Bağla

Cinsi zorakılıq və travmanın əmizdirməyə təsiri

Əmizdirmə körpənin sağlam inkişafında və ana-uşaq bağının güclənməsində mühüm rol oynayır. Lakin bütün analar üçün bu proses eyni dərəcədə asan olmur. Xüsusilə uşaqlıqda cinsi istismara məruz qalmış qadınların əmizdirmə ilə bağlı təcrübələri həm fiziki, həm də psixoloji baxımdan ciddi çətinliklər yarada bilir. Onlar bəzən öz bədənlərinə yadlaşma, toxunmaya qarşı həssaslıq və ya utanc hissi yaşayırlar. Əmizdirmə ananın daxili, uşaqlıq travmalarını oyada bilər. Əmizdirmə yalnız körpəni qidalandırma deyil, həm də qadının öz bədəni ilə barışması, travmalarından sağalması və körpəsi ilə münasibətini möhkəmləndirmə imkanı da ola bilər. Ancaq bunun baş verə bilməsi üçün həm tibbi personalın, həm də cəmiyyətin belə qadınlara xüsusi həssaslıq göstərməsi vacibdir.

Karen Wood və Penny Van Esterik cinsi istismara məruz qalmış anaların əmizdirmə təcrübələrini öyrənmək məqsədilə araşdırma aparmışdırlar. Tədqiqatda 6 ana iştirak etmiş və hər biri ilə təxminən iki saat davam edən dərin müsahibələr keçirilmişdir. Araşdırmanın nəticələri göstərmişdir ki, bu qadınlar tez-tez öz bədənlərinə qarşı, xüsusilə də döşlərinə münasibətdə, utanc hissi yaşayırlar. Onlar toxunmaya qarşı həssas olur, həm özlərinin bədənlərinə toxunuş, həm də körpələrinin əmizdirmə zamanı məməyə toxunması onlarda mənfi emosiyalar oyada bilir. Həmin emosiyalar cinsi yaxınlıq zamanı da özünü biruzə verə bilir. Eyni zamanda, tibbi personalın icazəsiz və ya qəfil toxunuşları qadınlarda travmatik xatirələri yenidən canlandırır. Tədqiqat həmçinin vurğulayır ki, belə analara əmizdirmə prosesində həm fiziki, həm də psixoloji dəstək göstərilməsi vacibdir. Tibbi personal onların keçmiş təcrübələri barədə məlumatlı olmalı, yanaşmalarında daha həssas və diqqətli davranmalıdırlar.

Digər bir araşdırmada göstərilir ki, uşaqlıqda cinsi istismara məruz qalmış anaların əmizdirmə müddəti, digər analara nisbətən daha qısa olur. Lakin alimlər vurğulayırlar ki, əmizdirmənin davam etməsinə mane olan təkcə travmanın özü deyil. Bu çətinliyə travma ilə yanaşı, sosial və iqtisadi amillər də təsir göstərir. Məsələn, gəlir səviyyəsi aşağı olan (maddi durumu yaxşı olan analar psixoloji dəstək ala, xüsusi terapiya xidmətlərinə müraciət edir, maddi vəziyyəti aşağı olanlar bu imkandan yararlana bilmirlər), təhsili məhdud (təhsili yüksək olan analar əmizdirmənin faydaları, travma ilə mübarizə yolları və dəstək resursları haqqında daha çox məlumatlı olur, təhsil səviyyəsi aşağı olan qadınlar isə həm bu biliklərdən geri qalır, həm də dəstək alma yollarını çox vaxt bilmirlər) və ya sağlamlıq xidmətlərinə çıxışı zəif olan analarda (böyük şəhərlərdə yaşayan, sosial imkanları yaxşı olan qadınların həm psixoloqa, həm də əmizdirmə məsləhətçisinə müraciət etmək imkanı olur, kənd yerlərində və ya maddi imkanı zəif olan ailələrdə isə bu xidmətlər ya yoxdur, ya da əlçatan deyil) əmizdirməni davam etdirmək daha çətin ola bilər. Yəni,araşdırma bizə onu göstərir ki, həm travmanın psixoloji təsirləri, həm də sosial-iqtisadi problemlər birgə şəkildə əmizdirmənin qısalmasına səbəb olur.

Tədqiqat müəllifləri qeyd edirlər ki, əmizdirmə müddətini artırmaq üçün yalnız psixoloji dəstək deyil, analara daha geniş maliyyə və sosial dəstək göstərilməsi, təhsil və maarifləndirmə proqramlarının artırılması, psixoloji və tibbi xidmətlərə çıxışın asanlaşdırılması əmizdirmənin daha uzun müddət davam etməsinə kömək edə bilər.

Bu haldan əziyyət çəkən analara faydalı olacaq bir neçə məqamı bölüşmək istəyirik:

  • Hislərinizi qəbul edin: Əmizdirə bilməmək, əmizdirmə zamanı özünü narahat hiss etmək normaldır. İlk öncə hisslərinizi qəbul etməlisiniz.
  • Tibbi peronal ilə açıq danışmağa çalışın: Əmizdirmə zamanı sizə köməklik göstərən tibbi personala və ya əmizdirmə məsləhətçisinə keçirdiyiniz travma ilə bağlı məlumat verə bilərsiniz. Bəzən tibbi personal dəstək niyyətilə döşlərinizə toxuna bilər, bu isə sizdə xoş olmayan hissləri oyadar. Bu səbəbdən tibbi heyətə əvvəlcədən bu məlumatı vermək sizə kömək ola bilər. Belə hallarda sizə əmizdirmədə dəstək göstərən personal döşünüzə toxunmadan ya şəkillərlə, ya da oyuncaq üzərində və ya sadəcə sözlərlə texnikanı izah edərək sizə kömək edə bilər
  • Fikrinizi yayındırmağa çalışın: Əmizdirmə zamanı fikrinizi yayındırmaq üçün nəsə izləyə bilər və ya nəyəsə qulaq asa bilərsiniz. Hətta sadəcə telefonla məşğul olaraq fikrinizi yayındıra bilərsiniz.
  • Sağaraq qidalandırmanı sınayın: Əmizdirmə sizin üçün tam mümkünsüz görünürsə, körpənizi südünüzü sağaraq qidalandıra bilərsiniz.
  • Dəstək istəməkdən çəkinməyin: Belə halları yaşayan analar üçün gecə əmizdirmələri çox çətin olur, belə hallarda otaqda işığı açıq saxlayaraq əmizdirə bilər və ya südünüzü sağaraq ailə üzvlərindən körpəni qidalandırmasını istəyə bilərsiniz.
  • Körpənin fikrini yayındırmağa çalışın: Körpələr böyüdükcə, əmmə zamanı digər məməni əlləriylə oxşaya bilərlər. Bu hal istismara məruz qalan analar üçün çətin situasiya ola bilər. Belə hallarda körpəyə sərhəd qoymağa cəhd edə və ya körpənin diqqətini yayındırmaq məqsədilə əmizdirmə boyunbağından istifadə edə bilərsiniz.

Nəticə olaraq, əmizdirmə prosesi uşaqlıqda cinsi travma yaşamış analar üçün sadəcə bioloji bir funksiyadan daha artıqdır. Bu, həm onların psixoloji sağalması, həm də körpələri ilə sağlam emosional bağ qurması üçün mühüm bir mərhələdir. Analara yalnız psixoloji yardım deyil, sosial və iqtisadi dəstəyin də gücləndirilməsi vacibdir.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram