası infeksiyası təmas yolu ilə asan yayıldığına görə müalicəsində bu dördlü yanaşma əsas götürülməlidir.

  • Gigiyena
  • Pəhriz
  • Qida əlavələri və bərpaedici müalicə
  • Dərmanlar

Gigiyena

Əllərin yuyulması- bütün ailə üzvləri tualetdən, eyni zaman da körpənin bezini dəyişdikdən sonra əlləri yumalıdır. Körpənin də əllərini yuyulmalıdır. Hər ailə üzvü və ya ən azı ana və körpə üçün əl-üz və bədən dəsmalı ayrılmalıdır. Dəsmallar 60 C dərəcədə yuyulmalıdır. Kağız salfetlərindən də istifadə edilə bilər.

Giləni mümkün qədər quru saxlamaq gərəkdir. Döş bezlərindən istifadə etmək məsləhət deyil, lakin əgər istifadəsi dayandırılmırsa o zaman birdəfəlik olanlardan istifadə edilməli, tez-tez dəyişdirilməli və istifasindən dərhal sonra atılmalıdır. Çoxistifadəli döş bezləri isə yüksək temperaturda yuyularaq istifadə edilməlidir. Döş ilə təmasda olan hər bir əşya və ya geyim növü istifadədən  sonra yüksək temperaturda yuyulmalıdır.

Hər gün təmiz pambıq büstqalter geyilməli və bütün paltarlar ən azı 50 C temperaturda yuyulması gərəkdir. İnfeksiyaya uğramış paltarlar günəşli havada və ya isti şəraitdə qurudulmalı, ütülənməlidir. Çünki, günəş şüaları və ütü infeksiya törədicilərini məhv edir. Həmçinin süd yarası infeksiyası turş mühitə davamlı deyil. Bu səbəbdən 120-140 ml ağ distillə sirkəni (0,5-1 fincan) vannaya və ya paltaryuyan maşına son yaxalama ərzində əlavə etmək olar.

Müntəzəm şəkildə infeksiya törədicilərinin ola biləcəyi səthləri: oyuncaqlar, südsağan avadanlıq, əmzikli şüşə, əmzik-sterilizasiya edilməlidir. Əmzik və südsağıcı avadanlıq 20 dəqiqə müddətinə qaynadıla bilər. Diş fırçası və bəzi kosmetik vasitələrini yenisi ilə əvəz etmək gərək olacaqdır.

Pəhriz

Hər hansı infeksiya ilə mübarizə zamanı balanslı qidalanmaq və kifayət qədər maye qəbul etmək lazımdır. Şəkər və digər rafinəolunmuş karbohidratlardan uzaq durmaq gərəkdir.

Süd yarası səbəbilə körpəyə süni qida vermək məsləhət deyil. Tədqiqatlar göstərir ki,əmzikli şüşə  ilə qidalanan uşaqlarda süd yarası daha çox rast gəlinir. Göbələklər ana südündə də inkişaf edə bilir. Lakin ana südündə onların inkişafının qarşısını alan maddələr mövcuddur. Həmçinin süni qidaların tərkibinə əlavə olunmuş dəmir göbələklərin inkişafına təkan verir.

Südü sağıb saxlamaqdan da yayınmaq gərəkdir. Əgər anada və ya körpədə süd yarası varsa, südü dondurmaqla göbələkləri məhv etmək olmayacaqdır və bu körpənin yenidən yoluxmasına gətirib çıxara biləcəkdir.

Qida əlavələri və bərpaedici müalicə.

Süd yarası çox vaxt yorğun və stresli analarda rast gəlinir. Şirin və rafinəolunmuş qidalar vitamin və mikroelementlərdən kasaddır. Ona görə də vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir. Özbaşına müalicə ilə məşğul olmaq məsləhət deyil. Yuxarıda sadalanan simptomlar ana və ya körpədə müşahidə edilərsə, dərhal həkim ilə əlaqə saxlanılmalı və ana-bala kompleks müalicəsinə həkim nəzarəti altında başlanılmalıdır.

Gilədə olan qaşınmanı götürmək üçün:

  • 5-10 ml (1-2 ç.q.) distillə ağ sirkəni 160 ml suda həll edərək gündə 4 dəfə giləni silmək gərəkdir.
  • 5 ml(1 çay qaşığı) natrium hidroharbonatı (soda) 240 ml(1 stəkan) suda həll edib bir ya iki dəfə giləni silmək olar.

Müxtəlif bitki tərkibli məhsulların eləcə də yağların özbaşına istifadəsi körpə müəyyən təhlükələr yarada bilər.

Qida əlavələrindən istifadə:

  • Lactobacillus acidophilus tabletləri əlamətlər bitənə qədər 2 həftə ərzində qablaşmada qeyd edilən dozalanmaya riayət edilərək tükənilməlidir.
  • Qreypfrut toxumu ekstraktı gündəlik 250 mq və ya 150 ml suya 15 damcı olmaqla gündə 2-5 dəfə daxilə istifadə etmək olar.
  • B vitaminləri gündəlik 100 mg qəbul edilə bilər.

Müalicə müddətində əmizdirməni davam etdirilməlidir, lakin dözülməz ağrılar müşahidə edilərsə, həkim məsləhəti ilə ağrıkəsici preparatları qəbul etmək olar. Həkiminiz ehtiyac olduqda əlavə preparatlar təyin edə bilər.

Hazırladı: Elvira Mahmud

Mənbə: laleche.org.uk

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.