1112

İlk növbədə təmizliyin 3 səviyyəsinə nəzər yetirək! Çünki, yazı əsnasında biz onların hər birinə toxuncaq və onlardan istifadəni tövsiyə edəcəyik!

1. Təmizlik və ya təmizləmək dedikdə, adətən məişətdə və şəxsi gigiyenada xoşagəlməz qoxu və çirkdən qurtulmaq nəzərdə tutulur. Sabun və digər yuyucu vasitələrlə özümüzün və ətrafımızın gigiyenik təmizliyini asanlıqla təmin edə bilərik.

2. Dezinfeksiya. Adətən dezinfeksiya təmizlik aparılandan sonra həyata keçirilə bilər. Bu zaman istifadə edilən dezinfeksiyaedici vasitələr üstümüzdə və ətrafımızda olan müxtəlif bakteriyaların sayını təhlükəsiz səviyyəyə gətirmək üçün nəzərdə tutulub. Axı biz bilirik, bakteriyalar hər yerdə var və onların təhlükəsiz səviyyədə bədənimiz və mühitimizdə olması bizim üçün vacib və faydalıdır. Dezinfeksiya əksər hallarda spirt və xlor tərkibli təmizləyicilərin istifadəsini nəzərdə tutur.

3. Sterilizasiyaə. Sterilizasiya dedikdə ətrafımızı və ya bizi əhatə edən əşyaları tamamilə bakteriyalardan təmizləmək nəzərdə tutulur. Yəni steril əşyanın üzərində bakteriyaların səviyyəsi sıfır olmalıdır. Sterilizasiya zamanı müxtəlif üsullar- yüksək temperatur, kimyəvi maddələr, yüksək təzyiq, buxar və sairdən istifadə edilir.

Məlumdur ki, əllərin təmizliyində dırnaqların əhəmiyyət çox böyükdür. Bu səbəbdən dırnaqlar qısa, səliqəli və örtüksüz olması məqsədəuyğundur. 

Peşəkar təcrübəmdən irəli gələrək hamilələr üçün bir xatırlatma etmək istəyərdim. Xəstəxanaya hazırlaşarkən əmin olun ki, dırnaqlarınızı qısaltmış, lak örtüyündən azad etmiş və ümumən öncədən səliqəyə salmısınız. Çünki, təmiz əllər sizə artıq xəstəxanada doğuşdan dərhal sonra körpənizlə dəri-dəriyə təmas etməkdə və əmizdirməkdə lazım olacaqdır. 

Əmizdirən ananın gigiyenası üçün növbəti addımlar atılmalıdır:

Birincisi. Ana körpəsini əmizdirməmişdən öncə əllərini 25-30 saniyə sabunlayaraq, yumalıdır. Biz ki, əllərimizi yumadan süfrə arxasına keçmirik, eləcə də körpə yalnız ananın təmiz əlləri ilə qidalandırmalıdır. Yeri gəlmişkən, əllərinizi sabunlayarkən suyu bağlamağı unutmayın.

İkincisi. Əmizdirən ana gündə bir neçə dəfə döşlərini və areolanı su ilə durulaya bilər. Bunun üçün sabun və digər bədən təmizlik vasitələrinin istifadəsinə ehtiyac yoxdur. Xatırladım ki, areola nahiyyəsində xüsusi piy vəzləri var ki, onların vəzifəsi giləni və onun ətrafını nəmləndirməkdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin vəzlərin ifraz etdiyi maddənin qoxusu körpələrin əmizdirilmək həvəsini artırır. Məhz buna görə də sadəcə su ilə yuyunmaq kifayətdir! 

Körpədən söz düşmüşkən, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən doğulduqdan sonra körpələrin çimizdirilməsi 24 saata qədər gecikdirilməlidir. Əgər körpə doğularkən üzərində qatı ağ-sarımtıl kremşəkilli örtük mövcuddursa, qətiyyən narahat olmayın. Həmin örtük təbii qoruyucu vasitədir. Körpələri müxtəlif növ infeksiyalardan, üşüməkdən və daha nələr, nələrdən qorunmağa əsas yaradır. Körpə dünyaya gələn kimi silinib-qurulanmalı və dərhal ana ilə dəri-dəriyə təmas etməlidir. Bunun üçün yuyunmaq və çimizdirilmək sonraya saxlanılsa daha səmərəlidir. Xatırladım ki, əmizdirmə üçün ən səmərəli vaxt da körpənin həyatının ilk saatıdır. Məhz buna görə də, körpə dünyaya gələndə qısa müddət ərzində artıq ana südünün mənbəyi ilə tanış olmalıdır.

Covid-19 zamanı əmizdirmə gigiyenası necə olmalıdır?

Sualın cavabı: Çox sadə! Əgər virusa yoluxma halı mövcud deyilsə, artıq müzakirə etdiyimiz tədbirlər əmizdirmənin təmizliyi üçün kifayətdir. 

Lakin əgər ana Covid-19-a yoluxubsa, bu zaman əlavə tədbirlərin həyata keçirilməsi qənaətbəxşdir. İlk növbədə qeyd edim ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Covid-19 ilə yoluxmuş qadının ifraz etdiyi südündə adıçəkilən virus aşkarlanmamışdır. Hətta yoluxmuş anadan dünyaya gələn körpənin burun-boğaz nahiyyəsində də Covid-19 xəstəliyi törədiciləri də tapılmamışdır. Virusa yoluxmuş ana eynilə yoluxmamış ana kimi doğuşdan sonra bədən-bədənə təmas edə, körpəni ilk saatda əmizdirə və onunla eyni otağı paylaşa bilər. 

Covid-19-a yoluxmuş ananın əmizdirmə gigiyenası nələri özündə birləşdirir?

1.Ana körpə ilə təmasdan öncə əllərini ümumi qaydada sabunla hərtərəfli yuyur. Əlavə olaraq, əllərini yuduqdan sonra spirt tərkibli vasitələrlə dezinfeksiya da edə bilər.

2. Ana körpəsi ilə təmas zamanı və onu əmizdirərkən steril maska geyinir,

3. Ana əllərini körpənin ağız-burun və gözlərinə vurmur,

4. Ana asqırar və öskürərkən ağzını salfetlə tutur,

5. Ananın toxunduğu səthlər dizenfeksiya olunur.

Doğuşdan dərhal sonra körpə və ya ana səhhəti ilə əlaqədar bir başa döşdən əmizdirmək mümkün deyilsə- məsələn, əgər ananın körpəsini əmizdirməyə kifayət qədər halı yoxdursa və ya körpənin səhhəti döşə qoyulmasına imkan vermirsə bu hallarda nə etməli? Əlbəttə ki, ana südünü sağmağa başlamalıdır. Ana südünü təmiz əllər və ya steril südsağan vasitəsilə körpəsi üçün əldə edə bilər. Bunun üçün sağma texnikası haqqında videoları izləmək və tibbi personaldan sağmanı düzgün həyata keçirilməsinin yollarını öyrənmək mümkündür. 

Ana südsağandan istifadə etməyə qərar verirsə, ciddi gigiyenik qaydalara riayət etməyi mütləqdir: Bu o deməkdir ki, südsağana toxunmamışdan öncə əllər sabunla yuyulmalı, südsağanın hər istifadəsindən sonra o düzgün sterilizasiya edilməlidir.  

Mütləq şəkildə qeyd etməliyəm ki, istər yoluxmuş istərsə də yoluxmamış ananın sağılmış südü körpəyə kiçik stəkan və ya qaşıqla verilməlidir. Soruşa bilərsiniz “Nədən əmzikli şüşədən verilməməlidir?” Cavab çox sadədədir:

Əmzikli şüşədən qidalanmaq körpənin döşü əmməkdən imtina etməsinə əsas yarada bilir. 

Bundan başqa əmzikli şüşə və döşdən qidalanma tamamilə fərqli formada həyata keçirilir. Məhz buna görə də körpələr gilə çaşqınlığı yaşa bilərlər. Əgər körpə döşü əmzikli şüşə kimi əmərsə anada gilə yaraları, doğunluq, döşdə infeksiya qaçılmaz ola bilər. Bu səbəbdən istənilən ana xəstəxana tibbi personalına körpəni əmzik istifadə etmədən qidalandırmaq istəyini xatırlatmalıdır.

Yeri gəlmişkən, əmzikdən istifadə ananın südünün kifayət miqdarda istehsal və ifrazına ciddi manelər törədə bilir. Unutmayaq ki, körpənin bütün əmmə gücü və həvəsi döşdə baş verməli və ananın döşü tərəfindən ödənilməlidir. Bundan əlavə əmzikli şüşə və əmziklər də sterilizasiya tələb edir ki, müxtəlif infeksiya mənbəyinə çevrilməsinlər.  

Saydığımız gigiyena tədbirləri körpələr, analar, ailələr və ümumiyyətlə cəmiyyətin pandemiya dövründə yoluxmasının ciddi şəkildə qarşısını almağa səbəblərdir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.