911

Əmizdirən anaya əsassız yerə qoyulan qida qadağalarının üstünə gözəllik və qulluq prosedurlarının çox böyük əksəriyyətinə də qadağalar qoyulur. Məsələ burasındadır ki, qoyulan qadağaların əsasını araşdırmadan hər ehtimala qarşı etməmək tövsiyə edilir. Bu proseduru edən mütəxəssislər, ustalar əslində əmin olmadıqları təqdirdə, sığortalanmaq üçün hamilə, zahı və əmizdirən qadınlar üzərində bu və ya digər proseduru etməkdən çəkinirlər. Bununla gözəllik ustasının ana və körpəyə fiziki xələl yetirməmək niyyəti, analarda psixoloji-emosional fəsadlarla nəticələnir. Əlbəttə hər bir qadın baxımlı olmaq, qulluq prosedurlarından istifadə etmək istəyi var və sözsüz ki, bunlar hər bir qadının haqqıdır. Doğuşsonrası xoş əhval qıtlığı yaşayan qadının vəziyyəti ona qoyulan bütün qadağalar səbəbilə daha da kəskinləşir. Əksər analar bütün bu təzyiqlərin fonunda əmizdirməni ən yaxşı halda dayandırır, ən pis halda isə əmizdirməyə ikrah hissləri yaşamağa başlayır.

Gəlin, lap əvvəldən başlayaq! Əvvəldən yəni “analıq qurbanlar tələb edir”, “əmizdirirsənsə bu olmaz, o olmaz, o birisi olmaz, digəri olmaz, ondan sonrakı da olmaz, bundan əvvəlki də olmaz və daha nələr-nələr olmaz”, “döz və əmizdir” kimi depressiv və qeyri-motivasiyaedici anlayışlara baxaq. Həqiqətənmi, hər şey bu qədər cansıxıcı, ürəkdaraldıcı, ümidsizlik buludları ilə örtülüdür? Sözsüz ki, ana olmaq asan iş deyil, amma analığı bu qədər dramatikləşdirmək nəyə gərəkdir? Kimlərin marağıdır? Məqsəd nədir? Hələlik bu məqamlar qaranlıqdır amma məlum olan odur ki, əmizdirən anaya çox məhdud sayda qida, içki və vərdiş qadağaları var. Bir əlin bamaqlarında saymaq olar: spirtli və energetik içkilər, tütün məmulatları, uyuşdurucular. Əslində bunların sıravi insanlar tərəfindən istehlakı zərərlidir.

Qalan hər bir süfrədə olan nemətlərdən əmizdirən ana yeyə bilər, hətta yeməlidir də. Hətta kaffein tərkibli içkiləri (çay, qəhvə) də ilk aylardan sonra analara az-az, ara-sıra qəbul etmək olar. Necə deyərlər məhdud miqdarda, ifrata varmadan hər şeydən olar.

Qayıdaq, gözəllik və qulluq prosedurlarına! Xoşbəxtlikdən bu prosedurların əksər hissəsi əmizdirən analara icazəlidir. Bunun üçün dərman preparatlarının əmizdirən analara uyğunluğunu öyrənən və nəhəng elmi-tətqiqat bazası yaradan e-lactancia.org saytına üz tutmaq gərəkdir. Bu bazada həmçinin istənilən ana, istənilən dərmanın ana südünə uyğunluğu haqda məlumat əldə edə bilər. Əgər həkim ehtiyat üçün müalicəni və ya dərmanı yazmaqdan imtina edirsə, onu e-lactancia.org resursu ilə tanış etmək gərəkdir. Əslində əmizdirən anaya çox azsaylı preparatlar uyğun deyil və bu uyğun olmayanların da böyük qisminin uyğun olan əvəzləyiciləri mövcuddur.

İrina Rüxova anaların gözəllik prosedurları ilə bağlı narahatlıqlarına aydınlıq gətirmək üçün adı çəkilən bazadan geniş araşdırma həyata keçiribdir. Nəticədə məlum olubdur ki, əmizdirən analar üçün aşağıdakılar uyğundur.

Təhlükəsiz maddələr və prosedurlar:

allantoin,

kollagen,

hialuron turşusu,

koy turşusu ilə dərinin ağardılması,

dişlərin ağardılması,

epilyasiyanın müxtəlif növləri,

kavitasiya proseduru,

elektromiostimulyasiya proseduru,

lokal krioterapiya,

saçların rənginin açılması,

pirsinq

Aşağı təhlükəsi (bəzən ağırlaşma ehtimalı) olan prosedurlar. Bunları həyata keçirərkən döş nahiyyəsində istifadəsi tövsiyə edilmir. Prosedurdan sonra, uşaqla təmasdan öncə həmin nahiyyələri sabunla yumaq gərəkdir:

yaşlaşmaya qarşı dəri prosedurları,

dəriyə sürtülən arıqladıcı vasitələr,

maye parafin,

günəş əleyhinə kremlər,

Yeri gəlmişkən Kelly Bonyata öz resursunda qeyd edir ki, solyariumlardan əmizdirən ananın istifadəsində bir fəsad yoxdur. Sadəcə gilə və areolanı yanıq təhlükəsindən qorumaq üçün mütləq şəkildə örtmək gərəkdir. Mütəxəssis həmçinin akne müalicələrini, saça qulluq vasitələrini, dəriyə qulluq kremlərini, həşəratlara qarşı kremlərin istifadəsini və xlorlanmış hovuzda üzməyi icazəli qeyd edir.

Saçlarn rənglənməsinə gəldikdə isə təbii rənglər təhlükəsizdir, lakin kimyəvi rənglərdən sonra körpə ilə təmasdan öncə bir daha çimmək tövsiyə edilir.

Əmizdirmə zamanı yüksək riski olan prosedurlar:

Arıqladan, metabolizmi sürətləndirən çaylar, qarışıqlar, kapsullar və s.

Saçların kimyəvi hamarlanması. Bu prosedur zamanı istifadə edilən kimyəvi maddələr özü-özlüyündə zərərlidirlər, əmizdirmə və körpəyə də xələl yetirə bilərlər.

Yuxarıda yazılanlardan azsaylı prosedurların və qadağaların mövcudluğunun şahidi olmaq mümkündür.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.