3725

Razılaşın ki, lazer epilyasiyası bütün qadınlar üçün əlçatan olandan xanımların həyatına az qala paltaryuyan maşının ixtirasından sonrakı qədər rahatlıq gəldi. ⠀


Amma nədənsə, hansısa səbəblərlə əmizdirən anaları həyatın bu cür rahat tərzindən uzaqlaşdırmaq istəyən qüvvələr var: ”Onu yemə, bunu yemə, belə yatma, elə oturma, uşağı belə etmə elə et, belə geyindirmə elə geyindir, nəhayət belə əmizdirmə elə əmizdir, saçını boyama, kəsmə, günəşə çıxma” və s. kimi iradlar və çərçivələr qoyanlar azmış kimi, “əmizdirdiyin dövrdə lazer epilyasiyası etmə” məsləhəti verənlər də bol oldu.⠀

Əziz və dəyərli əmizdirən analar! Analıq yoluna başlayandan həyatın müəyyən dəyişikliklərinə baş vurdunuz. Nəyisə bacardınız, nəyisə hələ bacarmağı öyrənirsiniz. Ana olmaq kimi məsuliyyətli və şərəfli həyatınızı lazer epilyasiyasından imtina ilə çətinləşdirməyə əsas yoxdur.⠀


Əmizdirmə məsləhətçisi kimi öz fokusumdan və araşdırmalarımdan deyim ki, lazer epilyasiyanın ana və ya uşaq üçün hər hansı bir təhlükə yaratmağı haqda heç bir elmi araşdırma və ya müşahidə mövcud deyil. Lakin buna baxmayaraq, bəzi gözəllik mərkəzləri bu proseduru əmizdirən analar üzərində etməkdən boyun qaçırırlar. Bu halda nə etməli?⠀

✔️Ana südünə dostcasına yanaşan epilyasiya ustası tapmaq⠀
✔️Epilyasiya ustasına əmizdirən ana olduğunuzu demək⠀
✔️Sizə uyğun aşağı lazer işığı dozası təyin etməyi xahiş etmək⠀
✔️Hamiləlikdə hiperpiqmentasiya olduğunuz halda dermatoloqla məsləhət saatı təyin edib onunla lazer məsələsini müzakirə etmək.⠀

Əgər müasir texnologiyanın səbəbilə hər hansı bir işimizi asanlaşırsa, vəziyyəti qəlizləşdirib, daş dövrünə xas metodlara qayıtmağa ehtiyac yoxdur. Əmizdirən ana da qadındır, sadəcə əmizdirən və daha çox qayğı, anlayışa ehtiyacı olan qadın…⠀

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.