2487

Doğuş prosesi özlüyündə qadın bədəni üçün böyük stres yükü yaradır ki, böyrəküstü vəzin funksiyasına böyük tələbata ehtiyac duyulur. Böyrəküstü vəz stres hormonu ifraz etməklə, bədənə enerji verməklə yanaşı gərgin vəziyyətlərdə bədənin düzgün reaksiyasını təmin edir. Yeni ana olmuş qadınların bədənində baş verən ümumi hormonal dəyişiklik, yuxu rejiminin pozulması və yaşanılan stres böyrəküstü vəzin və digər hormonların normallaşmasına çətinlik törədir. Bədən nə qədər uzun müddər hormonal natarazlıqdan əziyyət çəkərsə, bir o qədər əhval və ruh düşkünlüyü, artıq çəki, yorğunluq və cinsi zəiflik müşahidə ediləcəkdir.

Şükürlər olsun ki, böyrəküstü vəzinin funksiyasını dəstəkləmək və hormonları təbii yollarla tarazlamaq mümkündür. Böyrəküstü vəzin ətraf mühit, beyin və bütün bədənə təsiri olan fəaliyyəti ilə əlaqədar yaranan halsızlıq, həvəssizlik və yorğunluq halına “adrenalin yorğunluğu” deyirlər.

Stresli vəziyyət altında bədən böyrəküstü vəzi vasitəsilə kortizol istehsal edir.  Bu bədən üçün normal və lazımlı bir haldır. Lakin əgər stresli hallar və vəziyyətlər uzunmüddətli xarakter daşıyırsa, hormonlarda müəyyən dəyişikliklər baş verir ki, onlar özünü müxtəlif yollarla biruzə verir. Yeni analara uşağın dünyaya gəlməsi ilə əlaqədar yaranan çətinliklər yaşaması yerikləmək, ifrat yorğunluq, halsızlıq, narahatlıq hisslərinə qapılması, stimullaşdırıcılara (şokolad, qara və yaşıl çay, qəhvə və s.) alüdə olması halları sezilir. Bütün bunlar və aşağıda sadalananlar analarda böyrəküstü vəzin disfunksiyasına dəlalət edə bilər:

 

  • Səpkilər və sızanaqlar
  • Depressiya
  • Yuxudan oyanmaqda çətinlik
  • Tez-tez xəstələnmək
  • Cinsi zəiflik
  • Beynin dumanlanması
  • Başgicəlləmələr
  • Qıcıqlanmaq

Əgər analar adrenalin yorğunluğundan şübhələnirlərsə, ilk növbədə etibar etdikləri həkimə xüsusən endokrinoloqa müraciət etməli və aşağıda verilən sadə üsulları sınaqdan keçirməlidirlər.

Körpəsini qucaqlamaq

Ana südü ilə əmizdirmək və ya sadəcə yenicə doğulmuş körpəni qucaqlamaq analarda oksitosin hormonunu ifraz edir ki, bu hormon ananın bədənini stresdən qoruyur.

Qida rejimini sahmanlamaq

Əmizdirən və ya əmizdirməyən ana olsun fərq etməz, qida rejimini sahmanlamalı, faydalı ərzaqlara üstünlük verərək özünü aclıqla üzmədən miqdarında qidalanmalıdır.

Yuxu

Aydındır ki, körpəsi olan anaların yuxusunda ciddi pozuntular müşahidə olunur, lakin analar çalışmalıdırlar ki, imkan daxilində yatmağa çalışsınlar. Ev işlərində yardım istəyərək və ya əhəmiyyətsiz olan işləri təxirə salaraq, günahkarlıq hissini kənara qoyaraq analar yatmalıdırlar.

Düzgün tənəffüs etmək

Dərindən (qarınla) və tez-tez nəfəs almaq xüsusən gərgin anlarda çox vacib və faydalıdır. Rahat və dərin tənəffüs bədənimizə istənilən növ sakitləşdirici dərmanlardan daha tez sakitləşdirici, rahatladıcı təsirə malikdir.

Rodiola

Rodiola enerjini artırır, narahatlıq hissini söndürür, bədəndə iltihab prosesini azaldır və immun sistemi gücləndirir. Mütləq şəkildə, xüsusən depressiya halları olan analara rodiola tərkibli vasitələri həkim nəzarəti altında qəbul etməsi məsləhətdir.

Maqnezium

Maqnezium böyrəküstü vəzin fəaliyyətini tənzimləyən mineraldır. Əksər insanların maqnezium çatışmazlığından əziyyət çəkdiyini nəzərə alsaq, rasionda bu mineral ilə zəngin ərzaqlara (tünd yaşıl tərəvəzlər, göyərtilər, badam, toxumlar, tumlar, paxlalılar, qəhvəyi düyü, avokado və ərik qurusuna) üstünlük verilməsi təqdirə layıqdır.

Bütün yuxarıda sadalananlarla yanaşı analar ailə və yaxınları ilə bərabər öz qeydinə qalmalıdır. Ana nə qədər sağlam və rahat olarsa, ailədə də bir o qədər xoşbəxtlik və yüksək əhval olar.

Müəllif:  Jolene Brighten

Mənbə: drbrighten.com

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.