Məhsuldar südsağma “biclikləri”
Südünü sağan analar üçün məhsuldar süd sağma texnikaları və bir neçə “bicliklər” bu çətin olan yolda bir çox anaya asanlıq gətirə bilər. Ümumiyyətlə südün sağılması iki cür həyata keçirilir – əl ilə sağma və südsağanla sağma. Analardan ən çox gələn suallardan biri odur ki, hansı südsağan döşdən daha çox süd çıxardır? Müəyyən araşdırmalar əl ilə sağmanın aparatla sağmaqdan heç də geri qalmadığını göstərir. Lakin müasir anaların südsağan aparatlara üstünlük verməsini anlamaq çətin deyil.
Məhsuldar südsağmaya gəldikdə isə südsağandan çox südsağanın qıfının ölçüsü əsas rol oynayır. Südsağanlar, geyim kimi S, M, L, XL ölçüsündə gələ bilir, məsələn 24 və yaxud 27 mm qədər olan qıflar böyük ölçülü sayılır. Azərbaycana təəssüflər olsun ki, satışa əsasən tək və standart ölçülər satışa çıxarılır. Bu isə fərdi seçim etməyə mane olur. Bilirik ki, döşlər kimi, döşlərin gilələri də fərqli ola bilir, ona görə də yaxşı olar ki, südsağan almamışdan öncə südsağanın markası ilə deyil, onun qıfının ölçüsü ilə qadınlar maraqlansınlar. Südsağanın qıfının döşə uyğunluğunun ölçülməsinin öz üsulları var. Ölçünün düzgün götürülməsi haqqında posterdə ətraflı məlumat əldə etmək olar. Qıf düzgün seçilib döşün ölçüsünə uyğun olarsa, döşdən məhsuldar süd çıxacaqdır.
Əgər ana südsağandan istifadə edirsə gözündən qaçırmamalı çox balaca bir ünsür də var. Belə ki, markadan asılı olaraq əksər südsağanlarda yumşaq bir membran olur və o, vakuum yaratmağa kömək olur. Bəzən bu membranın elastikliyi itir, istismar vaxtı bitir, bu zaman südsağan döşdən lazımi qədər süd çıxarda bilmir və bunu dəyişdirməyə ehtiyac olur. Adətən südsağan aparatların üstündə ehtiyat hissəsi olaraq bu membranlar gəlir və yaxud saytlarında, dükanlarında ehtiyat hissələri olaraq satılır. Bu kiçik bir detal olsa da, böyük əhəmiyyəti var. O, kip oturmalı və vakuumu tam yaratmalıdır ki, südsağan döşdən lazım olan qədər süd çıxara bilsin. Membranlar ölçü, marka və formasına görə müxtəlif ola bilir. Nümunə olaraq, bir neçəsini təqdim edirik:
Döşü süd sağmaya necə hazırlamaq olar? Çoxumuz bilir ki, istənilən isidici effekt bədən üçün və yaxud döş üçün südün ifrazatını tezləşdirməyə səbəb olur. Bir qədər yağ götürüb (zeytun yağı ən optimalıdır), əlimizdə bir qədər isidib südü sağmadan öncə döşü yüngül masaj edirik. Masaj edərkən əllərimizi yuxarıdan aşağı və ya qoltuqaltından giləyə doğru gətirmiş oluruq ki, döş süd sağmağa hazırlansın. Dairəvi hərəkətlər də süd sağmağa çox kömək olur. Həmçinin ana südünü sağarkən onun kürəyini, boyun hissəsindən çiyinlərinə doğru ovxalayarsa, bu da südün sağılmağına kifayət qədər yaxşı dəstək göstərər. Döşləri massaj edərkən, müəyyən qaydalar mütləq nəzərə alınmalıdır. Daha ətraflı “Döşlər-həssas orqan” məqaləsini oxumağı tövsiyə edirik.
Döşü südsağmaya hazırladıqdan sonra qıfı aparatdan çıxarıb giləni onun içinə yerləşdiririk. Süd sağarkən gilə tam ortada olmalıdır. Əks halda, yəni südsağan döşə tam oturmadıqda qıfı çıxarıb mikrodalğalı sobada və ya isti suda isidə bilərik. İstilik effekti həm də südün sağılmağına, ifrazatına dəstək olur.
Bəzən qıfların içində yastığabənzər yumşaq silikon olur. Bəzən bu silikon südü düzgün və məhsuldar çıxartmağa mane olur. Onu çıxardaraq sağmağa cəhd etmək tövsiyə olunandır. Əgər sağılmada və sağılan südün miqdarında fərq varsa, demək ki, südsağanın bu hissəsini istifadə etməmək də olar. Adətən onlar belə görünür:
Anaların əksəriyyətinin elədiyi böyük səhvlərdən biri südsağanı yerləşdirərkən döşə bərk sıxmaqdır, bu da döşdə kanalların tutulmasına səbəb olur. Ona görə südsağan çox kip olmamaq şərti ilə rahat oturmalıdır ki, süd sağma zamanı diskomfort olmasın.
Ümumiyyətlə südü sağarkən ağrı olmamalıdır. Ağrının mövcudluğu sağmanın yanlış baş tutmasının göstəricisidir. Əksər analar sağmağa başlayarkən südsağanın ən güclü fazasını işə salırlar. Bu isə gilələrin zədələnməsinə, ağrıya və gilə çatlarının yaranmasına səbəb olur. Südsağma aşağı templə və zəif sağma fazası ilə başlamalıdır. Döşə tətbiq edilən sağma gücü mərhələli şəkildə artırılmalıdır.
Bir “bicliyi” də qeyd edək: analar adətən südü sağarkən sağılan südün miqdarını bilmək üçün gözlərini südün toplandığı butulkadan çəkmir və bilmədən özlərini stressə salırlar. Təcrübəli laktasiya məsləhətçisi Johanna Sargeant öz müşahidələrinə əsasən butulkanı uşaq corabına salıb sağmağı tövsiyə edir. Bu qayda ilə süd sağan əksər analar qənaətə gəlib ki, ana sağılan südün miqdarını görmədikdə daha çox süd ifraz olunur. “Corabda butulka” asan və effektiv bir ipucudur.
Südün sağılmağı əksər hallarda süni qidaya çox gözəl alternativdir, xüsusən işə çıxan, körpələri döşdən imtina edən və yaxud körpəsindən müəyyən səbəblərdən aralı qalmaq məcburiyyətində olan analar üçün südün əllə və yaxud aparatla sağılmağı çox vacibdir.
Müəllif: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi