Laktasiya dönəmi üçün bəslənmə tövsiyələri

Əmizdirən anaların daha çox kaloriyaya ehtiyacı varmı?

Bəli. Əmizdirən analar, adətən, qidalanma ehtiyaclarını qarşılamaq üçün daha çox kaloriyə ehtiyac duyurlar. Yaxşı qidalanan və körpəsini əmizdirən analara, hamiləlikdən əvvəl qəbul etdikləri miqdarla müqayisədə, gündə əlavə 330–400 kilokalori (kkal) qəbul etmələri tövsiyə olunur. Əmizdirən qadının ehtiyac duyduğu əlavə kalori miqdarına onun yaşı, bədən kütlə indeksi, fiziki aktivlik səviyyəsi, həmçinin körpəni yalnız ana südü ilə, yoxsa həm ana südü, həm də süni qida ilə bəsləməsi kimi amillər də təsir göstərir.

Övladını əmizdirən analar multivitamin qəbul etməlidirlərmi?

Bəlkə də. Tövsiyə olunan qida qəbulu normaları – vitamin və ya mineralların demək olar ki, bütün sağlam insanların gündəlik qida ehtiyaclarını ödəyən orta miqdarıdır. Yod və xolin kimi bəzi qida maddələri üçün tövsiyə olunan qəbul norması ana südü ilə qidalandırma dövründə artır. Buna görə də, yalnız qidalanma əmizdirən qadınların ehtiyac duyduğu qida maddələrini tam təmin etməyə bilər. Belə hallarda, əmizdirən qadınlar üçün multivitamin əlavələrindən istifadə faydalı ola bilər. Tibb mütəxəssisləri laktasiya dövründə ana südü verən qadınlar üçün uyğun qida əlavələrini müəyyən etməkdə onlara kömək etməlidirlər.

Əmizdirən analar hər hansı qida maddələrinin qəbulunu artırmalıdırmı?

Bəli. Ananın B12, B9 (folat), D və A vitaminləri, yod və xolin kimi əsas mikroelementlərə olan ehtiyacı laktasiya dövründə artır. Təlimatlar əmizdirən qadınlara laktasiya dövründə gündəlik 290 mikroqram (mkq) yod və 550 milliqram (mq) xolin qəbul etməyi tövsiyə edir. Bu əsas mikroelementlərə aşağıdakılar daxildir:

  • Süd məhsulları
  • Yumurta
  • Ət
  • Civə ilə çirklənməsi az, lakin DHA ilə zəngin olan dəniz məhsulları

Əmizdirən analar həmçinin folatla zəngin paxlalılar, tünd yarpaqlı göyərtilər və A vitamini ilə zəngin tərəvəzlər istehlak etməlidirlər. Səhiyyə işçiləri əmizdirən analarla işləyərək, onların kifayət qədər qəbula nail olmaq üçün hər hansı əlavəyə ehtiyacı olub-olmadığını müəyyən etməlidirlər.

Veqan və ya vegeterian qidalanan, uşağını əmizdirən analar üçün hər hansı tövsiyələr varmı?

Bəli. Heyvan mənşəli məhsulları istehlak etməyən qadınların ana südü ilə qidalanan körpələrində B12 vitamini çox məhdud miqdarda ola bilər. B12 vitamininin az miqdarı körpələri B12 vitamini çatışmazlığından yaranan nevroloji zədələnmə riski altına qoya bilər. Dəmir çatışmazlığı da narahatlıq doğura bilər. Bitki mənşəli qidalarda yalnız elə dəmir var ki, bu da bədən tərəfindən qırmızı ət, balıq və quş ətində olan dəmirindən daha az asanlıqla sovrulur. Səhiyyə işçiləri vegetarian və ya veqan pəhrizi ilə qidalanan əmizdirən qadınlarla işləyərək onların aşağıdakı kimi qida maddələrinə ehtiyacı olub-olmadığını müəyyən etməlidirlər:

  • Xolin
  • Sink
  • Dəmir
  • Vitamin B12
  • Vitamin D
  • Vitamin A
  • Kalsium
  • Yod
  • Omeqa-3 yağları (EPA/DHA)

Yod

Çatışmazlıq riskləri: Yod, qalxanabənzər vəzi hormonları olan tiroksin (T4) və triyodtironinin (T3) həyati vacib tərkib hissəsidir. Qalxanabənzər vəzi hormonlarının səviyyəsi dölün və körpənin düzgün böyüməsinə, həmçinin nevroloji (beyin) inkişafına təsir göstərir. Ana südü ilə qidalanan körpələr yodu ana südündən alırlar. Buna görə də, əmizdirən analar kifayət qədər yod qəbul etməlidirlər. Bəzi qadınlar əmizdirmə dövründə yod çatışmazlığı ilə üzləşmək baxımından digərlərinə nisbətən daha yüksək risk altındadırlar. Bunlara aşağıdakı qadınlar aiddir:

  • Siqaret çəkən.
  • Süd məhsullarını və ya dəniz məhsullarını mütəmadi olaraq istehlak etməyən.
  • Yodlaşdırılmış duzdan istifadə etməyən.
  • Tərkibində qoitrogenlər olan qidaları ifrat qəbul edənlər. Qoitrogenlər qalxanabənzər vəzin hormon istehsalı prosesinə təsir göstərə bilər. Qoitrogenlər Brüssel kələmi, qıvrım kələm (kale), ağbaş kələm, gül kələm, turp və brokkoli kimi qidalarda olur.

Ana südü ilə qidalandırma, yod və körpə sağlamlığı

Körpələr adətən ana südündən kifayət qədər yod alırlar. Ana südündə yod olsa da, konsentrasiyalar ananın yod səviyyələrindən asılı olaraq dəyişə bilər. Hamilə və ya əmizdirən qadında yod çatışmazlığı varsa, döl və ya körpə yod çatışmazlığı və əlaqəli idrak və psixomotor pozğunluqlar riski altında ola bilər. Tövsiyə olunan qidalanma miqdarı, demək olar ki, bütün sağlam insanların gündəlik qida ehtiyaclarını ödəyən vitamin və ya mineralın orta miqdarıdır. Yodun tövsiyə olunan qidalanma miqdarı, dölün və ya körpənin düzgün böyüməsini və nevroloji inkişafını dəstəkləmək üçün hamilə və ya əmizdirən qadınlar üçün daha yüksəkdir:

Hamiləlikdən əvvəl gündə 150 ​​mkq

Hamiləlik dövründə gündə 220 mkq

Ana südü ilə qidalandırma dövründə gündə 290 mkq

Qidalanma tövsiyələri

Hamilə və ya süd verən qadınların qidalanma rasionunda tövsiyə olunan gündəlik qəbul normasını qarşılamaq üçün kifayət qədər yod olmaya bilər. Buna görə də, Amerika Tiroid Assosiasiyası və Amerika Pediatriya Akademiyası hamilə və ya süd verən qadınlara hər gün tərkibində 150 ​​mikroqram (mkq) yod olan multivitamin və ya hamiləlik dövrü üçün nəzərdə tutulmuş qida əlavələri qəbul etməyi tövsiyə edir. Lakin bütün multivitaminlər və ya hamiləlik dövrü üçün nəzərdə tutulmuş əlavələr 150 mkq yod ehtiva etmir. Qəbul etdiyiniz preparatların tərkibində kifayət qədər yod olub-olmadığını yoxlamaq üçün məhsulun üzərindəki qida tərkibi məlumatına baxın və ya tibb mütəxəssisi ilə məsləhətləşin.

Dəmir

Körpələr ana südündən kifayət qədər dəmir alırlarmı?

Dəmir, qırmızı qan hüceyrələrində oksigeni bədənin bütün hissələrinə daşıyan hemoqlobinin istehsalı üçün lazımdır. Dəmir həmçinin körpəlik və erkən uşaqlıq dövründə beyin inkişafını dəstəkləyir.

Həyatın ilk 6 ayı ərzində əksər yenidoğulmuşların orqanizmində kifayət qədər dəmir ehtiyatı olur. Lakin orqanizmdəki dəmir səviyyəsi hamiləlik müddətindən, ananın dəmir ehtiyatından və göbək ciyəsinin hansı vaxtda kəsilməsindən asılıdır. Ana südünün tərkibində dəmir miqdarı azdır. Yalnız ana südü ilə qidalanan körpələrin valideynləri, övladlarına ilk 6 ayda və sonrakı dövrdə dəmir əlavələrinin lazım olub-olmaması barədə həkimlə məsləhətləşməlidirlər.

Təxminən 6 aylıq dövrdə körpələrin ana südündən kənardan dəmir mənbəyinə ehtiyacı olur. Körpənin dəmir ehtiyacını dəmirlə zəngin qidalar, tərkibinə dəmir əlavə edilmiş taxıl məhsulları və ya dəmir tərkibli damcılar vasitəsilə ödəmək mümkündür.

Vitamin B12

Vitamin B12 niyə vacibdir?

Körpələrin beyin inkişafını dəstəkləmək və sağlam qırmızı qan hüceyrələri istehsal etmək üçün B12 vitamininə ehtiyacı var. Kifayət qədər B12 vitamini qəbul etməyən körpələrdə bu vitaminin çatışmazlığı yarana bilər. Müalicə olunmadıqda, körpələrdə B12 vitamini çatışmazlığı beyində daimi zədələnməyə səbəb ola bilər.

Körpələr ana südündən kifayət qədər B12 vitamini alırlarmı?

Adətən. B12 vitamini hamiləlik dövründə plasenta vasitəsilə dölə, doğuşdan sonra isə ana südü vasitəsilə körpəyə ötürülür. Körpələr aşağıdakı hallarda kifayət qədər B12 vitamini qəbul etmiş olurlar:

  • Kifayət qədər B12 vitamini qəbul edən ananın ana südünü içir.
  • Körpə süni qida içir.

Əgər ana südü ilə qidalandıran anada B12 vitamini çatışmazlığı varsa, körpəsində də bu çatışmazlıq yarana bilər. B12 vitamini əsasən heyvan mənşəli qidalarda – xüsusilə ət, balıq, süd, süd məhsulları və yumurtada olur. Buna görə də, heyvan mənşəli qidalar qəbul etməyən anaların müstəsna ana südü ilə qidalanan körpələrində, doğuşdan qısa müddət sonra B12 vitamini çatışmazlığının yaranma riski daha yüksəkdir. Sərt vegetarian və ya veqan pəhriz saxlayan və körpəsini əmizdirən analar, tərkibində lazımi miqdarda B12 vitamini olan əlavələrin qəbulu barədə həkimləri ilə məsləhətləşməlidirlər. Bəzi hallarda ana südü ilə qidalandıran analar B12 vitamini, fol turşusu (B9 vitamini), dəmir və kalsium kimi müxtəlif vitamin və mineralları orqanizmlərinə tam mənimsədə bilməyə bilərlər. Bu qida maddələrini mənimsəməkdə çətinlik çəkə biləcək analar sırasına aşağıdakılar daxildir:

  • Mədə şuntlama əməliyyatı kimi, qida maddələrinin sorulmasını zəiflədən bariatrik prosedurlardan keçmiş olanlar.
  • B12 vitamini çatışmazlığına səbəb ola bilən autoimmun xəstəlik – pernisioz anemiya (B12 vitamini çatışmazlığı anemiyası) olanlar.
  • Müəyyən mədə-bağırsaq pozuntularına sahib olanlar.

Səhiyyə işçiləri bu analarda qida maddələri çatışmazlığını, o cümlədən B12 vitamini çatışmazlığını izləməlidirlər.

Vitamin D

Körpələr ana südündən kifayət qədər D vitamini alırlarmı?

Xeyr. Təkcə ana südü körpələrə kifayət qədər D vitamini vermir. Doğuşdan qısa müddət keçən körpələr, ana südü ilə qidalanan körpələr və gündə 946 ml-dən az körpə qarışığı qəbul edən ana südü ilə qarışıq qidalanan körpələr əlavə olaraq D vitamini mənbəyinə ehtiyac duyacaqlar. Amerikalılar üçün Pəhriz Təlimatları (The Dietary Guidelines for Americans) və Amerika Pediatriya Akademiyası ana südü ilə qidalanan və süni qida ilə qarışıq ana südü ilə qidalanan körpələrin həyatın ilk bir neçə günündən başlayaraq gündə 400 Beynəlxalq Vahid (BV) D vitamini qəbul etmələrini tövsiyə edir. Körpələrinə birbaşa əlavə vermək istəməyən ailələr anaların yüksək dozada əlavələrinin risklərini və faydalarını səhiyyə işçisi ilə müzakirə etməlidirlər.

Ana südü ilə qidalanan körpələr nə üçün D vitamini çatışmazlığı riski altındadırlar?

Günəş işığına məruz qalma məhdud olduqda və ya körpə kifayət qədər D vitamini qəbul etmədikdə, D vitamini çatışmazlığı riski artır. İnsanın günəş işığından sintez edə biləcəyi D vitamini miqdarını azaldan digər amillərə aşağıdakılar daxildir:

  • Yüksək enliklərdə (qütb bölgələrinə daha yaxın) yaşamaq, xüsusilə qış aylarında.
  • Havanın yüksək dərəcədə çirklənməsi.
  • Səmanın sıx buludlarla örtülü olması.
  • Geyimin dərini nə dərəcədə örtməsi.
  • Günəşdən qoruyucu vasitələrdən istifadə.
  • Dəri ​​rənginin daha tünd olması.

Günəş işığına məruz qalma səviyyəsi dəyişkən olduğu və günəş şüaları dəri xərçəngi riskini artıra bildiyi üçün, ana südü ilə qidalanan körpələrə D vitamini əlavəsi qəbul etmələri tövsiyə olunur.

Vitamin K

Körpələr dünyaya gələndə orqanizmlərində çox az miqdarda K vitamini olur. Bu, K vitamini çatışmazlığı səbəbindən yaranan qanaxma kimi ciddi bir problemə gətirib çıxara bilər. K vitamini çatışmazlığı səbəbindən yaranan qanaxma beyin zədələnməsinə və ölümə səbəb ola bilər. K vitamini çatışmazlığı ilə əlaqəli qanaxma riski həyatın ilk 6 ayı ərzində mövcuddur. Bunun qarşısını almaq üçün doğuş zamanı əzələ daxilinə bir dəfə K vitamini inyeksiyası vurulması kifayətdir.

Körpələr ana südündən kifayət qədər K vitamini alırlarmı?

Xeyr. Ana südündə K vitamini miqdarı azdır. Hətta K vitamini əlavələri qəbul edən anaların südündə belə, K vitamini səviyyəsi aşağı olur. Amerika Pediatriya Akademiyası bütün yenidoğulmuşlara doğuşdan sonrakı ilk 6 saat ərzində bir dəfə əzələdaxili K vitamini inyeksiyasının vurulmasını tövsiyə edir. Bu tövsiyə körpənin ana südü ilə, yaxud süni qidalarla qidalanmasından asılı olmayaraq, hamısına şamil edilir. Yenidoğulmuşla ana arasındakı dərhal emosional bağın yaranması və təmasın qurulması üçün K vitamini inyeksiyası ilk qidalanmadan sonraya, lakin doğuşdan sonrakı 6 saatlıq müddəti keçməmək şərtilə təxirə salına bilər. K vitamininin doğuşdan sonrakı ilk 6 saat ərzində tətbiqi qanaxmaların qarşısını almaq üçün ən effektiv üsuldur. K vitamininin ağızdan qəbulu tövsiyə edilmir. Belə ki, ağızdan qəbul edilən K vitamini mədə-bağırsaq traktından stabil şəkildə sorulmur və ana südü ilə qidalanan körpə üçün kifayət qədər miqdarda təminat yaratmır. Əzələdaxili K vitamini inyeksiyası alan körpələrə sonradan əlavə K vitamini qəbul etdirməyə ehtiyac qalmır.

Mənbə: Maternal Diet and Breastfeeding | Breastfeeding special circumstances | CDC

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram