Bugün anaların əksəriyyəti südsağma aparatları ilə tanışdır. Hətta müşahidələrim göstərir ki, bəzi analar hamiləlik dövründə, doğumdan əvvəlcə belə, artıq südsağma aparatı əldə edib, xəstəxana çantalarında saxlayırlar.

Düşünürəm ki, əslində bu yanaşmanın yalnız tibbi deyil, psixoloji tərəfi də mövcuddur. Çünki qadın olaraq qədimdən belə, düşüncəmizdə və ya şüuraltımızda “yığmaq, depolamaq” kimi bir meyl formalaşıb. Südün sağılması və toplanması anaya bir növ psixoloji rahatlıq verir:

  • Südün miqdarını görmək – yəni “körpəmi kifayət qədər qidalandıra bilirəmmi?” sualına vizual cavab almaq.
  • Depolama hissi – südün ehtiyatda olması anaya güvənlik verir, “əlimdə ehtiyat südüm var” rahatlığı yaradır.

Məhz bu səbəbdən, bəzi analar hələ doğum başlamadan aparatı alır və hazır şəkildə saxlayır. Bu məqamda “Anbar yoxsa fabrika” məqaləmizi oxumağı tövsiyə edirik.

Amma gəlin bu suala cavab tapaq: Həqiqətən hər anaya südsağma aparatı lazımdırmı?

Bu suala cavab vermək üçün ilk öncə bilməliyik ki, südsağan aparatlar hansı hallarda istifadə edilməlidir.

  • Əgər körpə erkən doğulubsa, hər hansısa bir nevroloji səbəbdən və ya ağız-çənə əzələlərinin yaxşı inkişaf etməməsi səbəbindən döşdən (lazımınca) qidalana bilmirsə
  • Ananın döş giləsi içəri batıqdırsa və ya ana döşucu çatlardan əziyyət çəkir və döşlə qidalandıra bilmirsə
  • Körpə hər hansısa tibbi bir səbəbdən ananın yanında qala bilmirsə və həmçinin irəliləyən zamanlarda ana işləmək məcburiyyətindən körpənin yanında qala bilmirsə
  • Döşdə ifrat dolğunluq olduğunda və dolu məməni körpənin tutması çətin olduqda
  • Relaktasiya və ya süd istehsalını artırmaq ehtiyyacı varsa

Əgər bu kimi hallar varsa, ana süd istehsalını qorumaq və ya artırmaq məqsədilə təbii ki, südsağandan istifadə edə bilər. Amma, hər anaya mütləq südsağan aparat lazımdır fikri isə özünü doğrultmur.

Bəs hansı südsağan?

Düşünürəm ki, hər bir əmizdirmə məsləhətçisi praktikasında mütləq bir dəfə də olsun “Hansı südsağan aparat daha yaxşıdır, hansını almalıyam?” tipli sualla qarşılaşıb.

Südsağan aparat seçməzdən öncə, onu hansı tezliklə istifadə edəcəyinizi bilmək, seçim etmənizdə sizə kömək olacaqdır. Südsağan aparatların bir neçə növləri var:

Manual (əl ilə işləyən) – Daha ucuzdur, elektrik tələb etmir, amma vaxt aparır. Adətən bir döşdən süd sağılır. Yalnız südünü sağaraq körpəsini qidalandıran analar üçün qismən uyğun deyil.

Elektrik və ya batareyalı – motorla işləyir, daha effektivdir. Eyni anda iki məmədən də süd sağmağa imkan verən, ikili növləri də vardır.

Geyilə bilən (wearable) – sinə büstqalterinin içinə yerləşdirilir, ictimai yerlərdə də istifadə edilə bilər, əlləri sərbəst saxlayır.

Süd toplama cihazları – körpə bir döşü əmərkən digərindən axan südü toplayır.

Aparat almamışdan öncə ana özü üçün bu məqamları dəqiqləşdirməlidir.

  • Mən aparatdan nə qədər istifadə edəcəyəm?
    Əgər məqsədiniz yalnız ara-sıra məmədəki gərginliyi azaltmaq, südü yüngülləşdirmək və ya laktasiya dövründə qısa müddət – 1-2 saatlıq – körpədən ayrı qalmaqdırsa, sadə və daha yüngül modellər kifayət edə bilər.
  • “Aparatdan harada istifadə edəcəyəm?”
    Əgər doğuşdan qısa müddət sonra iş həyatına qayıtmağı planlaşdırırsınızsa, aparat yalnız evdə deyil, həm də iş yerində və hətta yolda da lazım ola bilər. Bu halda, batareya ilə işləyən və geyinilə bilən modellər sizin üçün daha rahat və funksional seçim olacaq.
  • Büdcəm hansı modellərə uyğundur?”
    Bazarda müxtəlif marka və modellərdə südsağma aparatları mövcuddur və qiymətlər də buna uyğun olaraq dəyişir. Əsas diqqət etməli olduğunuz məqam — aparatın motor gücüdür. Həm keyfiyyətli və uzunmüddətli istifadəyə yararlı, həm də büdcənizə uyğun aparat seçə bilərsiniz.

Əgər aparat seçimində qərar verə bilmirsinizsə, bunu əmizdirmə məsləhətçinizlə müzakirə edə bilərsiniz. O sizə uyğun aparat seçimində mütləq köməklik göstərəcəkdir.

Həmçinin südsağan aparatların fərqli növləri olduğu kimi, fərqli markalara aid olanları da var. Bir tədqiqatda iki fərqli aparatın effektivliyi müqayisə olunub və süd miqdarı və axın nümunəsi nəticə olaraq demək olar ki, eyni olub.

Təbii ki, süd istehsalının davamlılığı üçün və ya digər səbəblərə görə aparat seçimi, həmçinin aparatın keyfiyyətli olması böyük əhəmiyyət daşıyır. Lakin 2009-cu ildə Stanford Universitetində aparılmış bir araşdırma göstərir ki, erkən doğum etmiş analarda sadəcə aparata güvənmək kifayət deyil. Araşdırmadan məlum olub ki, ilk 3 gündə gündə ən az 6 dəfə əl ilə ağuz südü çıxaran analar, daha az əl texnikası istifadə edən analara nisbətən təxminən 45% daha çox süd istehsal etmişdilər. Bu isə göstərir ki, həm ilk günlərdə tez-tez və effektiv süd çıxarmaq, gələcəkdə süd istehsalını və davamlılığını təmin edən əsas faktorlardan biridir, həm də hər bir ana sadə əl sağımı texnikalarını da öyrənməlidir.

Südsağan aparatdan effektiv nəticə almaq üçün əsas diqqət etməli olduğumuz məqamlar:

  • Aparatın motorunun güclü olması. Bəzən daha sərfəli olduğu üçün ikinci əl aparat əldə etməyi üstün tuta bilir analar,bu halda aparatın az işlənmiş olmasına diqqət yetirin. Çünki, demək olar ki, elektriklə çalışan aparatların motorları maximum 2 il müddətində effektiv nəticə vermək üçün istehsal olunur.
  • Gigiyena. Bəli,aparatın güclü motora sahib olması qədər, onun təmizliyi də, effektiv nəticə almağımızda mühüm rol oynayır. Müşahidələr göstərir ki, yaxşı təmizlənməyən, borusunda süd qalığı qalan aparatların işləmə mexanizmi zəif ola bilir. Gigiyena dedikdə nə nəzərdə tutulur bəs ?
  1. Motorun təmizlənməsi: Aparatın motor hissəsi nəmli parça ilə silinməli, heç bir halda suya batırılmamalıdır.
  2. Aparat hissələrinin təmizlənməsi: Süd ilə təmasda olan hissələr (şüşələr, valflar, qalxanlar) hər istifadədən sonra isti su və maye sabunla yuyulmalı, sonra yaxşıca durulanmalıdır.
  3. Qurutma: Təmizlənmiş hissələr yaxşı qurudulmalı, parça dəsmaldan istifadə edilməməlidir, çünki bu, bakteriya daşıya bilər.

Südsağma aparatları təbii ki, süd istehsalını artırmaq və ya qorumaq üçün analara dəstək olan önəmli bir alətdirlər amma hər ananın da aparat istifadəsinə ehtiyyacı yoxdur. Aparat əldə etməzdən əvvəl bazar araşdırması etmək, təcrübəli analardan rəylər almaq və əlbəttə mütəxəssis məsləhətinə də qulaq verməyə dəyər.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh əlavə et

Anasudu.az © 2011 - 2025. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.