4031

Siz heç sadə əmziyə və ya şüşə butulkanın əmziyinə oxşayan qadın giləsi görmüsünüzmü? Əlbəttə, yox! Heç görməyəcəksiniz də! Çünki, bu mümkün olan bir hal deyil. Əmzik isthesal edən şirkətlərin də əmzikləri maksimal dərəcədə ana giləsinə oxşatmaq istəkləri və vədləri də mümkün olan bir hal deyil. Məhz bu əmziyin ananın giləsindən forma və əmilmə mexanizmi fərqinə görə də gilə çaşqınlığı meydana gəlir.

Döşdənkənar əmizdirmə vasitələri dedikdə, əksər anaların fikrinə şübhəsiz ki, əmzikli şüşə gələcəkdir. Lakin əksəriyyətin əmzikli şüşədən yedirtmənin ana südü və əmizdirməyə mənfi təsirlərindən bixəbərdirlər. Qısaca olaraq əmziyin və əmzikli şüşənin ziyanları haqqında:

– Süni əmzik və əmzikli şüşəni əmən körpədə əmmə çaşqınlığı yarana bilər, çünki təbii gilə və süni əmziyin forması fərqli olduğundan bunların əmilmə prosesi də bir-birindən kəskin şəkildə fərqlənir. Düzgün əmmə qabiliyyəti formalaşmamışdan öncə verilən süni əmziklər nəticəsində körpə ananın döşünü səhv götürür və ana çatlamış, zədələnmiş, ağrılı gilələr problemi ilə üzləşə bilər.

– Əmzikli şüşənin dəlikləri nisbətən gen olduğundan körpə asan axına öyrəşə bilər və nəticədə ananın döşündən imtina, döşdə kürlük kimi problemlər yarana bilər.

-Bildiyimiz kimi, körpənin ana döşündə əmməsi ananın südünün həmişə kifayət miqdarda olmasının təmimnatçısıdır. Əgər körpə döşdən imtina edərsə, anada südün azalması müşahidə oluna bilər. Çünki, nə əl ilə sağmaq, nə də südsağan aparatla sağmaq körpənin əmməsi qədər məhsuldar şəkildə döşdən süd çıxarda bilməz. Yeri gəlmişkən, südsağan aparatdan düzgün istifadə zamanı laktasiyanı yüksək saxlamaq mümkündür. Bunun üçün ana ən geci hər 2 saatdan bir döşlər tam boşalana kimi növbə ilə süd sağmalıdır. Üstəlik südsağanın qıfı tam gilənin ölçüsünə uyğun olmalıdır.

Sirr deyil ki, əksər körpələr əmzikli şüşədən sonra yenidən döşü götürməkdən imtina edir və ya çaşqınlıqdan döşü düzgün götürə bilmir. Əgər ananın və ya körpənin sağlamlığı ilə əlaqədar olaraq körpənin ana südünə olan ehtiyacını bir başa döşdə əmizdirməklə ödəmək olmursa, bu halda döşdənkənar əmizdirmə vasitələrindən istifadə etmək məsləhətdir. Döşdənkənar əmizdirmə üsullarıyla ananın sağdığı südü, donor südünü və ya süni qidanı vermək olar.

Bu üsulların əlverişliyi haqqında:

  • Körpəni əmzikli şüşənin mənfi təsirlərindən qorumaq olur.
  • Körpəni ananın döşünə tezliklə və problemsiz qayıtmağına kömək olur.
  • Artıq əmzikli şüşəyə öyrəşən körpəni yenidən ana döşünə öyrəşdirməyə yardım edir.

Döşdənkənar əmizdirmə üsullarının faydalarına rəğmən əksər qadınlar və onların ailələri bu üsullardan istifadə etməkdən çəkinirlər. Əsas səbəb isə bu üsulların daha çox vaxt aparmasıdır. Lakin ana südünün və körpənin döşdən əmməsinin həm körpə həm də ana üçün faydaları qısa müddətli narahatlığa dəyər və gələcəkdə mütləq özünü doğruldacaqdır. Ümumiyyətlə ana südü ilə bağlı istənilən problemləri dəf etmək üçün müsbət əhval-ruh, motivasiya, səbrli və israrlı olmaq gərəkdir.
Döşdənkənar əmizdirmə üsullarını əyani olaraq nəzərə çatdırmaq üçün hər bir üsula uyğun aşağıda videolar verilibdir:

Barmaqla əmizdirmə
Valideynlərdən biri körpənin ağzına TƏMİZ barmağını əmməyə verir. Eyni vaxtda körpənin ağzının küncündən kiçik tibb borusuna (yedizdirmək üçün və ya zond adlandırılan) qoşulmuş şpritslə ana südü və ya süni qida aramla və tələsmədən yeridilir. Bu üsul körpənin əmmə refleksinə müsbət təsir edir. Barmaqla əmizdirmənin digər bir üsulunda kiçik tibbi borucuğu (yedizdirmək üçün istifadə edilən və ya zond adlandırılan) valideynin çeçələ barmağına tibbi plasterlə yağışdırılır və barmaqla birlikdə zond da körpənin ağzına yerləşdirilir, qida olan şprits digər əldə saxlanılır və ehtiyatla yeridilir:

Bu üsulu eynilə südü az olan ananın döşündə də etmək olar. Sadəcə barmaq əvəzinə zond üstdən aşağı ananın giləsinə doğru yapışdırılır ki, körpə giləni götürəndə zondun ucu da onun ağzında olsun :

Damcıladanla (pipetka) ilə əmizdirmə

Stəkandan əmizdirmə
Döşdənkənar üsulları həyata keçirməklə və körpəni paralel olaraq döşə düzgün qoymaqla döşdən imtina edən körpəni tezliklə döşə qaytarmaq mümkündür. Körpənin döşə düzgün qoyulması haqqında növbəti videonu izləyə bilərsiniz:

Bir qayda olaraq, körpə döşü və ya döşdənkənar üsulları düzgün götürməzsə, əmizdirməni dayandırıb yenidən başlayın. Proses düzgün gedənə kimi təkrar edin, ümidsizliyə qapılmayın. Körpələr çox həssasdırlar və onlara ötürülən düzgün məlumatı qavramağa qadirdirlər.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.