5308

Südəmər körpənin suya ehtiyacı olub-olmadığına cavab vermək kifayət qədər asandır. Sadəcə xəyali olaraq ən az 100 il öncəyə qayıdaq. Bütün analar körpəsinin sağlamlığını təhlükəyə atmadan onun susuzluğunu yatırmaq üçün təmiz suya malik olubmu? Min illər öncə, körpələrə həyatlarının ilk aylarında su verilmirdi, çünki bu onların həyatı üçün bir başa təhlükə demək idi.

Yəni, bütün digər məməlilər kimi insana da bir bioloji növ kimi körpələrə əlavə su verilməyi xarakterik deyil. Bütün məməlilərin balaları, valideynlərinin yediyi yeməyə başladıqda su içməyə başlayırlar.

Əgər sağlam şüurla yox, tibbi əsaslarla danışsaq, Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin Rusiya Federasiyası Səhiyyə Nazirliyinin son göstərişlərinə əsasən, təqribən 6-cı aya qədər körpələrə xüsusi tibbi göstərişlər olmadan əlavə su verməməyi tövsiyyə edir. Bəs niyə?

Birinci təhlükə – doyunca yeməmək. Körpənin mədəsi – yumruğu boydadır və o məhdud miqdarda qidanı qəbul və həzm edə bilər (həyatının birinci ayında bu, sutkada bədən kütləsinin 1/5 – 1/6 hissəsi deməkdir). Yeni doğulmuş körpənin əsəb sisteminin xüsusiyyəti belədir ki, su onda yalançı doyumluluq hissi yaradır. Odur ki, ana mütləq başa düşməlidir: əgər onun uşağı 100 ml su içibsə – deməli, 100 ml süddən məhrum qalıb. Halbuki, körpənin artımı və inkişafı süddən asılıdır, su isə bu mərhələdə ona heç bir fayda vermir.

İkinci təhlükə – süd ifrazının azalması. Süd körpənin əmməsinə cavab olaraq ifraz olunur. Yəni, körpə nə qədər süd əmibsə, nəticədə bir o qədər süd əmələ gələcəkdir. Lakin, əgər ana körpəyə su veribsə, o az süd əməcəkdir. Xüsusilə bu mənada körpəyə gecə su verilməsi çox təhlükəlidir, çünki gecə əmizdirmələri zamanı gündüzlər süd ifrazını artıran prolaktin hormonunun istehsalı stimullaşır. Bu o deməkdir ki, gecə anasının döşünü əmən körpə, bununla gündüz özünü südlə təmin edir. Əgər “xeyirxah insanlar” gecə sizi “narahat eləməsin” deyə “körpəni su ilə aldatmağı” tövsiyyə edirlərsə, unutmayın ki, körpəni aldada bilərsiniz, lakin südün təbii ifrazı sistemini aldada bilməzsiniz…

Üçüncü təhlükə – körpənin həzm sistemində təbii balansın pozulması. Körpə steril bağırsaqlarla doğulur və təqribən 6 ayına qədər onun faydalı mikroflorasının formalaşması gedir. Ana südü, həzm sistemi bakteriyalarının təbii balansını formalaşdırmağa və dəstəkləməyə kömək edir və körpənin həyatının bu mərhələsində ana südündən başqa qəbul etdiyi bütün qidalar bu balansı korlayır. Əgər körpəyə davamlı olaraq su verilirsə, adətən uşaqda zərərli mikrofloranın, faydalı mikrofloraya üstün gəlməsi – tibb işçilərinin adətən disbakterioz adlandırdığı pozğunluq meydana çıxır.

Ümumdünya Səhiyyə Təşkilatının xüsusi olaraq apardığı araşdırmalar göstərir ki, həyatının ilk 6 ayında yalnız ana südü ilə qidalanmış körpələrin əksəriyyəti sağlamdır və yaxşı inkişaf edirlər. Ana südündən əlavə su və ya çay verilmiş uşaqlar isə, bağırsaq pozğunluğundan 3 dəfə daha çox əziyyət çəkirlər…Sizə bu cür risk lazımdırmı?

Dördüncü təhlükə – körpənin döşdən imtina etmə ehtimalı. Suyu körpəyə adətən, əmzikli şüşədən verirlər, bu isə tez-tez körpənin “gilə çaşqınlığına”, yəni ana döşünə yox, əmzikli şüşəyə üstünlük verməsinə səbəb olur.

İndi isə, körpəyə suyun verilməsinə israr edənlərin arqumentlərini nəzərdən keçirək:
“Su sarılığın aradan qalxmasına kömək edir”
Sarılığın səbəbkarı, yağda həll olan bilirubindir. Suda həll olan yox, yağda həll olan! Yəni, biliribun orqanizmdən su vasitəsilə yox, məhz, sudan fərqli olaraq, tərkibində körpəyə lazım olan optimal proporsiyalarda yağ olan ağuz südü və süd vasitəsilə çıxır.

“Süd – məsələn, sıyıq kimi bir qidadır. Aclığı yeməklə, susuzluğu isə maye içməklə yatırmaq lazımdır. Yoxsa körpə artıq kalorilər alar!”
Halbuki, südlə sıyığın konsistensiyası tamamilə fərqlidir. Ana südü 85-90% sudan ibarətdir. Əgər böyüklər daim bu cür duru qida yesəydilər, bu qidaları daha çox durulaşdırmaq barəsində mülahizələr irəli sürməzdilər. Bundan əlavə, müəyyən yaşa qədər, körpə uşaq aclıqla susuzluq arasında fərqi bilmir. Məhz buna görə, su, mədədə südü sıxışdıraraq körpədə yalançı doyumluluq hissi yaradır. Suyun əldə edilməsi bioloji cəhətdən təsdiqlənmədiyi üçün, yalnız ana südü ilə qidalanan körpənin “artıq kalorilər” aldığını yox, süddən əlavə su verilən körpənin ehtiyacı olan kalorilərdən məhrum olunduğunu demək daha düzgün olar.

“Əgər hava istidirsə, otaqda isə hava qurudursa, körpəyə su vermək lazımdır”
Həqiqətən, yayda körpəyə su verilməsinə havanın isti olduğu ilə, qışda isə otaqdakı hava qızdırıcılarının havanı qurutması ilə haqq qazandırırlar. Lakin, bütün dünyada, quru və isti ölkələrdə aparılan araşdırmalar (məsələn, 35-40° temperaturda və 10-35% rütubətlilikdə Hindistanda, 27.4-40.7° temperaturda və 24-77% rütubətlilikdə Pakistanda; 4-41° temperaturda və 9-60% rütubətlilikdə tropiklərdə) birmənalı şəkildə göstərmişdir ki, yalnız ana südü əmən uşaqlar, ana südündən əlavə maye qəbul edən uşaqlara nisbətən susuzlaşmadan daha az əziyyət çəkiblər. Məsələ bundadır ki, ana südünün tərkibində körpəyə lazım olan bütün zəruri duzlar və mineral maddələrin optimal konsentrasiyası var. Bir sözlə, əgər böyük insan susuzluqdan əziyyət çəkirsə, ona da nəmlik balansını bərpa etmək üçün sadəcə su yox, xüsusi seçilmiş duzların məhlulunu içməyi tövsiyyə edirlər…odur ki, əgər ana körpəsinə isti olduğunu düşünürsə – o zaman ona süddən əlavə su verməli yox, daha yüngül geyindirməli və otağı havalandırmalıdır! Susuzlayan uşaq, sadəcə daha çox döş əmməlidir. Hava çox isti olduqda, körpənin bədənini sərin su ilə silmək olar, otağın havasını isə nəmləndirici cihaz və ya adi pulverizatorla nəmləndirmək olar. Yəni, bu halda da suyu körpənin daxilinə yox, xaricinə tətbiq etmək lazımdır…

“Əgər körpə xəstədirsə, susuz keçinmək olmaz – su nəmlik balansını bərpa edəcək, virusların sidiklə çıxarılmasına səbəb olacaq və dərmanları suda həll eləmək olar”.
Yuxarıda sadalananlar arasında, ana südünün sudan daha yaxşı öhdəsindən gəlmədiyi heç bir funksiya yoxdur. Suda ilə həll olunmuş dərmanı bütün var gücü ilə tüpürməyə cəhd edən körpə, ana südündə həll olunmuş dərmanı daha yaxşı qəbul edəcəkdir.

“Mənim uşağım bəzən yalnız əmzikli şüşədə su içəndən sonra sakitləşir”
Burada açar söz – “əmzikli şüşədir”. Bir çox səbəblərdən körpələr bəzən ana döşündən başqa nəsə əmmək istəyir. Belə vəziyyətdə ana döşü ilə kifayətlənməyən körpəni sakitləşdirməyin ən asan və ziyansız yolu – təmiz yuyulmuş barmağınızı ona sormağa vermək və ya yatması üçün yellətməkdir. Çünki, adətən gün ərzindəki təəssüratlarından yorulmuş uşaqlar yuxu qabağı özlərini belə aparırlar.

“Hamı su içmək istəyir, uşaqlar da istisna deyil!”
Körpələrdə böyük problemlərə səbəb ola biləcək, lakin böyüklərin sakitliklə yediyi bir çox məhsullar var. Çünki, onların həzm sistemi hələ kifayət qədər inkişaf etməyib. Körpəni böyüklərin mədəsinin tələbatına uyğun qidalandırmaq cəhdi, ağır nəticələrə səbəb ola bilər. Südəmərlərin əksəriyyəti özləri onlara təklif olunan sudan imtina edir və susuzluqlarını yalnız 9-12-ci ayda su ilə yatırmağa başlayırlar.

Müəllif: İrina Ryuxova
Mənbə: www.babyblog.ru/user/Verika
Tərcümə: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.