Əmizdirmə barədə araşdırmalar göstərir ki, qısamüddətli oruc, süd ehtiyatını azaltmır, lakin kəskin dehidrasiya (susuzlaşma) süd ehtiyatını azaldır. Süd verən ana gecə ərzində kifayət qədər su içməsə, kəskin dehidrasiya riskinə məruz qala bilər. Əgər o işdə və evdə yorularsa, bu risk daha da arta bilər. Həddən artıq fiziki və emosional stressə məruz qalan süd verən ana, orucluq zamanı asanlıqla “üzülə” bilər.

Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın Elçisi (sallalahu aleyhi və səlləm buyurmuşdur): “Allah Azzə və Cəllə misafiri (səfərdə olanı) namazın yarısından və oruc tutmaq öhdəliyindən, hamilə və südverən anaları isə oruc tutmaq vəzifəsindən azad etmişdir” Əbu Davud, 2408; ət-Tirmizi, 715; ən-Nəsai. Hədisin səhihliyini imam İsa ət-Tirmizi, iman İbn Huzeymə və şeyx Əlbani təsdiqləmişlər.

Hamilə və südəmizdirən qadınlar yalnız özlərinə və ya dölə bir zərər toxunacağı və ya südlərinin azalacağı qorxusu ilə oruclarını poza bilərlər; bu məsələdə alimlər arasında ixtilaf yoxdur. Lakin, əgər onlar oruc tutmaq iqtidarındadılarsa, oruc tutmamaq onlara qadağandır, çünki Uca Allah buyurur: “Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir”(Bəqərə, 184).

İbrahim ən-Nəhəi rəvayət edib: “ Bir gün bir qadın Əlqəmənin yanına gəlib dedi: “Mən hamiləyəm, lakin oruc tuta bilərəm, amma ərim mənə icazə vermir”. O zaman Əlqəmə ona dedi: “Allahın əmrinə tabe ol və ərinin sözünə qulaq asma!” Əbdur-Rəzzaq № 7566.

İmam İbn Əqil demişdir: “Əgər hamilə və südəmizdirən qadınlar dölə və ya körpəyə zərər toxunacağından qorxurlarsa, o zaman onlar oruc tutmamalıdırlar, lakin əgər qorxmurlarsa, oruc tutmamaq onlara qadağandır!”. Bax. “əl-İnsaf” 7/382.

Şeyx İbn Useymin demişdir: “Hamilə və südəmizdirən qadına zərurət olmadan oruc tutmamaq qadağandır!” Bax. “Fətəva əs-sıyam” 161.
Beləliklə, hamilə və südəmizdirən qadınlar bir çoxlarının düşündüyü kimi, sadəcə südəmizdirmə və ya hamiləlik səbəbilə yox, yalnız qorxduqları halda oruc tutmaya bilərlər.

Nəticə etibarilə, bir çox qadınlar əmizdirməni başa çatdırmaqlarına səbəb kimi Ramazan ayını göstərirlər. Bəqərə surəsi, 233-cü ayədə buyurulur ki, “Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz”.

Bir cəmiyyət olaraq, biz xüsusuilə Ramazan ayında oruc tutan qadınları dəstəkləmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Rifahı, düzgün istirahəti, sağlam pəhrizi, güclü dəstəyi və ALLAHın zikrlərini əsas tutaraq, analar əmizdirmənin və oruc tutmağın bərəkətindən həzz ala bilərlər.

Bu Ramazan ayında analara sağlamlıqlarını və süd ehtiyatlarını qorumağa kömək etmək üçün aşağıdakı məlumatları paylaşın:

1. Dehidrasiyaya səbəb ola bilən kola, qəhvə və çay kimi kaffeinli və (və ya) qazlı içkiləri içməyin. Kaffein sidikqovucudur, yəni tez-tez sidiyə getməyinizə səbəb olur.

2. Bacardığınız qədər çox təzə meyvə və tərəvəzlər yeyin.

3. Dincəlmək üçün gündəlik olaraq Quran oxuyun.

4. Sahurda qarnınızı maye ilə doldurmayın. Qrafik tutun və gecə lazımi qədər maye için.

5. Ev işlərini gecə və ya sahurdan əvvəl görün.

6. Ədviyyatlı yeməklərdən çəkinin.

7. Gün ərzində zikrlər edin.

8. İstidən qorunmaq üçün papaq, eynək taxın və evdən bayıra çıxanda yüngül geyimlər geyinin.

9. Digər oruc tutan və əmizdirən analarla dəstək şəbəkəsi yaradın.

10. Yemək bişirməkdən yorulduqda, hərənin özü ilə yemək gətirdiyi iftar süfrələri təşkil edin və/və ya iftar məclislərində iştirak edin.

11. Süd, pendir və qatıq kimi süd məhsullarının qəbulunu azaldın, çünki onlar selik ifrazına (bədəndəki mayelərin qatılaşmasına) səbəb olur.

12. Bayırda işləyirsinizsə, gərgin iş saatları arasında oturun və istirahət edin.

13. Çətin də olsa, tək qalmağa vaxt tapın.

14. Mənfi reakisya ilə üzləşməmək üçün, oruc tutmaq niyyətinizi həyat yoldaşınız, ailə üzvləriniz və dostlarınızla əvvəlcədən müzakirə edin.

15. Ailə üzvləriniz və dostlarınızdan ev işlərini görməyə, uşaqların qayğısına qalmağa və yemək bişirməyə və s. istəyin.

16. Gün ərzində uşaqların başını qatmaq üçün onlar üçün fəaliyyət planı tərtib edin.

17. Ərzaqların siyahısını tutun və həftəlik olaraq nə bişirəcəyinizi planlaşdırın.

18. Qanınızdakı şəkər səviyyəsini normallaşdırmaq üçün, orucunuzu bir fincan meyvə şirəsi və ya su və 3-4 xurma ilə açın.

19. Fərz namazlarınızı vaxtında qılın.

20. İftarda litrlərlə su içmək istəyinizə baxmayaraq, mədənizin üçdə birini su, üçdə birini hava, üçdə birini isə yeməklə doldurmağa can atın.

21. Şərəfli Ər-Rəzzaq (Ruzi verən) adı ilə çağıraraq ALLAH Subhanəhu və Təalaya dua edin ki, oruca davam etmək üçün sizə güc versin. Dualarınızda Peyğəmbərimiz (sallalahu aleyhi və səlləmə) salavat göndərməyi unutmayın.

22. Ayət-əl-Kürsini oxuyun. Bu ayəni oxumağın bir çox faydaları var.

23. Əl-İxlas, Əl-Fələq və Ən-Nəs surələrini oxuyun. Əbu Davud, Tirmizi və Nəsaidən nəql olunmuş hədisdə deyilir ki, ALLAH Rəsulu (sallalahu aleyhi və səlləm) buyurmuşdur: “Kim Əl-İxlas surəsi və “Muavvizəteyn”-i (Əl-Fələq və Ən-Nəs surələri) səhər və axşam oxuyarsa, onlar onun üçün kifayətdir”.

24. Gecə yaxşı yatın. Əgər gecə namazına qalxırsınızsa, günorta mürgüləyin.

25. İnamlı olun! Bədənimiz orucluğa metabolik adaptasiya edərək süd ehtiyatına təsir etmir! Digər sözlərlə, süd ehtiyatımız xüsusi olaraq qorunur.

26. Əgər özünüzü əzgin hiss edirsinizsə, bu barədə kiməsə bildirin.

27. Hissləriniz idarə edə bilmədiyinizi hiss edirsinizsə və ya əsəbisinizsə, “əuzu billəhi minəş-şeytanir-racim” deyin, “soyumaq” üçün dəstəmaz alın və ya uzanın.

Əgər qadın hamiləlik və əmizdirmə səbəbilə oruc tutmayıbsa,  Əmizdirmə səbəbilə orucun qəzası haqda daha ətraflı İslam alimlərinin rəy və tövsiyələrini keçiddən oxuya və tətbiq edə bilərlər.

Mənbə

1 Comment

  • Туран
    Posted 02 May 2020 20:49 0Likes

    🌸بارك الله🌸
    🌹جزاك الله خيرا🌹

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.