1041

Məlumdur ki, zahılıq hər bir qadının həyatının çətinlik dövrüdür. 9 ay bətnində yeni insan yetişdirən bədənin yenidən bərpası üçün çox önəmli olan bir dövrdür. Kiminsə üçün daha çox fiziki ağrılı və narahat, kiminsə üçün emosioların qasırğasının tüğyan etdiyi, digərinin isə bunların hər ikisini yaşadığı bir dövrdür. Zahı qadınların həssaslığı onlara xüsusi qayğı və diqqətin yetirilməsini tələb edir. Yalnız ətrafdakılar deyil, həmçinin zahının özünə verəcəkləri rəhm, diqqət, qayğı, anlayış, sevgi, möhlət hissləri olmalıdır. Zahılığı doğuş kimi güclü tufandan sonra müşahidə edilən şəlakət, sakitlik, rahatlıq bir dövrü kimi qəbul etmək gərəkdir. Məhz buna görə də ana və körpə qayğısı ilə məşğul olan mütəxəssislər “yuvalama” konsepsiyasını analara tövsiyə etməyə başladılar.

Kelly Maher maarifləndirici resursunda “yuvalama” konsepsiyası haqda daha geniş məlumat verir. Müəllif qeyd edir ki, ana körpəsi dünyaya gələndən sonra öncəki məsuliyyətlər və narahatlıqlarını təxirə salmalı, daha çox özünə qayğı və körpəyə qulluğa köklənməlidir. Sözsüz ki, istəyə uyğun olaraq, yüngül məişət qayğılarına vaxt ayırmaqla, ətrafdan dəstək almaq, yardım istəmək və bol-bol dincəlmək gərəkdir.

Analar unutmamalıdırlar ki, körpə dünyaya gələrkən hələ də anası ilə sıx təmasda olacaqdır. Hamiləlikdə anasının bətnində yaşadığı təqdirdə, doğulduqdan sonra anasının qucağında yaşamağa başlayır. Perinatal psixologiyada buna “4-cü trimester” kimi anlayış tətbiq etməyə başlayıblar. Əgər körpə 3 trimesterini ananın bətni daxilində keçirirdisə, növbəti 3 ayı yəni 4-cü trimesterini də anası ilə çox sıx təmasda keçirməyə möhtacdır.

4-cü trimester anlayışına Lüdmila Petranovskaya kitablarından birində ətraflı izahat verir. Müəllif qeyd edir ki, körpə doğulduqdan sonra bətndaxili və bətnxarici dünyalar arasında asılmış bir vəziyyətdə olur. Onun bətnxarici dünyaya tamamən göz açması bir neçə ay çəkə bilir. Sanki, insan övladı uzun və dərin yuxudan sonra yavaş-yavaş oyanıqlıq göstərir. Məhz bu fazada valideynlərin rolu körpəyə axıcı, stressiz, ağrısız keçid etməyə yardım etməkdir.

Körpə sanki, kəndarda ləngiyir və bətnxarici dünyaya qida qoxusu, istilik, qayğı, nəvazişlə dəvət olunmağını gözləyir. Bu dövrdə onu nə tərbiyələndirmək, nə maarifləndirmək, nə də ki, inkişaf etdirməyə ehtiyac yoxdur. Onun yeganə ehtiyacı himayədir. Hamiləlikdə olan qidalandırıcı göbəkciyəsi getdikcə emosional göbəkciyəsinə çevrilir. 4-cü trimester dövründə körpə demək olar ki, vəziyyətini dəyişmir. O hələ də anası ilə həmcins bir haldadır, sadəcə bətnin xarici divarına köç etmişdir və burada ona hələ müəyyən qədər vaxt lazım gələcəkdir. Məhz buna görə də “qucağa götürmə”, “qucağına öyrəşdirmə”, “iyini götürəcək”, “sənə öyrəşəcək”, “qucağa öyrəşəcək” kimi tövsiyələr keçmişdən qalma və nimdaş qiymətləndirilməlidir.

Yuvalama 4-cü trimesterə daxil olsa da, daha erkən bitir. Təxminən 4-6 həftə müddəti ərzində davam edə bilir. Yuvalamanı necə etməli:

  1. Körpəni onun tələbatına və istəyinə uyğun əmizdirmək. “Saata deyil, körpənizə baxın!” Körpəni əmizdirmək üçün ağlamasını gözləmədən, aclıq əlamətlərini tanımalı. Unutmayaq ki, ilk həftələr körpə hər 15-30 dəqiqədən bir aca bilər.
  2. Rahat mühitdə maariflənmək. Körpəni əmizdirdiyiniz zaman sizi maraqlandıran suallara cavablar axtarmaq. Etibar etdiyiniz resurslara, mütəxəssislərə və əmizdirmə məsləhətçilərinə müraciət etmək, ətrafınızda müvəffəqiyyətli əmizdirmə tarixçəsi olan analarla ünsiyyətdə olmaq.
  3. Körpə ilə bədən-bədənə, dəri-dəriyə təması artırmaq. Bu təmas körpənin bədəninə bioloji funksiyalarını-ürək döyüntüsü, tənəffüs ritmi, bədən temperaturunu tənzimləməyə yardım edir. Anaya rahatlıq hissi verir, bədəndə stress və gərginliyi azaldır, südün artmasına, habelə doğuşsonrası ruh düşkünlüyünü dəf etməyə səbəb olur.
  4. Ana özünə, bədəninə və körpəsinə etibar etməyi öyrənməli. Zahı bədəninin istəklərinə diqqət yetirməli, onları ödəməyə çalışmalıdır. Bu bədənin həm emosional, həm də fiziki ehtiyac və istəklərinə aiddir. Həmçinin ana anlamalıdır ki, əgər bətni daxilində körpəsini qidalandırıb, böyütməyə qabiliyyəti yetibdirsə, demək ki, bətnxarici də körpəsini qidalandırmağa və ona lazım olan miqdarda süd istehsal etməyə bütün imkanları mövcuddur.
  5. Qonaqlar və qonaqlıqları təxirə salmaq. Ailəni həmin həftələrdə yalnız çox yaxın insanlar ziyarət etməli. Ananı və ev sakinlərini narahat edən, rgündəlik ritmdən çıxaran, əlavə qayğı tələb edən görüşlər sonraya da qala bilər. Sadə dil ilə desək, ailənin pijamada qarşılaya biləcəyi qohum və dostları ailəyə baş çəkə bilər. Bunun üçün zahılıq ziyafəti ənənəsini inkişaf etdirmək yerinə düşər.
  6. Ana müəyyən təhlükəsizlik qaydalarına riayət edərək, tamamilə rahat şəkildə körpə ilə dincələ, yuxu ala və eyni yatağı paylaşa bilər. Sözsüz ki, uzanıqlı uzun əmizdirmələr həm anaya, həm də körpəyə rahatlıq və dinclik hissləri verə bilir.

Cəmiyyət tərkibinin ayrılmaz hissəsi olan ana-körpəyə xüsusi münasibət və yanaşmasını təkmilləşdirməlidir. Bunun üçün həssalıq, analayış və dəstək bu yanaşmanın ana sütunu olmalıdır. Lakin analar da, özlərinə olan münasibətin keyfiyyətini artırmağa çalışmalıdır. Sağlam, əhvalı yüksək ana ailəsinin bütünlüklə rifahına müsbət təsir edə bilir. Təyyarələrdə uçuşdan öncə verilən təlimatlardakı kimi, “öncə oksigen maskasını özünüz taxın sonra yanınızda olanlara taxmaqda yardım edin”. Bu yanaşma uğurlu valideynliyin düsturuna çevrilməlidir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.