Körpə əmizdirərkən qəhvə içmək olarmı? Kaffeinin südverən anaya və körpəyə hansı zərərləri ola bilər?
Hamilə olarkən bəzi qidaların qəbulunda məhrumiyyətlər normaldır, deyilmi? Bəs körpə doğulduqdan sonra necə olmalı? 9 aylıq qida qəbulundakı qadağalardan sonra köhnə yemək vərdişlərinə birbaşa qayıtmaq mümkündürmü?
Hamilə qadınlar əlbəttə ki, daha təmiz və faydalı ərzaqlar yeməyə çalışırlar. Hətta hamilə olduqlarını bilənə qədər yedikləri yumşaq pendir və suşi onların körpəsinə necə zərər verə bilər deyə təlaşa düşürlər. Amma südverən anaların narahatlığı körpə dünyaya gəldikdən sonra da davam edir.
Südvermənin azsaylı mənfi xüsusiyyətlərindən biri də bəzi qida qəbulundakı məhrumiyyətlərin olmasıdır. Əminəm ki, ana və bibi-xalalarımızdan bəzi ərzaqları qəbul edərkən südyeyən körpəyə təsiri haqda çoxlu əhvalatlar eşitmişik. Məsələn, kələm körpədə qaz və köp yaradır, qəhvə isə körpəni bütün gecə oyaq qalmağa məcbur edir. Amma necə ola bilər ki, mənim içdiyim qəhvə qurtumu südümə təsir etsin? Bu ziyanlıdır? Qısaca olaraq deyək ki, əgər sizin körpəniz 3 aydan böyükdürsə, müəyyən dozalarda qəhvə içmək zərərsizdir. Lakin qəhvəni çox miqdarda qəbul etmək məsləhət görülmür. Çünki qəbul etdiyimiz hər bir qida və içki sizin südünüzə və beləcə də birbaşa körpənizə keçir. Siz qəhvə içəndə nə baş verdiyinə nəzər salaq.
Qəhvənin körpələrə təsiri bir sıra faktorlardan asılıdır
Əgər siz hamilə vaxtı qəhvə içmisinizsə, onda körpəniz doğulduqdan sonra kaffeinə daha az reaksiya verəcək. Əgər siz əminliklə deyə bilərsiz ki, mən hamilə vaxtı qəhvə içməmişəm, sizin körpənizin kofe qəbulundan sonra bir sıra reaksiyaları ola bilər.
6 aydan böyük uşaqlar kaffeinə daha dözümlüdürlər və əgər siz latte içərkən körpənizdə narahatlıq görürsünüzsə, onda bir neçə ay onun böyüməsini gözləyin.
Baby Centerin verdiyi məlumata əsasən körpələr 3 ayından etibarən kaffeini daha yaxşı həzm edirlər.
Avstraliya Əmizdirmə Assosasiyası xəbərdarlıq edir ki, yeni doğulmuş körpələr kaffeini uzun müddətə- 160 saata qədər ( 6 günə yaxın) həzm edirlər. Lakin 6 aydan sonra yuxarı körpələr 3-7 saat içində kaffeini həzm edirlər.
Neçə fincan kəhvə icazəlidir?
İçdiyimiz qəhvənin yalnız 1%-i qan dövranı vasitəsilə südümüzə keçir. Qəhvənin qəbulundan bir saat sonra ana südündə pik nöqtəsinə çatmış olur.
Neçə fincan qəhvə qəbulu yalnız individual ola bilər. Bu, ana və körpədən asılıdır. Əgər sizin orqanizm kaffeini tez və effektiv həzm edə bilirsə, deməli körpənizdə daha az mənfi təsir müşahidə ediləcəkdir.
Hamilələr və süd verən analar üçün ən maksimal doza gün ərzində 300 mq (2 fincan) hesab olunur.
Healthchildren.org saytına istinadən deyə bilərik ki, əgər siz gün ərzində 3 fincandan çox qəhvə qəbul etmirsinizsə, onda körpənizin sidiyində heç bir kaffein izinə rast gəlinmir.
Kaffeinin ana südünə təsiri
Kaffein- yumşaq stimulyatordur və araşdırmalar göstərib ki, analar kaffeinin körpələrinə müxtəlif cür təsirlərini qeyd ediblər. Bəziləri körpələrin pis yatdığını və daha narahat olduğunu qeyd edirər. Kaffein həm də anada südgəlmə refleksini də da azalda bilər. Kelli Bonyatanın 1994-cü il araşdırmasına əsasən qeyd olunur ki, “Kaffeinin xroniki qəbulu ana südündə dəmirin azalmasına gətirib çıxara bilər”.
Gizli kaffein
Unutmayaq ki, kaffein təkcə qəhvədə deyil, enerji içkiləri, çay, şokolad hətta bəzi soyuqdəymə əleyhinə dərmanların tərkibində də mövcuddur.
Ona görə düşünməyək ki, biz hər gün 5 fincan çay qəbul etsək, kaffein qəbul etməmiş sayıla bilərik.
Çayda və şokoladda kaffein əlbəttə ki, azdır. Lakin siz bir neçə fincan qəhvə qəbul edib, çay yaxud enerji içkisi ilə şokolad qəbul edirsinizsə, bu hamısı toplanır.
Sizin qəhvə asılılığınızla necə mübarizə aparmaq olar?
Əgər körpənizin siz qəhvə içərkən əhvalında heç bir dəyişiklik müşahidə etmirsinizsə, onda içməyə davam edə bilərsiz. Əsla, qəhvəni çox qəbul etməyin. Kaffeinin qəbulunda hər zaman diqqətli olun. Həddən artıq qəbulu sizin körpənizi daha narahat və daha oyanıq edəcək.
Hətta bir neçə gecə yuxusuz keçirmisinizsə, espressonu bir-birinin ardınca qəbul etməyin.
Əgər həddən artıq qəhvə içirsinizsə, onda bir neçə həftə ərzində qəbulunu azaltmağa çalışın. Birdən-birə kəsməyin. Bu sizdə baş ağrılarına gətirib çıxarda bilər.
Körpənizin sizin içdiyiniz kaffeinə reaksiyası var idisə, hətta siz qəhvəni tərgitdikdən bir neçə gün sonra körpə tam normal halına dönəcəkdir. Çünki kaffein bu müddət ərzində onun orqanizmində qalmış ola bilər.
Müxtəlif qəhvə brendlərinin tərkibində kaffein də fərqlidir. Siz daha az kaffeinli olanları içə bilərsiniz. Yaxud da əgər sizə dad daha önəmlidirsə, onda tam qəhvə dadı verən şirinbiyan qəhvəsi qəbul edin. Dekaf və ya kaffeinsiz qəhvələrin qəbulu məsləhət deyil, belə ki, qəhvənin kaffeinsizləşdirilməsində bir sıra zərərli kimyəvi maddələrdən istifadə edilə bilər.
Körpəniz yeni doğulubdursa, qəhvədən çəkinin. Əgər qəhvə içməyi planlaşdırırsınızsa, yaxud kaffein tərkibli nəyisə qəbul etmək istəyirsinizsə, onda onu yavaş-yavaş rasionunuza daxil edin və körpənizin reaksiyasına baxın. Özünüzü tamamilə qəhvədən məhrum etməyin. Lakin körpənizin əhvalı və sağlamlığı sizin qəhvə içmək vərdişinizdən öndə gəlməlidir.
Tərcümə: Günel Eminli
Mənbə: www.momtricks.com