1408

Gənc valideynlər tez-tez “Körpəni qucağa öyrəşdirməyək” və ya “Körpəni qucaqda gəzdirmək gərəkdirmi?” sualları ilə üz-üzə dururlar. Bu sualları cavablandırmaq üçün körpənin ilkin ehtiyaclarına köklənək.

Gəlin doğuşa start xətti kimi baxaq. Körpənin bətnxarici dünyada özünü hiss etməsi haqda kanadalı həmkarım Bryna Sampey maraqlı bir analogiya gətirir:

“Təsəvvür edin, birdən-birə tanımadığınız bir şəhərin qatar stansiyasında peydə oldunuz. Ətrafınızda gür işıqlar, tanımadığınız və dilini anlamadığınız çox saylı insanlar var. Üstəlik ətrafınız ötüb keçən qatarların səsləri kimi gur səslərlə doludur. Siz bu qatar stansiyasında soyuq havada tamamilə lütsünüz, bədəniniz isə yaşdır.”

Təsvir edilən vəziyyətdə hətta böyük insanın acizliyini anlamaq çətin deyil. Körpə dünyaya gəldikdə cüzi eytiyacları var: qida, təmizlik və təhlükəsiz mühit! Bütün bunlarla körpə ana bətnində olarkən, heç bir maneə olmadan təmin edilirdi. Lakin körpə dünyaya gəldikdən sonra artıq ehtiyaclarını ödəyən, qayğıkeş böyükdən ifrat asılılığı yaranır. Aydın məsələdir körpə dünyaya gələn kimi bu ehtiyacları sərbəst şəkildə ödəyə bilmir və hələ uzun müddət də ödəyə bilməyəcək. Çünki canlı nə qədər alidirsə, onun yetkinliyə və sərbəstliyə çatmasına daha uzun zaman tələb olunur. Bunu asanlıqla heyvanat aləmində həşəratlar, balıqlar, sürünənlər və məməlilərin nəsil yetişdirməyində də sezmək olur. Təbiətdə məməlilər daha uzun müddət körpələrinin qayğısını çəkməli olurlar.

Valideynlər körpə dünyaya gəlməmişdən öncə artıq anlamalıdırlar ki, körpə dünyaya gələndən sonra da böyükləri ilə sıx təmasda olacaq və olmalıdır da. Çünki, böyüyünün himayəsində olmaq körpə üçün həyatının təhlükəsizliyinin başlıca təminatıdır. Körpə hamiləlikdə anasının bətnində yaşadığı təqdirdə, doğulduqdan sonra anasının və atasının qucağında yaşamağa başlayır. Perinatal psixoloq Lüdmila Petranovskaya kitablarında dəfələrlə qeyd edir ki, körpə doğulduqdan sonra bətndaxili və bətnxarici dünyalar arasında asılmış bir vəziyyətdə olur. Onun bətnxarici dünyaya tamamən göz açması bir neçə ay çəkə bilir. Sanki, insan övladı uzun və dərin yuxudan sonra yavaş-yavaş oyanıqlıq göstərir. Məhz bu fazada valideynlərin rolu körpəyə axıcı, stressiz, ağrısız keçidə yardım etməkdir. Körpə sanki, kəndarda ləngiyir və bətnxarici dünyaya qida qoxusu, istilik, qayğı, nəvazişlə dəvət olunmağını gözləyir. Onun yeganə ehtiyacı himayədir. Çünki məhz həssas himayə səbəbilə o nəinki qidalanır, təmizliyi təmin olunur, həmçinin təhlükəsiz mühit olan qucaqda emosional ehtiyacını alır. Məhz buna görə də “qucağa götürmə”, “qucağına öyrəşdirmə”, “iyini götürəcək”, “sənə öyrəşəcək”, “qucağa öyrəşəcək” kimi tövsiyələr tamamilə səmərəsiz və lazımsızdır.

Unutmayaq ki, körpə böyüklərdən fərqli olaraq vəziyyətin məntiqi ardıcıllığını və səbəblərini anlaya bilmir. Əgər körpə qorxduqda, üşüdükdə və ya acdıqda qucağa götürülmürsə, tək başına ağlayıb sakitləşməsinə qədər tərk edilirsə, o bu vəziyyəti məhvinə gedən yol kimi qiymətləndirir. O anlamır ki, “valideynlərim məni sadəcə qucağa öyrəşdirməmək üçün götürmürlər”.

Sonda ispaniyalı pediatr Karlos Qonzalesdən sitat:

“Türmələr və ruhi xəstəxanalar körpəlikdə tez-tez qucağa götürülən və zorla ana südü ilə qidalandırılan adamlarla dolu deyil. Tam əksinə orada, atılmış, imtina edilmiş və valideynləri tərəfindən pis davranış görən insanlara rast gəlmək olar. Sevgi hələ heç kimi korlamayıbdır.”

Müəllif: Səltənət Zülfüqarova

4 Comments

  • Şəbnəm
    Posted 29 May 2020 18:05 0Likes

    Kaş hamı bunu anlaya bilə.. Gələcək də bir təməlin üstündə qurulur və bu təməl nə qədər möhkəm olarsa gələcək dəbir o qədər işıqlı olar..

    • anasüdü.az
      Posted 30 May 2020 9:25 0Likes

      Biz də bu yüksək amal üçün illərcə əlimizdən gələn qədər etməyə çalışırıq və müvəffəqiyyətə köklənmişik!

  • Kemale
    Posted 30 May 2020 10:39 0Likes

    Ne gozel benzetme ve izah … Men sizun dusuncelerinize valehem

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.