Körpəsini ana südü ilə əmizdirmək qərarına gələn analar tez-tez ətrafdakılara müxtəlif suallarla müraciət edirlər. Bu suallar arasında ən çox soruşulan:
“Necə edim ki, körpəmə verdiyim südümün yağlılığı, doyumluğu və tutumluğu çox olsun?”
Bu suala cavab vermək üçün ana südü və laktasiyanın fiziologiyası üzrə ixtisaslaşan Michael Woolridge adlı alim araşdırma aparmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, ananın südündə yağlılığın miqdarına 4 faktor təsir göstərir:
Öncəki əmizdirmdən sonra keçən müddət
Öncəki əmizdirmənin sonunda süddə mövcud olan yağın miqdarı
Öncəki əmizdirmə zamanı istehlak edilən südün miqdarı
Cari əmizdirmə müddətində istehlak olunan südün miqdarı
Yuxarıda göstərilənlən bir daha körpələrin öz tələblərinə və istəklərinə uyğun müddət və tezlikdə döş əmmələrinə şərait yaratmaq tövsiyəsini möhkəmləndirir. Körpə döşdə keçirtdiyi müddətcə daha çox yağlı süd əldə etmək şansı yaranır. Ana südü hər əmizdirmədə fərqlidir və bu fərqi çox gözəl şəkildə körpə keçirdiyi vaxta görə tənzimləyə bilir.
Karlos Qonzalez dediyi kimi: ” Siz elə bilirsiniz ki, körpəniz hər dəfə əmizdirilərkən eyni qida alır? Aylarca eyni südü içmək çox cansıxıcı olardı. Ana südü bu mənada çox fərqlidir. Körpəniz əmizdirilərkən çox böyük “menyuya” sahib olur. Bu menyuya daxil olanların çeşidi yüngül şorbadan, qaymaqlı desertə kimi dəyişə bilir. Bir halda ki, körpə danışa bilmir (və ya döş onu başa düşmür), sifariş 3 üsulla verilir:
Körpə hər əmizdirilməsində südün miqdarını, müddətini və sürətini özü seçir.
Körpə əmizdirilmələr arasında intervalı özü tənzimləyir.
Körpə bir əmizdirilmə sessiyasında bir və ya hər iki döşdən yeyir.”
Əmizdirən ananın südünün yağlı, tutumlu, körpəyə uyğun keyfiyyət və miqdarda olması üçün əmizdirməni sərbəst qrafiklə, daha doğrusu heç bir qrafik və rejimin olmaması ilə həyata keçirilməsi mütləqdir.
Hazırladı: Səltənət Zülfüqarova