815

Yeni doğulmuş körpə münasibətilə analara edilən hədiyyələr ya tamamən körpəyə aiddir, ya da ana üçün həmin dönəmdə az əhəmiyyət kəsb edəndir (şirniyyat, gül buketi, dekor və s.) ⠀

Gəlin zahılara verilən hədiyyə təsəvvürümüzü tamamilə dəyişək və həmin qadının bütün ömrü boyu yadında qalacaq hədiyyə seçimi etməyə çalışaq. ⠀

Doğuşsonrası analara bol-bol dincəlmək, bərpa olmaq və körpəsi ilə münasibətlərinin bünövrəsini bərkitmək gərək olur. Bizim isə ailə, dost və icma olaraq üzərimizə düşən zahıya sevgi və qayğı mühiti təşkil etməkdir.⠀

Zahılıqda aktual olan hədiyyə və xidmətlər birdəfəlik hədiyyə olduğu kimi həftəlik və ya aylıq xidmət kuponları da ola bilər. Anaların istəyindən və ehtiyacından asılı olaraq, onlara aşağıdakılardan hədiyyə etmək olar:⠀

✅ Çamaşırxana xidməti.

✅ Ev təmizləmə servisi.

✅ Yeməklərin evə çatdırılması.⠀

✅ Evdə (baş, kürək, çiyin, ayaq) massaj xidməti, yeri gəlmişkən, bu cür massaj ana südünün artımını stimullaşdırır.⠀

✅ Slinq- müasir şəlləmə vasitəsi.⠀

✅ Evdə manikür-pedikür xidməti, (körpə ilə təmasada olanın dırnaqları təmiz, qısa və lak örtüyündən azad olmalıdır).⠀

✅ Evdə üz və saça qulluq xidməti və vasitələri.⠀

✅ Ana südü və əmizdirmə məsləhətçisindən xidmət.

✅ Qarın və belin doğuşdan sonra bərpası üçün benkunq.⠀

✅ Elektrik südsağan aparatı (ana ilk 1 ildə işə qayıdacaqsa və ya əmizdirmə ilə çətinliyi varsa).⠀

✅ Rahat alt geyim dükanına hədiyyə kartı (çünki əksər qadınların öncə geyindikləri onlara müvəqqəti uyğun olmur).⠀

✅ İctimai yerlərdə əmizdirmək üçün örtük.⠀

✅ Sadəcə pul (ailə öz ehtiyaclarına uyğun onu xərcləyə bilər).⠀

✅ Analıq və körpəyə qulluq mövzusunda kitablar.⠀

Bəzən zahıdan sadəcə ehtiyacının nəyə olduğunu soruşmaq və ya ona hədiyyə seçimi vermək olar. Zahılıq dönəmində olan xanım, illər sonra çox ehtimal ki, hansısa uşaq brend geyiminin kimdən hədiyyə olduğunu unuda bilər, amma 1 kurs massaj və ya aylıq çamaşırxana xidməti hədiyyəsini illərcə xatırlayıb minnətdarlığını bildirər. ⠀⠀

Əslində yuxarıda sadalananları istər kiçik, istərsə də böyük büdcə ilə etmək mümkündür. Sadəcə zahının həmin dönəmdə ehtiyaclarını öyrənmək və həmin ehtiyaclara uyğun dəstək olmaq ən böyük hədiyyədir.

Müəllif: Səltənət Zülfüqarova


Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.