Nəzəriyyədə ana südünün tərəfdarlarının olduqca çox olmasına baxmayaraq, təcrübəyə gəldikdə istər əmizdirmədə, istərsə də körpə yaxud ananın sağlamlığında baş verən elə birinci büdrəmədə bir çox sağlamlıq mütəxəssisləri süni qidaya qismən yaxud bütövlüklə keçməyin labüdlüyünə inanırlar. Bəs həqiqətdə necə, süni qida ana südünə ilə eyni dəyərdə ola bilərmi?

Özünüz müqayisə edin:

1. Süni qida – inək südünün çoxsaylı emal mərhələləri nəticəsində zənginləşdirilmiş toz halına gətirildiyi, körpələr üçün nəzərdə tutulan sənaye məhsuludur. Tərkib etibarilə daimidir, dəyişmir.

Ana südü isə diri cövhərdir. Hər qadının südü onun övladının tələbatına müvafiq olaraq  fərdi şəkildə istehsal olunur. Daha sonra isə uşaq orqanizminin fərdi inkişafı və tələbləri əsasında günbəgün dəyişir.

2. Ən keyfiyyətli süni qidanın tərkibində  təxminən 40 sayda komponent mövcuddur.

Ana südünün isə tərkibində hələ də davam edən araşdırmalar nəticəsində körpənin böyümə və inkişafında mühüm rol oynayan 400-dən çox komponent aşkar edilmişdir.

3. İnək südünün həzm edilməsinə ən azı  3-4 saat sərf olunur. Tərkibindəki duzlar bağırsağın təbii turşuluğunu ən aşağı səviy­yəyə qədər azaldaraq bakteriyaların çoxalmasına gətirib çıxarır. Bu da uşaqlarda periodik qusma, qarın ağrısı və qarın işləməsi halları ilə  muşayiət olunur.

Ana südü isə tərkibindəki həzmi asanlaşdıran fermentlər vasitəsilə uşaq orqanizmi tərəfindən tez mənimsənilir. Bu səbəbdən də artıq yarım saat sonra bağırsaq boşalmaq iqtidarına malik olur. Bununla yanaşı, bakteriyaları məhv etməyə cavabdeh olan turşuluğunu da təbii şəkildə qoruyub saxlayır. Hətta, bir çox Avropa ölkələ­rində onun bu xüsusiyyətindən istifadə edərək xərçəng xəstəliyinin müalicəsində tətbiq edilən dərman vasitələrinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün ana südü ilə birlikdə qəbul edilməsi təcrübəsi  tətbiq edilir.

4. Süni qidanın istər emal prosesi, daşınma­sı, istərsə də ev şəraitin­­də hazırlanma müd­dətində şüalanma, bakteriyalarla yoluxma, habelə zəhər­lən­mə ehtimalı olduqca yüksəkdir. 1992-ci ildə Hindistana ixrac edilən tonlarla süni qidanın içindən həşəratların çıxması, 1994-cü ildə Polşada istehsal olunan radiasiyaya uğramış süni qidalar, 1997-ci ildə Böyük Britaniyada infeksiyaya uğramış süni qidaların satışdan çıxarılması, 2000-ci ildə dünyaca məhşur süni qida markasının tərkibində ağırlaşdırılmış metalların səviyyəsinin yüksək həddə olması və 2003-cü ildə İsraildə süni qida səbəbi ilə uşaqların zəhərələnərək ölməsi nəticəsində yaranan qalmaqallar, 2009-2010-cu illər ərzində Çində tərkibində melamin aşkar edilməsi ilə uşaq orqanizmi üçün ölümcül  təhlükə daşıdığı üçün istehsalın dayandırılması və bir çox digər misallar buna bariz nümunələr­dir.

Ana südü isə tam steril məhsuldur və birbaşa uşağın ağzı tərəfindən qəbul olunduğundan xəstəliklərə yoluxmaq üçün təhlükə daşımır.

5. Süni qidanın qızdırılması selsi şkalası, məsuliyyətsizlik, şərait, vaxtın olmaması və digər bu  kimi təqribi ölçü və ehtimallardan asılıdır.

Ana südü isə uşağın ehtiyacı olduğu tempe­ra­­turda təbii şəkildə dəqiqliklə qadın orqanizmi tərəfindən qızdırılaraq təklif olunur.

6. Süni qidanın qiyməti günbəgün bahalaşır və gündəlik istehlak məhsulları kateqoriyasına    daxil­dir. Buraya sərf edilən şüşə, plastik qab və əmziklərin qiyməti də əlavə olunduqda mənzərə bütün çılpaqlığı ilə adamı dəhşətə salır.

Ana südü isə pulsuz başa gəlir.

7. Süni qida qəbul edən uşaqlarda statistik göstəricilərə əsasən xəstəliklərə yoluxma həddi yüksək, dəf etmə həddi isə aşağıdır. Həmçinin aparılan araşdırmalar süni qida qəbul edən uşaqlarda ölüm faizinin ana südü ilə əmizdirilən­lər­dən 10 dəfə çox olmasını göstərir.

Ana südü isə özündə xəstəliklərlə mübarizə aparmağa kömək edən və uşağın immun sistemini möhkəmləndirən anticisimlər daşıyır.

8. Süni qida bağırsağın mikroflorasını qıcıqlandıraraq sancı və ağrılara, pis mənimsə­məyə yol açır.

Ana südü isə bağırsağın təbii mikroflorasını dəstəkləyir. Bu da vitamin və digər faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır.

Bütün bu reallıqlara baxmayaraq, nəyə görə hələ də insanlar tərə­fin­­dən süni qida ana südünün analoqu kimi qiymətləndi­rilir?

Ananın ölümü, ağır xəstəliyi və s. istisnalarda körpənin təbii şəkildə əmizdirilməsi üçün imkanın olmadığı nadir hallarda süni qidanın əhəmiyyətinin təkzibedilməzliyinə baxmayaraq, onun günümüzdə belə kütləviləşməsinin bir sıra səbəbləri mövcuddur. Bu səbəblər içərisində, şübhəsiz ki, ən başlıcası süni qida sənayesindən əldə edilən milyonlarla maddi mənfəətin həcminin daha da çoxaldılması üçün tətbiq olunan müxtəlif marketinq hiylələridir. Lakin bütün bunlara baxmayaraq, hətta süni qida istehsalçıları özləri də məhsullarının ana südünün analoqu ola bilməyəcəyi qənaətindədirlər. Misal olaraq, bu yaxınlarda reklam çarxlarında təntənəli surətdə elan edilən “ana südünə maksimum yaxınlaşdırılmış süni qida” adı ilə təqdim edilən məhsulun istehsalının əslində  bu sənaye sahəsinin mütəxəssisləri tərəfindən yalnız təbəssümlə qarşılanmasını göstərmək olar. Belə ki, məlum olmuşdur ki, “maksimum yaxınlaşma” özündə ana südünün tərkibində olan 140 oliqosaxariddən yalnız ikisinin  həmin markanın tərkibinə əlavə edilməsi faktını ifadə edirmiş.

Müəllif: Həcər Abbasova

Mənbə: “İlahi nemət-ana südü” kitabı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.