Ana Südü və zərərli vərdişlər – siqaret, veyp, tiryək, qəlyan
Tütün məhsullarının istifadəsini dayandıran ana iki insanın-özünün və körpəsinin sağlamlığını ciddi şəkildə yaxşılaşdırmış olur. Bu cür zərərverici vərdişdən can qurtarmaq üçün analara dəstək mütləq şəkildə gərəkdir. Beləki, aşağıdakı hallarda qarşıya qoyulan çətinliyin həlli daha da gərginləşir: aclıq, yorğunluq, əsəbilik və ya tənhalıq. Yenicə ana olmuş qadınların əksər hissəsi bu hallardan birinə və ya bir neçəsinə birdən düşə bilirlər.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti hamiləlikdə siqaret çəkmək kimi zərərli vərdişin tərgitməyin aşağıdakı üstünlüklərini sadalayır:
- Hamiləlik dövrü daha az səhər ürəkbulanmalarınız olacaq.
- Hamiləlik dövrü sağlamlığınızla daha az problemləriniz olacaq.
- Daha sağlam körpə və hamiləliyiniz olacaq.
- Ölü körpə doğmaq şansınızı azalacaq.
- Doğuşunuz daha rahat keçəcək.
- Doğulduqdan sonra körpənizdə yaranan hər hansı çətinlik və problem daha rahat aradan qaldırılacaq.
- Körpənizin vaxtından öncə doğulmaq şansı daha azdır.
- Körpəniz normal çəkidə doğulacaq beləki, siqaret çəkən anaların körpələri normal körpələrdən 200 qram daha yüngül anadan olurlar. Bu isə onların müxtəlif infeksiyalara həssalığını artırır.
- Körpəniz gələcəkdə nəfəs yolları xəstəliklərindən daha az əziyyət çəkəcək.
- Siqaretin zərərli xassələri ana südü vasitəsilə körpənizin bədənini zəhərləməyəcəkdir.
Həmçinin əgər hamiləlik və ya əmizdirdiyiniz dövrdə siqareti tərk etmək istəyirsinizsə sizi hamiləlik resurlarında geniş yayılmış siqareti tərk etməyin yolları ilə tanış edirik:
- Sizə siqareti tərgitməyə yardım edə biləcək yaxın adamlarınıza, dost və qohumlarınıza, psixoloq və ya mütəxəssisə kömək üçün müraciət edin.
- Siqaretlə vidalaşacağınız günün tarixini təyin edin. Həmin gün üçün fikrinizi siqaretdən yayındıra biləcək fəaliyyət planı qurun: gəzinti, üzgüçülük, masaj, bazaqlıq. Mütləq siqaret çəkilən yerlərdən uzaq durun. Siqaretsiz keçən ilk gün onu tərk etməyə sizdə cəsarətin olduğunu sizə sübüt edəcəkdir.
- Siqareti tərk etməyi qərara aldığınız gündən öncə hazırlıq görün, planınızı bir daha nəzərdən keçirin və siqaretlərin hamısını tullayın.
- Unutmayın ki, sizdə siqaretdən aralanma nəticəsində əsəbi, qıcıqlanmış, narahat, səksəkəli, təlaşlı kimi simptomlar yaranacaqdır. Daha pis vəziyyət bir neçə gündən sonra özünü göstərəcəkdir, lakin özünüzə xatırladın ki, bunun körpənizə olan xeyiri və faydası ömrünün sonuna qədər olacaqdır.
- Hamilələr üçün icazə verilən nikotin əvəzləyici vasitələrlə maraqlanın.
- Tez-tez və az-az yeməklə nikotinə olan meylinizi meyvə və tum kimi qəlyanaltılarla əvəz edin. Sizə uyğun idmanla məşğul olmaq daha bir yardımçı olacaqdır.
Ən əsas məqamlardan biri olaraq siz tütün məmulatlarını tərgitdikdə körpənizi “Qəfil Körpə Ölüm Sindromu”ndan qoruya bilərsiniz. Qəfil Körpə Ölüm Sindromunun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz. Unutmayın körpəniz dünyaya gələndən sonra siqaret vərdişiniz ona “Qəfil Körpə Ölüm Sindromundan” həlak olmağa səbəb ola bilər. Körpələr balaca olduqlarından daha tez-tez nəfəs alırlar və nəticədə körpə bədəninə sizdən qat-qat artıq nikotin daxil olur. Əgər siz siqaret çəkirsinizsə, sizin körpəniz də çəkir. Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:
- Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
- Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
- Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin. Bağı olan papaqlardan ümumiyyətlə istifadə etməyin.
- Körpəniz istilənməməsi üçün onu çox geyindirməyin.
- Heç vaxt körpənizlə divan və ya kresloda yatmayın.
- İlk 6 ay körpənizi özünüzlə eyni otaqda yatırdın.
- Siqaret, alkoqol, uyuşdurucu maddələr və ya yuxugətirici dərman qəbul edən insanla körpənin yatması yolverilməzdir.
- Körpənizi ana südü ilə əmizdirin.
- Körpə 12 ay olmamışdan öncə yastıq və qalın yorğandan istifadə etməyin. Xüsusən körpələr üçün nəzərdə tutulan dəlikli yorğanlardan istifadə edin.
- Körpə yatan otağın temperaturunu 19-21 dərəcə arasında saxlayın.
Zərərli vərdişi tərgitmək
Bəzi yalnış fikirlərə əsasən tütün məhsullarından istifadənin qəfildən dayandırılması ziyan yetirə bilər. Əslində isə bu zaman müşahidə olunan öskürəyin artması orqanizmin təbii bərpa reaksiyasının nəticəsidir. Həmçinin statistikaya əsasən siqareti qəfildən atan insanlar tərgitmədə daha çox müvəffəqiyyətli olurlar.
Əmizdirən ananın qəfil tərgitmə prosesində nikotini müntəzəm şəkildə azaltmağa alternativ olaraq nikotinəvəzləyici terapiya (NƏT) metodunda istifadə edə bilər. Bu körpə və anada minimal çətinliklər yaşamağa səbəb olur. NƏT metodu zamanı bədənə digər zərərli maddələr daxil edilmir və burada istifadə olunan nikotin asılılıq yaratmır.
Məsələ orasındadır ki, nikotin beynə nə qədər cəld çatırsa, bir o qədər güclü nikotindən asılılıq yaranır. Tütün məhsulları çəkilən zaman nikotin beyinə ən geci 7 saniyəyə çatırsa, NƏT metodu zamanı nikotin bədənə daha az daxil olur və get-gedə miqdarı azalır. Bu metod körpəsini ana südü ilə qidalandıran analara uyğundur, lakin fasiləli vasitələrdən istifadələrə (məsələn nikotin plasteri əvəzinə saqqıza) üstünlük verilməlidir. Nikotinin bədəni yarımtərketmə zamanı 90 dəqiqəyə yaxındır ki, buna görə də uşaqlara ötürülən nikotinin dozasının azaldılması məqsədi ilə analar əmizdirmədən sonra NƏT istifadə edə bilərlər.
NƏT preparatlarının tərkibində olan nikotin dozası siqaret çəkməyən, hətta böyük adamlar da belə ciddi problemlər (ürək tutmalarına bənzər hallar) yarada bilər. Plaster formasında və ya saqqız kimi istifadə olunan vasitələr körpəyə yapışarsa körpədə ciddi problem yarada bilər. Bu səbəbdən həmin vasitələrin istifadəsindən öncə və sonra uşaqlardan uzaq saxlanmalıdır.
Tütün məhsullarının tərkibi
Siqaret tütününün 3 əsas zərərli komponentləri mövcuddur: qətran (xərçəng xəstəliklərinin riskini artırır), dəm qazı (ürək-damar sisteminin xəstəliklərinə, insult və bətndaxili uşaq xəstəliklərinə səbəb olur) və nikotin (zəhərdir, ən əsas törətdiyi problem asılılıq yaratmasıdır).

Elektron siqaretlər (Veyplər)
Birləşmiş Krallığın Milli Səhiyyə Xidmətinin (NHS) apardığı tətqiqatların nəticələrinə görə elektron siqaretlər adi siqaretlərdən 95% daha təhlükəsizdir. Elektron siqaretlərin istifadəsi körpə və uşaqları qətran və dəm qazı təsirinə məruz qoymur. Elektron siqaretlərinin çəkilməsi zamanı ətraf məkana atılan nikotinin miqdarı daha azdır. Əgər ana elektron siqaretlərdən istifadə edirsə, Kitemark keyfiyyət nişanı olanlara (bu nişan Britaniya Standartlar İnstitutuna məxsusdur) və ya Avropa Birliyi standartlaşdırma nişanı göstərilənlərə üstün verməyi tövsiyə edilir. Bu nişanlar məhsulun tərkibinin düzgün göstərilməsinə və elektrik komponentlərin təhlükəsizliyinə təminat verir.
Elektron və ya adi siqaretlərin istifadəsi zamanı körpə ilə yataq bölüşmək.
Tütün məhsullarından istifadə edən ananın (həmçinin atanın) körpə ilə yataq və ya yataq otağı paylaşması uzun müddətdir ki, mütəxəssislər tərəfindən Qəfil Körpə Ölüm Sindromu riskinin artması ilə əlaqələndirilir. Nikotininin təsiri neyroloji funksiyaların inkişafına xələl yetirir ki, bu da neyroloji sistem tərəfindən körpənin tənəffüsünün müdafiəsini təmin etmir. Həmçinin, körpənin ağciyərlərinin funksiyasına mənfi təsir göstərərək yuxu ilə bağlı respirator problemlərin yaranmasına təkan verir. Qısaca olaraq, ikinci əl siqaret istehlakçısı olan körpə yuxuda boğulmaq təhlükəsi ilə üz-üzə qalır.
Tiryək (marixuanna) və əmizdirmə
Əksər hallarda tiryək tütün ilə birlikdə çəkilir ki, bu zaman tütünün bütün zərərləri ilə bərabər tiryək daha dərin və uzunmüddətli ciyərlərə çəkilir. Tiryəkin tərkibində yağların miqdarının çox olmasına görə 1 tiryəkli siqaret 5-7 ədəd adi tütün siqaretə bərabərdir.
Tiryəkin tərkibində mövcud olan delta-9-tetrahidrokannabinol (THK) yağda həll olan fəal intoksikantdır. Bu təhlükəli maddə orqanizmin piy qatlarında toplanmaq xassəsinə malikdir ki, əmizdirən analarda rahatlıqla piy qatından südə keçə bilir. Bu komponent körpəyə dərhal təsir edir. Uşağa sakitləşdirici təsir göstərərək, süstləşmə və əmmə mexanikasının zəifləməsinə səbəb ola bilir. Nəzərə alsaq ki, THK bədəndə fəal toplanır və bədəndən ləng təmizlənir, onun ana südündəki miqdarı qanda olan miqdarından 8 dəfə çox ola bilir. Həmçinin tiryək ana südünün istehsalı üçün əhəmiyyətli olar prolaktinin səviyyəsinə mənfi təsir göstərir.
Tiryək çəkən ananın yuxusu daha dərin olduğundan körpəsinin Qəfil Ölüm Sindromu riski dəfələrlə yüksək olur. Bu səbəbdən körpə ilə eyni yatağı paylaşmaq qəti qadağandır.
Qəlyan

Qəlyan çəkmək üçün ətirlənmiş tütün közərən kömür qabına yerləşdirirlir və yaranan tüstü sudan keçərək çəkənin ağız boşluğuna daxil olur. Bəzən qəlyanı tütünsüz də edirlər. Lakin istənilən halda kömürün yanması zamanı tərkibi dəm qazı ilə zəngin qatı tüstü yaranır. Bütün bunlardan əlavə olaraq qəlyanın çəkilməsi prosesi uzunmüddətli olduğundan qəlyanın 1 dəfə çəkilməsi 100 ədəd siqaretin çəkilməsinə bərabərdir. Şübhəsiz ki, qəlyan da digər tütün məmulatları kimi ana südünə və körpəyə ziyan yetirmək qabiliyyətindədir.
Yuxarıda sadalanan mənfi hallar nəinki anaların tütün məhsullarının qəbulu zamanı hətta körpə ilə eyni məkanda (otaq, ev, nəqliyyat vasitəsində) olan digər qohum və yaxınların (ata, baba, sürücü və s.) çəkməsi zamanı da yarana bilir. Buna görə də siqaret çəkməyən valideynlər belə körpələrini zərərli tüstüdən qorumalı, çəkən insanlara xəbərdarlıq etməli və ya məkanı tərk etməkdən çəkinməməlidir.
Məqalənin mənbəyi: NHS və www.laleche.org.uk
Məqaləyə əlavələr: lllrussia.ru

2 Şərhlər