Bağla

Əmizdirmə və spirtli içkilər

Bir neçə il əvvəl qəti şəkildə qadınlara spirtli içkinin istifadəsi qadağan olunmuşdu və bu həm hamiləlik, həm də laktasiya dövrünə aid idi. Bu isə ondan irəli gəlirdi ki, spirtli içkilərin tərkibində olan alkoqolun molekulu çox kiçikdir və bu molekul asanlıqla hamiləlikdə plasentar baryerinə, laktasiya dövründə isə çox rahat şəkildə qana, qandan da südə keçə bilir. Bu, qızıl bir qayda olaraq illərcə mövcud olmuşdur.

“Hamilə və laktasiya dövründə olan qadın spirtli içkilərdən uzaq durmalıdır”.

Lakin son illər bu qadağanın ildən-ilə yumşalma tendensiyasını sezməyə başladım. İlk olaraq ingilis dilli mənbələrdə spirtli içkiləri içəndən sonra müəyyən gözləmə vaxt intervalı cədvəllərinin şahidi oldum. Cədvəllər hazırlanıb analara təqdim edilir və xüsusi olaraq hansısa bir spirtli içkiyə aid olaraq təsnif olunurdu. Məsələn, pivə, likör, şərab, vodka və s. alkoqollu içkilər. Cədvəldə hansı alkoqollu içkinin hansı miqdarda hansı müddətdə əmizdirən ana tərəfindən qəbul oluna bilər və bundan sonra ana nə qədər gözləməli, əmizdirməməli və s. kimi hallar göstərilirdi.

Həmin vaxt məndə belə bir sual yarandı: “Axı nə baş verir?”

Burda iki məqam ola bilərdi:

Ya alkoqol molekulunun ölçüsü böyüyüb – bu qeyri-mümkündür.

Ya da anaların süd baryeri daha da güclənib – bu da qeyri-mümkündür.

Ondan sonra rus dilli mənbələrdə analar tərəfindən suallara rast gəldim: “Mən əmizdirirəm, əmizdirmə vaxtı içə bilərəmmi”, yenə də orada yumşaldılmış şəkildə cavab verilirdi ki, bu qədər içə bilərsiniz ondan sonra bu qədər gözləməlisiniz və s. Mənə çox maraqlı oldu ki, necə olur ki, illər öncə qadağada, qara siyahıda olan bir qida hal-hazırda yumşaldılmış şəkildə analara təqdim olunur.

Alkoqollu içkilər laktasiya dövründə hansı problemlər yarada bilər?

İlk növbədə ondan başlayaq ki, alkoqollu içkilərin böyük insana təsirinin hansı fəsadları varsa eyni ilə uşaqlara təsir edir. Alkoqollu içki qəbul edən ana ilk növbədə uşağa qayğı göstərib diqqət yetirəcək vəziyyətdə olmur. Uşaq tərkibində alkoqol olan süd içir, böyük insan necə səndəliyirsə, yuxululuğu artırsa və yaxud səhhətində hansısa bir problem yaranırsa eynisi uşaqda da baş verir. Spirtli içki bu dövrdə uşağın beyin inkişafı üçün xüsusi risk yaradır. Bu hal uşağın həm beyin, həm də fiziki inkişafına zərər vurur, yuxu rejimi dəyişərək hər halına təsir edir. Buna analoq olaraq “opioid körpə” anlayışını nümunə gətirmək olar.

“Opioid körpə” nə deməkdir?

Bu termin ingilis dilli mənbələrdə “Neonatal Opioid Withdrawal Syndrome” (yeni doğulmuşların opioid asılılığı sindromu) kimi tanınır. Sindrom hamiləlik zamanı plasenta vasitəsilə opioidlər və ya asılılıq yaradan maddələr qəbul edən yeni doğulmuş körpələrə təsir edən bir vəziyyətdir. Körpələr həyatlarının ilk bir neçə günündə abstinensiya simptomları yaşayırlar. Yenidoğulmuş körpədə hamiləlik dövründə narkotik (opioid) və ya asılılıq yaradan maddələr aşağıdakılardır:

  • Amfetaminlər.
  • Buprenorfin.
  • Kodein.
  • Heroin.
  • Oksikodon.
  • Hidrokodon.
  • Morfin.
  • Metadon.

Sindromun özünü körpələrdə göstərdiyi simptomlara aşağıdakılar daxildir:

  • Qusma və ya ishal.
  • Qızdırma və tərləmə.
  • Tez-tez nəfəs almaq.
  • Ucadan, yüksək səsli və həddindən artıq ağlamaq.
  • Tez-tez əmmək.
  • Titrəmə (titrətmə).
  • Bez səpkisi.
  • Hipertoniya və həddindən artıq aktiv reflekslər.
  • Çəki almaqda çətinlik.
  • Yuxuya getməkdə və yuxuda qalmaqda çətinlik.
  • Qidalanma problemləri.
  • Dərinin ləkəli, mərmər naxışı (xal) var.

Opioidlərdən başqa körpələrə ana bətnində olarkən asılılıq yarada bilən digər maddələr bunlardır:

  • Alkoqol.
  • Barbituratlar.
  • Benzodiazepinlər.
  • Nikotin.
  • Bəzi antidepressantlar.

Laktasiya dönəmində spirtli içkilər qəbul edən analara gədikdə isə Ted Greiner adlı qida aliminin bu mövzuda elmi məruzəsi ilə rastlaşdım. Ted Greiner beynəlxalq səviyyədə çox tutarlı bir mütəxəssis və araşdırmaçıdır, 8 ölkədə işləyib və yaşayıb, üstəlik Ümumdünya Səhiyyə Təşkilatı üçün məsləhətçi qismində çıxış edib, İsveç Beynəlxalq İnkişaf Kooperasiya Agentliyi üçün xeyli müddət işləyib. Onun araşdırma sahəsi qidadır, xüsusən də ana və körpələrin qidalanması.

Ted Greiner öz məruzəsində analara laktasiya dönəmində “spirtli içkilərin qəbuluna dair yumşalmaların” baş verməsini gözəl şəkildə izah edir. Məlum olur ki, əslində alkoqollu içkilərin əmizdirən ananın qidasında yerinin olmamağı elmi sübutdur, təsdiqini tapıb, artıq sübuta ehtiyac yoxdur. Əksər alkoqollu içki qəbul edən analar hamiləlik və ya əmizdirmə dövründə uşaq naminə onu tərk edirlər. Heç bir qadın unutmur ki, spirtli içkilər və nikotin ana və körpə üçün hər zaman risk faktorudur.

Lakin alim izah edir ki, beynəlxalq səviyyədə belə bir tendensiya var və artıq qadınlar alkoqollu içkidən uzaq düşməmək üçün əmizdirməni dayandırmağa üstünlük verirlər. Araşdırmalara görə:

Ananın həmin içkini qəbul edəndən təxminən 30-60 dəqiqə sonra südün miqdarında alkoqolun səviyyəsi pik nöqtəyə çatır və alkoqolun ümumiyyətlə südün tərkibində qalma müddəti hər içilən miqdara görə uzanır. Məsələn, bir porsiya içki 2-3 saat süddə özünü göstərə bilir, iki porsiya içki 4-5 saat, üç porsiya isə 6-8 saat özünü süddə göstərə bilir.

Nəticədə analar düşünür: “Alkoqollu içki qəbul etsəm mənim uşağım da onu qəbul etmiş olacaq, mən də alkoqolu tərk edə bilmirəm və uşağımı da riskə atmaq istəmirəm buna görə də süni qidaya keçim”.

Bu tendensiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatlar, alimlər, araştırmaçılar müştərək qərar verirlər ki: “Gəlin biz heç olmasa analara minimal bir hədd qoyaq. Həmin həddi ya zaman, ya da miqdar çərçivəsində edək ki, analar əmizdirməni davam etsinlər deyə onlar üçün mütləq şəkildə müəyyən müsbət bir tövsiyə verək”.

Təəssüf ki, maraqlı məqamlardan biri də odur ki, anaların bu məsələdə maarifləndirilməsi əks təsir göstərmişdir. Məlum olmuşdur ki, analar çox məlumatlı olduqca, alkoqollu içkilərin onların və uşaqların sağlamlığına ziyan vurduğunu bildikcə, bir o qədər də əmizdirmədən qaçmağa cəhd edirdilər.

Nəticədə səhiyyə mütəxəssisləri iki ziyandan daha az olanı seçmək məqsədilə analara seçim verməli olurlar. Bununla körpələrin yenə də ana südündən hətta alkoqol fonunda olsa belə faydalanmalarını, davam etmələrini təşfiq edirlər.

Ana istər rus dilli, istərsə də ingilis dilli ədəbiyyatda bir tövsiyəyə rast gəlsə ki, məsələn əmizdirirsinizsə filan miqdarda, filan saatdan filan saata qədər içki qəbul edə bilərsiniz, bu o demək deyil ki, alkoqollu içkinin təsiri yoxdur və yaxud onun qadağası aradan qaldırılıb, bu o deməkdir ki, alkoqollu içki hələ də ananın və körpənin sağlamlığına ziyan yetirir sadəcə, ana südünün körpə sağlamlığına verdiyi töhfəsinə alkoqolun qəbulunun maneə olmamasına üstünlük verilir.

Məsələn, əgər ana həftədə 1 dəfə alkoqollu içki qəbul edirsə amma həftə ərzində uşağı da əmizdirirsə, analar bilməlidir ki, körpələrə yenə də ziyan dəyir, yəni alkoqollu içki içsələr yenə də onların körpələri o içkini süd vasitəsi ilə qəbul edir və bunun ziyanını görür. Buna görə mütləq şəkildə bu məqamı nəzərə almaq lazımdır.

Bu tendensiyanın kökü yalnız və yalnız ondan irəli gəlir ki, anaları daha çox əmizdirməyə həvəsləndirsinlər nəinki alkoqollu içki səbəbi ilə analar əmizdirməni tərk etsinlər.

Bəs pivə?

O halda ki, alkoqollu içkilər haqqında danışırıq pivəyə toxunmaq istəyərdim. Pivə haqqında belə bir anlayış var ki, o südü artırır – bu doğrudur, çünki onun tərkibində arpa var, arpa da biz bilirik ki, süd artırma qabiliyyətinə malikdir. Lakin bu pivələr də sıfır alkoqol tərkibli olmalıdır. Çünki ana məsələn südünün artmağı üçün pivə içirsə, südü artacaq amma həmin alkoqol da onun südünə keçəcək, yəni körpəsinə də keçəcək ona görə də əgər pivədən süd artıran vasitə kimi istifadə etmək fikriniz varsa o zaman sıfır alkoqolu olana üstünlük verməlisiniz. Həmçinin özünüzün və körpənizin qlütenə olan həssaslığınızı nəzərə almalısınız. Pivənin kalorili olmağını da nəzərə almalısınız, çünki bildiyiniz kimi insanlar pivədən cox güclü şəkildə kökələ bilir, bu da onun tərkibində olan şəkər, arpa və s. maddələrin təsirindən irəli gəlir. Əgər laktasiya dövründə spirtlilər barədə bir sualınız varsa, şərh yazın, cavablandırarıq.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram