Pozitiv aynalama və əmizdirməyə faydası
Ümumiyyətlə pozitiv aynalama nədir?
Təsəvvür edin ki, heç vaxt getmədiyiniz bir kafeyə gedirsiniz və bu kafedə tanımadığınız, ömrünüzdə ilk dəfə gördüyünüz çoxlu insanlar var. Həmin insanların sizə qəribə baxışlarını sezməyə, qaşqabaqlarını görməyə başlayırsınız. Heç kim sizi sayıb üzünüzə baxmır, kafeyə girib dayanmısınız, sizə isə yaxınlaşan və diqqət göstərən yoxdur. Hətta yaxınlaşan olsa belə sizdən sifarişi qaşqabaqla qəbul edir. Kafedə heç kimdən müsbət bir abu-hava hiss etmirsiniz, biri şübhə ilə baxır, o birisi sizi başdan ayağa süzür. Sözsüz ki, belə bir şəraitdə ürəkaçan hisslər yaranmayacaq. İnsan bu hallarda özündən şübhələnməyə başlayır, əyninə baxır, paltarın ətəyini, çantasını və s. düzəldir:
“Görəsən mənim üst-başımda nə var ki, camaat mənə belə baxır?”
Nəhayət öncədən bu kafedə görüş təyin etdiyiniz rəfiqənizin masasına yaxınlaşırsınız və görürsünüz ki, rəfiqəniz həmişəkindən fərqli olaraq sizinlə çox soyuq davranır, çox soyuq salamlaşdı, qəribə bir mimika ilə oturub sizinlə kəlimə belə kəsmədi. Siz yenə də özünüzdən şübhələnirsiniz ki, görəsən mən nə etmişəm, rəfiqəm inciyibmi məndən, inciyibsə nədən inciyib? Hətta bu barədə soruşmaq fikrinə də düşürsünüz.
Yuxarıda gətirilən bu nümunə pozitiv aynalamanın tam əksi olan neqativ aynalamaya misaldır. Pozitiv aynalamaya xoş mimika, təbəssüm, xoş söhbət, diqqət və s. daxildir. Yəni insan sizinlə söhbət edir, sizi sayır, görür, səs tonu yumşaqdır, səsindən mehribanlıq yağır.
Pozitiv aynalama ilə uşaqlar böyüyəndə özlərini sevə bilir, özlərinə hörmət edir, nəticədə isə özünü sevib özünə hörmət qoyan insan sözsüz ki, ətrafdakı insanlara da eyni ilə davranır. Həmin uşaqlarda özünə inam hissi, özgüvən yüksək olur. Körpə hər dəfə onunla ünsiyyətdə olan böyüklərin üzündə təbəssüm görürsə, onunla hətta anlamasa belə söhbət edildiyini görürsə, düşünür ki, mən nə qədər yaxşı bir körpəyəm ki, məni görən sevinir.
Bəs pozitiv aynalama əmizdirməyə necə təsir göstərir?
Təsəvvür edin ki, soyuq münasibət görən uşaqlar, yəni neqativ aynalama görən uşaqlar, əksər hallarda hətta döşdən imtina edirlər, biz bunu bir neçə aylıq, hətta bir neçə həftəlik körpələrdə belə sezə bilirik. Pozitiv aynalamanın əmizdirməyə müsbət təsirinə qaldıqda isə ilk növbədə qeyd edək ki, yeni doğulmuş körpələr üzərində aparılan təcrübələrə əsasən, məlum olmuşdur ki, körpələr hətta erkən vaxtlarından valideynin mimikasını təqlid edirlər. Əgər ana və yaxud ata dilini çıxardırsa, körpə də bunu görüb dilini çıxartmağa cəhd edir. Xarici ədəbiyyatlara baxsaq, belə bir gülməli, amma texnika kimi işə yarayan məqamla rastlaşırıq: analara deyirlər ki, körpələrinizi döşə qoymamışdan öncə, mövqeyini tənzimləyib, yəni döşünüzü körpənizin burnu səviyyəsinə gətirdikdə öz ağzınızı geniş açıb “A” deyin, bu halda körpə də sizə baxıb ağzını geniş açıb döşü geniş ağızla götürməyə cəhd edəcək. Bu həqiqətən də işə yarayır, bəlkə sual yaranır ki, bu nə qədər mümkündür, amma praktikada bunu doğrudan da müşahidə etmək olur. Bu da pozitiv aynalamanın nümunələrindən biridir.
Körpə qəfil əmməkdən imtina edirsə?
Əgər sizin körpəniz birdən birə döşdən imtina etməyə başlayırsa, bu haqda düşünün, baxın görün körpənizlə poziv aynalamanız nə dərəcədə güclüdür. Əgər güclü deyilsə, bununla bağlı müəyyən problemləriniz varsa çalışın ki, onları aradan götürəsiniz. İnanın ki, pozitiv aynalama nəticəsində körpələr döşü daha həvəslə əmməyə başlayırlar.
Sonda tövsiyə etmək istəyərdim ki, pozitiv aynalamanı yalnız öz uşaqlarınıza qarşı münasibətdə deyil, cəmiyyətdə gördüyünüz bütün uşaqlara qarşı edin, bunu istənilən körpə ilə uzaq məsafədən olsa belə, edə bilərsiniz. Ən azından heç bir səbəb olmadan onlarla salamlaşa bilərik, gülümsəyə bilərik, uzaqdan əl edə bilərik. Bunlar hamısı pozitiv aynalamadır. Belə kiçik müsbət emosiyalarla biz həqiqətən də gələcək nəsli pozitivə doğru dəyişə bilərik, daha az aqressiv olmalarına səbəb ola bilərik, özlərinə inam, özgüvən, sevgi, gələcəkdə onların böyüklərə olan hörmət hisslərini daha çox artıra bilərik. Sözsüz ki, böyüklərlərlə də tətbiq etsək daha gözəl olar. Daim üzünüzdə təbəssümün olmasına çalışın. Həqiqətən də təbəssüm çox güclü bir qüvvəyə malikdir.
Hazırladı: Səltənət Zülfüqarova