www.anasüdü.az saytının təsisçisi və rəhbəri Səltənət Zülfüqarova ilk ixtisası üzrə ekoloq, düşüncə və həyat tərzinə görə isə envayronmentalistdir.⠀
Hələ Bakı Dövlət Universitetində təhsil alarkən ətraf mühit və insan sağlamlığının nə dərəcədə bir-biri ilə bağlı olduğu ona gənc illərindən məlumdur. Sonralar Johns Hopkins Universitetindən qazandığı ilkin ekotoksikoloji biliklər də ana olduqdan sonra ona ana südü təbliğatçısı olmağına zəmin yaratdı.⠀
⠀
İlkin ana südü biliklərini və analıq təcrübəsini Britaniyanın Mayday Croydon University xəstəxanasında əldə etmişdir. Böyük Britaniyada yaşadığı dövrdə müşahidə etdiyi ana südünə hərtərəfli dəstək Səltənət Zülfüqarovanı əmizdirmə məsləhətçisi kimi ikinci peşəsinə yiyələnməyə sövq etdi. O, 2010-2011-ci illərdə dünyanın ən nüfuzlu beynəlxalq təlim təşkilatı olan Childbirth İnternationaldan təhsilini aldı və beynəlxalq miqyasda tanınan rəsmi sənədə malikdir.
CBİ isə öz növbəsində dünyanın ən sürətlə böyüməkdə olan təlim təşkilatlarından biridir. Təşkilatda hər qitədən, dünyanın 95 ölkəsindən və ABŞ-ın hər bir ştatından tələbələr təlim keçir. CBİ təşkilatının ABŞ, Avstraliya, Birləşmiş Krallıqda qərargahları mövcuddur. Childbirth International Ümumdünya Səhiyyə Təşkilatının “Ana Südü Əvəzedicilərinin Marketinqi üzrə Beynəlxalq Məcəlləni” dəstəkləyir. CBİ bu Məcəlləni pozan hər hansı təşkilatdan, hər hansı maliyyə vəsaiti və ya digər təşviq forması və ya mükafat qəbul etmir. Səltənət Zülfüqarova da məzun olaraq, bu qaydalara uyğun fəaliyyət göstərir.
Təhsilinə paralel olaraq, Səltənət Azərbaycanda ana südünə dair ilk milli məlumat mənbəyi olan www.vib.az (hazırda www.anasüdü.az) saytını təsis etdi. Bu saytın üzərində işləmək üçün ətrafına ana südünü dəstəkləyən onlarla könüllü analar toplaşdı. Nəticədə ilkin mənbələrə söykənən bu sayt MDB məkanında nüfuza malikdir.
Səltənət Zülfüqarovanın beynəlxalq hamiləri arasında britaniyalı, rusiyalı, avstraliyalı, kanadalı və amerikalı mütəxəssislər mövcuddur. MDB məkanında və beynəlxalq səviyyədə keçirilən bir sıra nüfuzlu elmi-tətbiqi konfransların iştirakçısıdır. La Leche League Orta Şərq və İLCA– Beynəlxalq Laktasiya Məsləhətçisi Assossiasiyasının üzvüdür.
Səltənət Zülfüqarova 2011-2015-ci illərdə kütləvi məlumat mənbəyi olan Parents (Azərbaycan) və ZULEYKHA jurnalları üçün silsilə məqalələrin müəllifi olmuşdur.
Fəaliyyətinin bir hissəsi kimi 2018-2019 payız-qış aylarında könüllü əsaslarda Respublikanın baş neonatoloqu Dr. Rüstəm Hüseynovun hamiliyi ilə Mamalıq və Ginekologiya Elmi-Tətqiqat İnstitutunda analara doğuşsonrası əmizdirmə və ana südü məsələlərində dəstək olmuşdur.
2019-cu ildə UNİCEF və İcbari Tibbi Sığorta Agentliyinin 3 pilot regionda-Ağdaş, Mingəçevir, Yevlax Mərkəzi xəstəxanalarında və Ailə Sağlamlıq Mərkəzlərində ana südünün təşfiqi işçi qrupunun üzvü olmuşdur.
Sayt və əmizdirmə məsləhətçisi olaraq Azərbaycanı beynəlxalq laktasiya ictimaiyyətində təqdim etməkdə və dünyanın müxtəlif ölkəsindən olan analarla işləməkdədir. Fəaliyyət ərzində xəritədə göstərilən ölkələrin yerli analarından və azərbaycanlı icmasından dəfələrlə müraciətlər edilib və əmizdirmə məsələlərində dəstək alıblar.
2019-cu ilin oktyabr ayında Səltənət Zülfqarova Azərbaycanda əmizdirən anaları dəstəkləyən “Süddaş” məhsullar toplusunu təsis etdi. “Süddaş” əmizdirən ananın süd ehtiyatını dəstəkləyən məhsullar toplusunun satışını həyata keçirməkdədir.
2020-ci ilin mart ayından etibarən isə “Süddaş” ana südü məsləhət otağı fəaliyyətə başladı. Ana südü məsləhət xidməti çərçivəsində hamilələr, zahılar və əmizdirən analar əmizdirmədə lazım olan dəstəyi əldə edə bilirlər.
Səltənət Zülfüqarova anaların maarifləndirilməsi təşəbbüsü çərçivəsində 2020-ci il iyun ayından etibarən “Analogiya” analar və bütün qadınlar üçün podkast formatlı Youtube verilişinin müəllifi və aparıcısıdır. Verilişin bütün buraxılışlarını buradan izləyə bilərsiniz!
⠀⠀
Səltənət Zülfüqarova ailəlidir. Asudə vaxtlarında uşaqlar üçün kitab və eko-məqalələrin müəllifidir. Kik skuter, sukkulent bitkilər, elmi ədəbiyyat və təbiət vurğunudur. Özünün bir pişiyi və üç övladı olmaqla yanaşı, başqa üç uşağın süd anasıdır. Toplam olaraq övladlarını 69 ay ana südü ilə bəsləyibdir. Azərbaycanda valideynlik mövzusunda dünyanın müxtəlif yerlərindən əldə olunan unikal şəxsi kitabxananın sahibidir.
www.anasüdü.az saytı haqda
“KÖRPƏNİZƏ SİNƏDOLUSU SEVGİ VERİN-ƏMİZDİRİN!”
Məhz bu sözlər saytın əsas məqsəd və məramını əks etdirir- ailələri ana südünün faydaları haqqında maarifləndirmək. Sayt irqindən, dini mənsubiyyətindən, milliyətindən asılı olmayaraq istənilən analara əmizdirmə prosesində dəstək göstərməyə hazırdır.
2011-ci ildən etibarən sayt ( ilkin olaraq, www.vib.az qismində) fəaliyyəti ərzində istənilən ananın ana südünə dair istənilən müraciətlərinə dərhal cavab verməyi məqsədlərindən birinə çevirmişdir. Sayt Azərbaycanın bir çox regionlarında oxunur və anaların maariflənməsi üçün faydalı bir platformadır.
Saytın ərsəyə gəlməsində komanda işinin rolu böyük olmuşdur. Tərcüməçilər Xumar Ərşadlı və Ülviyyə Mirzəyeva, saytın rus dilli materialları üzrə məsul şəxs Nərminə Şahbazi, Viktoriya Mazur, rəyçi Şəbnəm Həsənəlizadə, Jalə Nəcəfova və Xəyalə Yusifsəfər, mövzu tərtibatçısı Jalə Ələkbərovanın əməyi danılmazdır. Yarandığı ilk gündən etibarən sayt mütəxəssis rəyi və təcrübəsinə əsaslanmış məlumatlar paylaşır. Bu səbəbdən saytda adları çəkilən yerli mütəxəssislərin müəllif məqalələri yer almışdır: Nərmin Babayeva (Hüquqşünas), Fərəh Məmmədxanova (Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi), Aygül Kamranqızı (Ailə psixoloqu), Şəfiqə Yusifova (Həkim-dermatoveneroloq).
Saytda yerləşdirilən məlumatlar Dünya Səhiyyə Təşkilatı (World Health Organization); UNICEF; Azərbaycan Respublikası Səhiyyə Nazriliyi; Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics); Əmizdirmə Tibbi Akamediyası (Academy of Breastfeeding Medicine); Dünya Əmizidirmə Aliansı (The World Alliance for Breastfeeding Action); Kral Mamaça Kolleci (Royal College of Midwives); La Leche League International Təşkilatı; Birləşmiş Krallıq Milli Səhiyyə Xidməti (National Health Service); Əmizdirən Analar Assosiasiyası (The Association of Breastfeeding Mothers) və s. kimi ciddi və miqyaslı qurumların və təşkilatların mənbələrinin elmi bazasına söykənir.