Loqopediya dedikdə ilk növbədə, nitq inkişafı qüsurları haqqında pedaqoji elm, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemi ağıla gəlir. Lakin müasir dövrdə loqopediya pedaqoqika elmindən tibbə inteqrasiya edərək daha geniş bir elmə “nitq-dil patologiyası” sahəsinə çevrilmişdir. Bu sahədə çalışan mütəxəssislər isə nitq-dil patoloqları adlanır. Ölkəmizdə bəzən bu mütəxəssilərə yalnış olaraq hələ də loqoped olaraq mücaiət olunur. Məhz bu da valideynlərə hələ danışa bilməyən körpəyə loqoped dəstəyinin anlamını izah etməyə mane olur. Əslində isə Nitq-Dil Patoloqunun (SLP-Speech–language pathologists) rolu körpələrin inkişafında çox mühümdür: ünsiyyət pozğunluqlarının, o cümlədən ifadəli və qarışıq reseptiv-ekspressiv dil pozğunluqlarının, səs pozğunluqlarının, nitqin səs pozuntularının, nitqin qeyri-səlisliyi, praqmatik dil qüsurları və sosial ünsiyyət çətinliklərinin, eləcə də həyat boyu udma pozğunluqlarının qiymətləndirilməsi, müalicəsi və qarşısının alınması.

Hətta nitq-dil patoloqu ana südü ilə qidalanma prosesini dəstəkləmək və əmmə-udma-nəfəs uyğunluğundakı çətinlikləri aradan qaldırmaq üçün bir sıra üsullardan istifadə edərək gözəl nəticələr nümayiş edə bilirlər:

1. Oral-motor problemlərin qiymətləndirilməsi və həlli:

  • Dil hərəkəti, əmmə və oral koordinasiyanın qiymətləndirilməsi
  • Ana südü ilə qidalanmaya təsir edə biləcək potensial oral-motor çətinliklərinin müəyyən edilməsi
  • Oral-motor bacarıqlarını inkişaf etdirmək üçün təlimlər və strategiyalar hazırlanması

2. Dil və dodaq qədəhi olan körpələrə dəstək

  • Dil və ya dodaq qədəhinin qidalanmaya təsirinin qiymətləndirilməsi
  • Məşqlər və gərilmələr daxil olmaqla idarəetmə strategiyalarının öyrədilməsi
  • Əmizdirmə və laktasiya məsləhətçi-mütəxəssisləri ilə əməkdaşlıq

3. Qidalanma çətinliklərinin həlli

  • Qidalanmanın qiymətləndirilməsi
  • Yerləşdirmə və kilidləmə texnikalarının tənzimlənməsi
  • Valideynlər üçün təlim və dəstək

Nitq-dil patoloqu xüsusilə udma, oral-motor və struktur problemlərin olduğu hallarda ana südü ilə qidalanma təcrübəsini həm ana, həm də körpə üçün asan və effektiv hala gətirə bilirlər. Nəticə olaraq, körpənin qidalanma inkişafı yalnız qida verməklə məhdudlaşmır-bu proses oral-motor bacarıqları, nəfəs və udma uyğunluğu, duyğu və koqnitiv inkişafla sıx bağlıdır. Nəzərə alaq ki, ilk dönəmlərdə körpənin ərtaf mühit ilə ünsiyyətinin yeganə vasitəsi əmməsidir. Yəni körpənin əmməsi onun ümumi səhhəti ilə bağlı dolğun məlumat əldə etmək üçün əsaslı göstəricidir. Sözsüz ki, düzgün seçilmiş ana südü və əmizdirmə mütəxəssisi erkən mərhələlərdə hər hansı çətinlik müşahidə edərsə, vaxtında digər sahələrin mütəxəssislərinə yönəldə bilər. Nəticədə komanda işi və lazımi dəstək ilə erkən biruzə verilən problemlərin qarşısını almaq və körpənin sağlam inkişafını dəstəkləmək mümkündür.

Nədən məhz əmmə fəaliyyəti mühümdür?

Əmmənin sağlam həyata keçməsi üçün körpənin ən azı 3-5 refleksi əmmə prosesinə cəlb olunmaqdadır. Bunlardan əlavə olaraq körpənin əmmə prosesi xüsusən döşdən əmməsi kompleks və mürəkkəb mexanizm olmaqla üz, ağız, boğaz və hətta boyun əzələlərinin sağlam funksiyasını və istirakını tələb edir. Beləliklə körpənin əmməsində fəal iştirak edən ən azı 7 növ əzələlərin düzgün formalaşması vacibdir. Sinir sistemin vacibliyini unutmayaq, körpənin əmmə prosesində kəllə sinirlərinin ən azı 5 növü iştirak etməkdədir. Məhz döşdən əmməni vurğulamağımızda məqsəd əmzikli şüşədən əmmə ilə mühüm fərqinə işıq salmaqdır. Bu iki əmmə mexanizminin fərqinin daha ətraflı izahatı üçün videomuzu izləyin. Yekun olaraq, əgər körpənin əmmə prosesində iştirak edən sinir, refleks və əzələlərdən birində disfunksiya mövcud olarsa, əksər hallarda əmizdirmədə çətinliklər və ya körpənin döşdən qismən (əksər hallarda isə tamamilə) imtinası ilə özünü biruzə verəcəkdir.

Nitq və dil patoloqu Dr. Pouran Bagherpour qeyd edir ki, doğuşdan etibarən körpələrdə əmmə və udma kimi təbii reflekslər mövcuddur. Bu reflekslər onların təhlükəsiz şəkildə qidalanmasını və böyüməsi üçün lazım olan qidaları qəbul etməsini təmin edir. Əgər körpə qidalanmaqda çətinlik çəkirsə, problemi vaxtında müəyyənləşdirmək və dəstək almaq üçün loqoped (nitq-dil patoloqu) kimi mütəxəssisə müraciət etmək vacibdir. Böyüdükcə körpələrin dodaq, dil və çənə hərəkətləri kimi motor bacarıqları inkişaf edir. Görmə və qavrama bacarıqları da formalaşaraq, yeməli olan və olmayan əşyaları ayırd etməyə kömək edir. Təxminən 6 aylıqda körpələr yumşaq qidalarla tanış olur. Mayedən bərk qidaya keçid yeni bacarıqlar və koordinasiya tələb edir. Bu mərhələdə müxtəlif teksturalar, temperaturlar və dadlar kəşf edilir. Körpələr əlləri ilə yemək götürməyə başlayır, qaşıq və fincanla yemək-içmək cəhdləri edir. Bəzən boğulma, öskürmə və ya yeməyi tüpürmə halları normaldır — bunlar öyrənmə prosesinin bir hissəsidir. Valideynlər bu mərhələdə təhlükəsiz qidalar təqdim etməli, uşağın araşdırma cəhdlərini dəstəkləməlidir. Qidalanma inkişafı motor, duyğu və koqnitiv bacarıqlarla sıx əlaqəlidir və birlikdə sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir.

Dr. Pouran Bagherpour körpələrin sağlam və düzgün əmizdirilməsində önəmli olan Əmmə, Udma və Nəfəs Uyğunluğu haqda da məlumat verir: “Məlum olur ki, 0–2 aylıq körpələrdə adətən sadə bir ardıcıllıq izləyir: bir əmmə, bir udma, bir nəfəs alma. 2–4 ay ərzində ağız əzələləri güclənir və hərəkətlərin uyğunluğu artır. Bu dövrdə körpələr bəzən nəfəs almadan əvvəl bir neçə, hətta 20-yə qədər əmmə edə bilirlər. Bu uyğunluq təhlükəsiz və səmərəli qidalanma üçün vacibdir. Ardıcıllığın pozulması körpənin qidalanmasında çətinlik yarada və inkişafına mənfi təsir göstərə bilər. Nəfəs və Udma Uyğunluğunun Əhəmiyyəti bir-biri ilə sıx əlaqəlidir. Tipik uyğunluq belədir: nəfəs vermə-udma-nəfəs vermə. Udma zamanı nəfəsalma qısa müddət dayanır — buna udma apnesi deyilir. Udma sonrası nəfəs verməyə davam etmək hava yollarını qoruyur. Bu ardıcıllıq pozularsa aspirasiya (qidaların tənəffüs yollarına keçməsi) riski artır. Bu uyğunluğun izlənməsi udma pozuntularının erkən aşkar edilməsinə kömək edə bilər.”

Son olaraq qeyd etmək istəyirik ki, qidalanmaqda körpələrin problemi yaranarsa, seçilən mütəxəssis sadəcə loqoped deyil, məhz nitq-dil patoloqu olmalıdır. Beləki, hər loqoped nitq-dil patoloqu olmağı anlamına gəlmir. Məqalənin əvvəlində qeyd etdiyimiz ki, pedaqoji profili olan loqoped danışıqla bağlı olan qüsurları aradan qaldırmaqda səriştəlidir, qidalanma isə məhz tibbi profili olan mütəxəssislərə müraciəti nəzərdə tutmalıdır.

Müəlliflər: Səltənət ZülfüqarovaHəcər Piriyeva

Şərh əlavə et

Anasudu.az © 2011 - 2025. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.