8687

Doğuşdan sonra anaların əksəriyyəti bədənində olan fiziki və mənəvi dəyişiklikləri ürəkağrısı ilə qarşılayırlar. Lakin unutmayın ki, bunlar normal və təbii bir hallardır. Doğuşdan sonra sizin bədəniniz hələ də dəyişməkdə davam edəcəkdir. Döşlərinizə süd gələcək və uşaqlığınız əvvəlki ölçüsünə qayıdacaqdır. Bədəninizdə baş verənləri, qeyr-adi simptomları anlamaq lazımi məlumata malik olduğunuz halda daha asan olacaqdır. 

Yetkin südün gəlişi. Məlumdur ki, ağuz südü artıq hamiləyin təxminən yarısından etibarən döşlərdə var və az miqdarda olsa belə körpəni tam doydurmağa qadirdir. Məhz yetkin südün gəlməsi isə bir müddət sonra baş verəcəkdir.  Döşlərinizin dolması doğuşdan 24-72 ərzində və ya sonra baş verəcək. Bu zaman döşləriniz bərk, yüngül ağrılı və isti ola bilər. Bu ilkin südəmələ gəlmə prosesinin normal halıdır. Bu prosesi yüngülləşdirmək üçün: döşlərinizə ilıq kompress qoyun, dar olmayan büstqalter geyinin, döş gimnastikası edin, körpənizi düzgün vəziyyətdə və hər iki döşü verməklə tez-tez əmizdirin (əmizdirmələr arasında 2 saatdan çox fasilə qəti qadağandır). Körpənizi əmizdirərkən uşaqlıq nahiyyənizdə menstrual ağrılara bənzər ağrıların olması tamamilə normaldır. Uşaqlığınız bərpa olur.

Normal doğuşdan sonra ağrılar. Heç bir cərrahiyyə əməliyyatı (tikişlərin qoyulması və s.) həyata keçirilməyən doğuşdan sonra sizin cinsiyyət orqanlarınızda ağrının olması normaldır. Şişkinlik və qaşınma da ümumi narahatlıqlara aiddir. Bunun üçün doğuşdan sonra 72 saat müddətində şişkinliyi və ağrını azaltmaq üçün buz kompresslərindən istifadə edin. Sonrakı günlər isti kompresslər edə bilərsiniz. Həmçinin ağrını azaltmaq məqsədilə hər gün ilıq su və lavanda yağı ilə vanna qəbul edə bilərsiniz. Tualet ehtiyaclarınızdan sonra ilıq su ilə yuyunun.

  • Doğuş vaxtı tikişləriniz olubdursa, bu tikişlərə xüsusi diqqət və qayğı lazımdır. Tikişdən gələn qan, tikişin ətrafında qızartı və şişkinliyə nəzarət etmək üçün güzgüdən istifadə edin. Əgər hər hansı dəyişiklik hiss etsəniz mütləq həkiminizlə əlaqə saxlayın.
  • Qeysəriyyə əməliyyatından sonra ananın sağalması normal doğuşa nisbətən daha uzun müddətə baş verir. Xəstəxananı tərk etdikdən sonra əməliyyat nayihəsinin qırmızı və ağrılı olmasına nəzarət edin. Əgər yarada sarımtıl maye görsəniz, təcili olaraq həkiminizlə əlaqə saxlayın. Tikişlərin açılması nadir hallarda baş verə bilər. Bu halda da həkimə müraciət etməyiniz vacibdir.

Emosional dəyişikliklər. Zahılıqda ananın bədənində, emosional vəziyyətində yaranan dəyişikliklərlə yanaşı həyatında da ciddi yeniliklər baş verir. Körpəyə lazımi qədər qayğı göstərdiyi halda özünün sağlamlığını ailəsinin rahatlığı naminə ikinci dərəcəli ünsürlərə aid etməyə başlayır. Qeyd etmək lazımdır ki, sizin ailəniz üçün mühüm olmağınız və ailənizin sizə ehtiyacları danılmazdır. Təyyarədə təhlükəsizlik təlimatında deyildiyi kimi: “Öncə Oksigen maskasınızı özünüzə taxın, sonra uşağınıza!”

Sağlamlığınız və əhvalınız qayda olduqca ailənizin də rifahı yüksək olacaq.  Məhz bu səbəbdən özünüzə qayğı və diqqətlə yanaşın. Doğuşdan sonra ilk həftələr bunu etməyiniz isə daha mühüm əhəmiyyət kəsb edir. Dünyaya gətirdiyiniz körpənin sizə ehtiyacı çoxdur. Aşağıdakı məsləhətlərimizə riayət edərək daha tez və asan bərpa olarsınız.

  • Dəstək və kömək ehtiyacınız olduğu halda yaxınlarınızdan, ailə üzvlərinizdən və dostlarınızdan kömək istəməkdən çəkinməyin. Onlar sizə həm ev işlərində, həm də körpəni əmizdirməkdən başqa qalan bütün işlərdə yardımçı ola bilərlər. Vaxt gələr, siz də onlara yardım əlinizi yetirərsiniz. Çəkinməyin, yardım istəyin. “Zahılıq ənənəsinin” yaradılmasına kömək olun. Bütün anaların doğuşdan sonra köməyə ehtiyacı var. Bu tamamilə normaldır.

“Özüm üçün vaxt” anlayışını həyatınıza və gündəlik cədvəlinizə daxil edin. Qısa zaman müddəti olsa belə bu vaxtı sizi rahatladan və əhvalınızı yüksəldən istənilən fəaliyyətlə (uzanmaq, oxumaq, gəzintiyə çıxmaq ilə) məşğul ola bilərsiniz.

Yuxu: Həyatı əhəmiyyət daşıyan yuxu ilk günlər elə də asan əldə oluna biləcək bir şey deyil. Buna görə yuxunuzu körpənizin yuxu rejiminə uyğunlaşdırmağa çalışın. Körpə yatıbsa siz də bütün işlərinizi buraxıb yatmağa çalışın. Əlbəttə bəzən körpənin yuxu vaxtı ilə ananın yuxusu üst-üstə düşmür lakin yenə də ən azından uzanıb rahatlanmağa çalışın.

Sağlam qidalanın: Hamiləlik dövründə olduğu kimi süd verdiyiniz vaxt da körpəniz sizin düzgün və sağlam qidalanmanızdan bəhrələnir. Arıqlamaq üçün pəhriz haqqında düşünməyə tələsməyin. Tezliklə qaydaya düşəndən sonra çəkinizi atmağa vaxt tapacaqsınız. Pəhrizlərin çoxu balanslaşdırılmış qida rasionuna malik olmadığından ana mühüm vitaminlərdən özünü təcrid edə bilər. Daha çox təbii ərzaqlara və ya ərzaqların təbii vəziyyətinə yaxın halında qəbul edin. Yağlı və şirin ərzaqların qəbulunu azaldın. Vaxtdan qənaətlə istidafə edərək tez-tez xeyirli, yüngül qəlyanaltılar və salatlar yeməyə çalışın. Zahılıqda və ya əmizdirdiyiniz dövrdə təhlükəsiz şəkildə arıqlamaq üçün pəhriz planımızdan faydalanın.

İdman: ilk həftələri ağır qaldırmaq və intensiv idmandan çəkinmək bütün analara tövsiyə edilir. Lakin bu sizi tamamilə passiv, idmansız qalmanıza şamil etmir. Çalışın yüngül idman elementləri edəsiniz. Körpənizlə gəzintiyə çıxmaq sizə də faydalı olar.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.