Laktasiya zamanı oruc tutmaq yoxsa tutmamaq?
Ramazan ayı yaxınlaşdıqca təbii olaraq hamilə və əmizdirən anaların ağlında bir sıra suallar yaranır: “Mən oruc tuta bilərəmmi?” ,”Oruc tutmaq mənim üçün vacibdirmi?”, “Oruc tutmaq südümə təsir edəcəkmi ?” və s.
Hamiləlik və əmizdirmə dövrü qadınlar üçün həm fiziki, həm hormonal, həm də psixoloji baxımdan çox fərqli bir mərhələdir. Həmçinin hər bir ana, hər bir qadın fərqli fiziki xüsusiyyətlərə malikdir. Məhz buna görə də, bu suallara konkret “hə” və yaxud da “yox” deyə cavab vermək mümkün deyil. Çünki, “əmizdirən qadın oruc tuta bilər”, “tuta bilməz” deyə ümumi bir hökm yoxdur. Bu məsələyə həm dini, həm də səhhət cəhətdən fərdi yanaşma mütləqdir.
Elmi araşdırmalar nə deyir?
Biz bu sualların cavabını beynəlxalq tədqiqatlar, elmi mənbələr əsasında araşdırıb, sizlərə təqdim edirik. Vurğuladıq ki, hər bir ana fərqli fiziki xüsusiyyətlərə malikdir. Təbii ki, həm körpənin yaşı, həm də ana-bala cütlüyünün əmizdirmə dinamikası burada çox böyük rol oynayır. Məsələn, körpəsi 3 aylıq olan ana ilə körpəsi 1 yaşında olan ananın oruc tutması eyni nəticəni vermir. Çünki körpənin ana südünə ehtiyacı və aldığı mikroelementlərin miqdarı fərqlidir. Əmizdirmə tezliyi də bu dövrlərdə tamam fərqlidir. Eyni zamanda, oruc zamanı ac qalma saatı da çox önəmlidir. Bu isə öz növbəsində Ramazan ayının düşdüyü ilin fəslindən asılıdır.
Türkiyədə körpələri 2-5 ay arası olan 21 ana ilə bir tədqiqat aparılmışdır. Tədqiqatın əsas məqsədi Ramazan ayında oruc tutmağın: ananın qidalanmasına, bədənindəki mineral səviyyəsinə və ana südünün tərkibinə nə kimi təsiri olduğunu aydınlaşdırmaq idi. Araşdırmanın nəticəsi isə bizə göstərir ki, ana südünün əsas tərkibi, yəni – yağ, zülal, enerji oruc zamanı ciddi dəyişməyib. Bu, analar üçün müsbət xəbərdir — yəni südün doydurucu və enerji verən hissəsi sabit qalıb.
Amma südün mikroelementləri – xüsusilə sink, maqnezium və kalium – oruc günlərində azalmışdır. Bu isə körpələrin inkişafı üçün əhəmiyyətli olan bəzi maddələrin azaldığını göstərir. Araşdırma həmçinin göstərib ki, oruc zamanı anaların ümumi qidalanması və vitamin-mineral qəbulu əhəmiyyətli dərəcədə aşağı düşür. Yəni ana gün ərzində daha az maye, daha az kalori və daha az vitamin qəbul etdikdə bu qaçılmaz olaraq südün bəzi komponentlərinə təsir edir.
Bu tədqiqatın müəllifləri sonda belə bir nəticəyə gəliblər ki, oruc südün əsas hissəsini dəyişmir, lakin mikroelement səviyyələrində azalma yarada bilər. Bu səbəbdən də oruc müddətində anaların əlavə olaraq multivitamin preparatları ilə bədənlərini və laktasiyalarını dəstəkləmələri mühümdür.
Həmçinin Qambiyada aparılan başqa bir araşdırmada, maye qəbulunun ana südünə təsiri xüsusilə araşdırılmışdır. Bu tədqiqatda əmizdirən 10 ana iştirak etmişdir və anaların müəyyən müddət su qəbulu məhdudlaşdırmışdır. Araşdırmanın nəticələri isə bizə çox önəmli bir məqamı göstərir: südün əmələ gəlmə prosesi maye qəbulundan ciddi şəkildə asılıdır. Tədqiqatçılar müşahidə etmişdir ki, anaların gün ərzində kifayət qədər maye almaması süd istehsalının azalmasına səbəb olur. Yəni, bizə də aydın olur ki, ana südünün tərkibi yalnız qida və mikroelementlərlə deyil, həm də ananın su balansı ilə birbaşa əlaqəlidir. Bu səbəbdən oruc zamanı-xüsusilə isti aylarda, uzun ac qalma saatlarında və mayenin məhdud olduğu hallarda bəzi analarda südün miqdarında azalma riski yarana bilər. Burada da Ramazan boyu günbatandan orucun başlanmasına qədər olan qidalanma pəncərəsində sutkalıq maye qəbulunun nəzarətdə olması mütləqdir.
Bununla belə, Avstraliya Əmizdirmə Assosasiyasının araşdırdığı və nəticə olaraq bizə verdiyi məlumatlarda isə əks olunur ki, əgər əmizdirmə dönəmində olan qadın balanslı qidalanmaya fikir verə bilirsə, oruc tutmaq əmizdirən qadınlar üçün məqbul sayılır. Burda əsas etibarilə nəzərdə tutulan fikir sahur və iftarda gündəlik yağ, zülal, karbohidrat tələbatını ödəməkdir. Həmçinin kifayət qədər maye qəbul etmək mühümdür. Təbii ki, oruc tutduğunuz dönəmdə istirahətinizə fikir verməli və körpəni istədiyi müddətcə əmizdirməlisiniz. Əgər körpənizin də kifayət qədər süd aldığından arxayınsınızsa, rahat şəkildə oruc tutmağa davam edə bilərsiniz.
İslam alimlərinin mövqeyi
Elmi-tibbi araşdırmalardan əlavə, əmizdirən anaların Ramazan ayında oruc tutması mövzusunda İslam hüququnun verdiyi icazələr və qaydalar da olduqca önəmlidir. İlahiyyatçıların bu məsələdə həmfikir olduqları məqam: Əgər oruc tutmaq ananın öz sağlamlığına və ya körpənin sağlamlığına zərər verirsə, əmizdirən və ya hamilə qadın Ramazan orucunu tutmaya bilər.
- Bir qrup alim hesab edir ki, əgər oruc qadının özünə və ya körpəsinə zərər verə bilərsə və yaxud ana zərər verəcəyini düşünüb, narahatlıq keçirirsə, o, orucunu sonraya qismən və ya tam olaraq təxirə sala bilər. Burada ana və körpənin sağlamlığı əsas prioritet sayılır. Yəni, əgər ananın oruc tutması körpə və ananın sağlamlığı üçün risk yaradırsa, bu halda oruc tutulmamalıdır.
- Başqa bir qrup alim bildirir ki, qadın oruc tutmadığı günlərin əvəzini yalnız qəza etməli və fidyə verməməlidir. Onlara görə, hamiləlik və laktasiya müvəqqəti hal olduğundan, qəza orucu tutmaq kifayətdir.
- Digər alimlər isə qeyd edirlər ki, qadın həm qəza edib, həm də fidyə verməlidir, xüsusilə də oruc tutmaq uzunmüddətli şəkildə mümkün olmadıqda və ana sadəcə körpəsinin sağlamlığından narahat olub orucu qəza edibdirsə.
Əmizdirən ananın Ramazan ayı orucu ilə bağlı qəza və fidyə məsələlərini ətraflı “Əmizdirmə səbəbilə orucun qəzası” məqaləmizdə oxuya bilərsiniz. Həmçinin məhsuldar Ramazan ayı üçün bir sıra tövsiyələrlə tanış olmaq üçün bu məqaləni oxuya bilərsiniz.
Nəticə olaraq...
İstər elmi, istər islami araşdırmaların nəticəsi olaraq görürük ki, hamilə və əmizdirən qadınların oruc tutması məsələsi fərdi şəkildə qiymətləndirilməlidir. Alimlərin yekdil vurğuladığı əsas prinsip odur ki, ana və körpənin sağlamlığı hər şeydən önəmlidir. Oruc tutduğu müddətdə ana maye qəbuluna, balanslı qidalanmasına diqqət etməlidir. Əgər oruc tutmaq qadının südünün azalmasına səbəb olur və ya körpənin qidalanmasına risk yaradırsa, qadının orucu təxirə salması dini baxımdan da, tibbi baxımdan da tamamilə qəbul ediləndir.
Ramazan ayının gəlməsinə artıq çox az qalıb, Allah hər kəsə xeyirli Ramazan qismət etsin!
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi