Bağla

Vərəm xəstəliyi və əmizdirmə

Hər zaman əminliklə vurğuladığımız bir məqam var “Ana südü körpə üçün optimal və əvəzsiz qidadır”. Lakin anaların düşüncəsində sual yarada bilər ki, “Görəsən bu və ya digər vəziyyətdə də ana südü və əmizdirmə optimal qida olaraq qala bilirmi?” Bu vəziyyətlərdən biri də vərəm xəstəliyidir. Anaların ağlında hər hansısa bir sualın qalmaması üçün bu mövzunu araşdırıb, sizə təqdim edirik. Təbii ki, hər zaman olduğu kimi elmi araşdırmalara istinad edərək.

Elmi mənbələr bizə bu haqda nə deyir ?

“İngiltərənin İctimai Sağlamlıq Agentliyi” hamilələr arasında yayadığı məlumata əsasən vərəm xəstəliyi hamiləlik dönəmindən ana və körpə üçün ciddi təhlükə göstərən diaqnozdur. Bəs vərəmə yoluxma riskində kimlərdir? Hər kəs vərəmə yoluxa bilər, lakin hamilə qadınların vərəm riskinin bir qədər yüksək olması mümkündür. Bəzi insanlar digərlərindən daha çox risk altındadır. Bunlara aşağıdakı insanlar daxildir:

  • eyni evdə yaşayan və ya vərəmli biri ilə uzun müddət təmasda olan
  • vərəmin yüksək olduğu bir ölkədə uzun müddət yaşayan, işləyən və ya qalan
  • xəstəlik səbəbindən infeksiyaya qarşı mübarizə apara bilməyən və immuniteti zəif olan
  • çəkisi az olan
  • zərərli vərdişlərdən (narkotik və ya alkoqoldan) asılı olan

Hamiləlik dövründə vərəmin simptomları hansılardır?


Hamilə qadınlarda vərəmin simptomları qeyri-spesifik və ya hamiləliyin erkən dövründə tez-tez rast gəlinən simptomlara bənzər ola bilər:

  • bir neçə həftədən çox davam edən öskürək
  • davamlı qızdırma (yüksək hərarət)
  • gecələr güclü tərləmə
  • iştahsızlıq
  • səbəbi bilinməyən çəki itkisi
  • ümumi və qeyri-adi yorğunluq və özünü pis hiss etmək
  • qanla öskürmək
  • boyun vəzilərində (və ya bəzən digər vəzilərdə) davamlı şişkinliklər

Xoşbəxtlikdən vərəm müalicəsi üçün istifadə olunan dərmanlar, antibiotiklər hamiləlik zamanı təhlükəsiz sayılır. Standart müalicə kursu 6 ay davam edir və bunu tamamlamaq çox vacibdir. Müalicə tamamlanmadığı təqdirdə vərəm dərmanlara davamlı formaya çevrilə bilər, bu isə daha çətin müalicə olunur. Əgər hamiləlik zamanı, anada vərəmə erkən diaqnoz qoyulub və müalicə olunursa, körpəyə yoluxma ehtimalı çox azdır. Müalicə gecikərsə, erkən doğuş və az çəki ilə doğulma riski arta bilər. Hamiləlik zamanı körpənin ana bətnində vərəmə yoluxma riski çox nadir olur.

Qısaca olaraq, ana yoluxdurucudursa, yeni doğulmuş körpəsini yoluxdura bilər; adətən bu, yalnız öskürəyi olduqda və müalicə almadıqda baş verir. Körpənin vərəmli anadan aktiv vərəmlə doğulması çox nadir haldır.

Bəs əmizdirmə dönəmində bu risk necə qiymətləndirilir ?

Təbii olaraq anaları düşündürən əsas iki məqam var:

  1. Körpəyə vərəmin yoluxma ehtimalı
  2. Vərəm dərmanlarının ana südü vasitəsiylə körpəyə keçməsi və zərərləri

Tədqiqatlar bizə deyir ki, hər iki riskin səviyyəsi ananın xəstəliyinin növündən və yoluxdurucu olub-olmamasından asılıdır. Yəni, əgər anada dərmanlara həssas vərəm mövcuddursa və o artıq yoluxdurucu deyilsə, əmizdirmə təhlükəsiz hesab olunur. Çünki:

  • Ana südündə vərəm bakteriyası olmur
  • Birinci sıra vərəm dərmanlarının südə keçən miqdarı çox azdır
  • Bu miqdar körpə üçün zərərli hesab edilmir

Bir çox klinik tövsiyələr belə hallarda ana südü ilə qidalanmanı dəstəkləyir.

Bəs hansı hallarda əmizdirmə riskli sayılır?

  1. Ana hələ yoluxdurucudursa – Südün tərkibində vərəm bakteriyaları olmasa belə, ana aktiv şəkildə yoluxdurucudursa, körpəyə hava-damcı yolu ilə yoluxma riski mövcud ola bilər.
  2. Rifampisinə davamlı vərəm – Dərmana davamlı vərəm zamanı müalicə daha uzun və bəzən daha az effektiv olduğundan, dərmanların ana südünə nə qədər keçdiyi barədə kifayət qədər elmi məlumat olmadığından bu vəziyyət daha mürəkkəb və həmçinin klinik nəzarət tələb edir.

Ümumi nəticə olaraq, klinik araşdırmalar hələ də davam edir. Ana südü ilə qidalanma əksər vərəmli analarda davam etdirilə bilər və klinik tövsiyələr bunu dəstəkləyir. Bununla belə, yoluxduruculuq statusu və xəstəliyin dərmana davamlı formaları kimi faktorlar risk qiymətləndirilməsində əsas rol oynayır. Bu səbəbdən əmizdirmə ilə bağlı qərarlar fərdi klinik vəziyyət nəzərə alınaraq verilməli və həkim nəzarəti altında aparılmalıdır. Mövzu üzrə elmi araşdırmalar hələ də davam edir.

Vərəm kimi ciddi xəstəliklərin fonunda öz anası tərəfindən əmizdirilə bilməyən yeni doğulmuş körpələr üçün süd anası və donor südünün nə dərəcədə əhəmiyyətli olması məsələsi də aktuallığı ilə gündəmə gəlmiş olur.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram