576

2019-cu ildə bütün Böyük Britaniya kral ailəsində yenicə dünyaya göz açmış körpənin sevincini yaşanarkən, həmin körpəni dünyaya gətirən Megan Markle-ın jurnalist Tom Bradby ilə müsahibəsi zamanı kövrəlməyi dünya ictimaiyyətində müzakirələr dalğası yaratmışdır. Səbəb isə jurnalistin ondan ana olduqdan sonra özünü necə hiss etdiyini soruşması idi. Kral ailə üzvü olmasına baxmayaraq, Megan ana olmağın böyük bir mücadilə olduğunu dilə gətirmişdir. Həmçinin jurnalistə təşəkkür etmişdir ki, körpə ilə deyil, məhz ana olaraq onun rifahı ilə maraqlandı: “Çox sağ olun ki, necə olduğumu soruşursunuz, çünki çox az adam mənim yaxşı olub-olmadığımla maraqlanır.”

Göründüyü kimi ana olmaq ümümiyyətlə yüngül iş deyil, istər kral, istər adi vətəndaş ailəsində… Hər bir ananın özünəməxsus çətinlikləri, sınaqları və narahatlıqları mövcuddur. Digər tərəfdən də cəmiyyət “analıq” dedikdə ananı deyil, ilk olaraq körpəni düşünür. Analıq haqqında olan sosial şəbəkədəki səhifələr, mətbuat dərgiləri, qadın və valideynlik saytları, televiziya verilişləri analara deyil, körpələrə köklənir. Əslində isə “analıq” mövzusu bir başa anaların səhhətinə, emosional və fiziki rifahı haqqındadır. Körpələri isə “körpəlik” məzmununda işıqlandırmaq olar.

Düşünməyin ki, bu sadəcə sözlərin yalnış istifadəsindən irəli gəlir. Həqiqətən də bütün dünyada “analıq, zahılıq, yeni ana” dedikdə diqqət məhz körpələrə ayrılır. Biz beynəlxalq ictimaiyyət olaraq unuduruq ki, körpə dünyaya göz açdığı andan qadın da ana kimi dünyaya gəlir. Yəni bir doğuş yalnız körpənin doğulması deyil, həmçinin qadının da “ana olaraq doğulması” deməkdir. Hər bir uşaqla bu proses dəfələrlə eyni qadın üçün təkrar-təkrar baş verir. Çünki, hər körpə fərqli olduğu kimi onun anası olmaq da digərlərinin anası olmaqdan fərqlənir.

Nəzərə alsaq ki, yeni ana (istər ilk, istərsə də növbəti dəfələrdə) dünyaya göz açmış körpə qədər həssas və yardıma ehtiyaclıdır, nədənsə ananı soruşanlar ya yoxdur, ya da çox azdır? Bu yalnız ailə miqyasında deyil, hətta səhiyyənin ana-körpəyə qulluq və xidmətlərində də sezilməkdədir.

Alimlər hesablamışdırlar ki, körpə doğulduğu ilk ilində minimal olaraq 7 dəfə müxtəlif həkim, pediatrik, kliniki müayinələrdən keçirlər. Həmin körpələrin anaları isə sadəcə 1 dəfə kliniki müayinəyə cəlb olunur. Zahıların yalnız 40%-indən daha azı həmin müayinələrə gedirlər. Bu kliniki müayinə də adətən yalnız fiziki səhhətin müayinəsinə ayrılır. Ana olarkən fiziki dəyişikliklər aysberqin yalnız cüzi görünən hissəsidir. Qalan hissəsində isə mənəvi, ruhi, emosional, hormonal və s. kimi gözə çarpmayan amma çox mürəkkəb hadisələrin burulğanıdır. Analar isə öz növbəsində zahılıq dövründə-xüsusən analığın ilk ilində gözlənilməz qorxular, paranoya, özünün və öncəki həyatın itirilməsi hissi, boşluq, körpənin qəbul edilməsi, ifrat həyəcan, narahatlıq, yuxusuzluq, tənhalıq, beynin dumanlanması, təcrid olunmuş və hətta ən qorxulusu intihar fikirləri ilə üzləşirlər. Sirr deyil ki, doğuşdan sonra 1 il ərzində dünyasını dəyişən qadınların 50%-i müxtəlif cür doğuşsonrası psixoloji narahatlıqlardan əziyyət çəkirmişlər. Anaların rifahına olan etinasızlıq həmçinin qadınların özünə də güzgülənir. Alimlərin hesablamalarına görə 80% yeni analar doğuşdan sonra ilk 2-3 həftə ərzində əhval dəyişikliyi və gəmginlik yaşayırlar. Həmçinin məlum olmuşdur ki, daha kəskin hal olan doğuşsonrası depressiyadan əziyyət çəkən qadınların 50%-i depressiya simptomları haqda danışırmırlar. Zahılıqda anaların üzləşəcəyi psixoloji problemlər yalnız yuxarıdakılar ilə tamamlanmır. Zahılar arasında geniş yayılmış Perinatal Əhval və Həyəcan Pozuntulara (ingilis. Perinatal Mood and Anxiety Disorders-PMADS) aiddir :

Analıq Hüznü

Həyəcan nevrozu

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu)

Panik pozuntu

Psixoz

Posttravmatik stres pozuntusu

Jabina Coleman araşdırmalarında qeyd edir ki, təcili Qeysəriyyə əməliyyatına girənlər, doğuşsonrası qanaxma ağırlaşmaları yaşayanlar, erkən doğulmuş körpə dünyaya gətirənlər, neonatal intensiv qayğı şöbəsində körpəsi olanlar daha çox posttravmatik stres pozuntusu riskindədirlər. Qadınların hamiləlikdən etibarən müəyyən psixoloji narahatlıqlarını nəzərə alaraq mütəxəssislər Perinatal Əhval və Həyəcan Pozuntusu çətiri altında qiymətləndirməyi tövsiyə edirlər. Nəzərinizə çatdıraq ki, son zamanlar həmçinin ataların da PDAS-dan əziyyət çəkdikləri faktları aşkarlanmaqda və müzakirə olunmaqdadır. Bunun üçün bir sıra testlər mövcuddur ki, qiymətləndirmə, müayinə və müalicə ilə sıralanmalıdır:

Bütün sadalananlar vaxtında müayinə, diaqnoz və müalicə olunan bilən narahatlıqlardır. Həmçinin zahılıqda yaşanacaq potensial problemlər öncədən hamilələrə çatdırılarsa, daha az psixoloji gərginliklə toqquşmaq ehtimalı var. Zahılıqda qadınların üzləşə biləcəyi narahatlıqlara sancılar, vaginal ağrılar, nifas (loxiya və ya doğuşdan sonra qanlı ifrazat), diastaz, gecə tərləmələri, saç tökülmələri, episiotomiya kəsiyi və ya qeysəriyyə tikişlərindən sağalma, sidik saxlama çətinlikləri, qəbizlik, vaginal şişkinlik, döşlərdə qəfil dolğunluq və bir neçə gündən sonra ifrat boşalma aiddir.

Ana südünü işıqlandıran bir mənbə olaraq, həmçinin qeyd etməliyik ki, ananın doğuşsonrası psixoloji, emosional və fiziki rifahı nə qədər tarazlanmış olarsa, bir o qədər əmizdirmə prosesi də rahat başlaya və davam edə bilər. Digər tərəfdən, aparılan bir sıra araşdırmalara əsasən məlum olmuşdur ki, əmizdirmə bir proses olaraq özlüyündə ana və körpənin mənəvi və emosional rifahı üçün faydalı və uzunmüddətli müsbət təsirə malikdir. Əmizdirmə məsləhətçiləri əmizdirmə kontekstindən valideynlərin və körpələrin psixoloji səhhətini tanımalı və müvafiq mütəxəssislərə yönləndirməlidirlər.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.