Zeytun yağı
1996-cı ilin fevralında Barselona universitetlərindən birində keçirilən təcrübədə 40 əmizdirən qadından götürülmüş süd nümunələri üzərində aparılan tədqiqatların nəticələri açıqlanmışdır. Məlum olmuşdu ki, ana südündə olan yağ, tərkibinə görə zeytun yağının tərkibi ilə oxşardır.
Bundan əlavə zeytun yağının əmizdirən qadınlar üçün açıq-aşkar xeyirləri vardır ki, bu yağdan səmərəli istifadə üçün aşağıdakı reseptləri nəzərinizə çatdırmaq niyyətindəyik.
- Resept 1. Əmizdirmədən öncə, döşün üzərinə qızdırılmış zeytun yağı ilə kompress (sarğı) edilsə, o zaman süd yolları açılır və südün gəlişi güclənir.
- Resept 2. Bir desert qaşığı zeytun yağı qəbul edib, üstündən limon və bal qarışdırılmış isti su içmək kifayət qədər üstünlüklərə malikdir.
Qara zirə və ya çörəkotu
Artıq əsrlərdir ki, qara zirə dünyada milyonlarla insan tərəfindən bir çox xəstəliklərin müalicəsində effektiv vasitə kimi istifadə edilir.
Aparılmış araşdırmalar göstərmişdir ki, bir çox xəstəliklərdən qorunmaq vasitəsi kimi qara zirə immuniteti möhkəmlədir, çünki, dayanıqlı immunitet – istənilən xəstəlikdən yaxa qurtarmaqda əsas şərtdir.
Peyğəmbərimiz (Allahın ona salamı və salatı olsun) demişdir: “Qara zirə ölümdən başqa bütün xəstəliklərin şəfasıdır.”
Qara zirə barədə həmçinin İncildə də qeyd oluunmuşdur. (Isaiah 28:25,27 NKJV).
Eramızın birinci əsrində yaşamış yunan alimi Qalen qara zirədən baş ağrısının, burun tutulmasının (soyuqdəymə nəticəsində), diş ağrısının, heyvan mənşəli qurd xəstəliklərinin (invaziya) müalicəsi zamanı və həmçinin sidikqovucu vasitə kimi istifadə etmişdir.
Şərq və Qərb tibb tarixində məşhur kitablardan hesab olunan “Tibbin qanunları” kitabının müəllifi İbn Sina (980-1037) qara zirəni, yoğrunluq və depressiyadan sonra bədənin enerjisini stimullaşdıran və bərpa edən vasitə kimi qeyd edir.
Həkim Aqarvalın (1979-cu il) apardığı tədqiqatlar sübut etmişdir ki, qara zirənin yağından istifadə əmizdirən analarda südü artırır.
Ana südünü artıran sadə reseptlər:
- 1. 10 damcı qara zirə yağı ilə 3 xörək qaşığı balı qarışdırın. 1 – 2 ay olmaqla hər səhər ac qarına qəbul edin. Hazırlanmış məhlul nəinki laktasiyanı artıracaq, o həmçinin həzm prosesini yaxşılaşdıracaq və sizi köpdən azad edəcək.
- 2. Qara zirənin üyüdülmüş toxumunu balla eyni miqdarda qarışıdırın. Alınmış qatışığı zeytun yağı ilə birlikdə bir xörək qaşığı qəbul edin. Mütəmadi olaraq 2 ay qəbul etməyi davam edin. Bu nəinki laktasiyanın gücləndirilməsinə xidmət edəcək, həm də doğuş sonrasında bədəninizin immunitetini qaldıracaq və qaraciyərinizi təmizləyəcək.
- 3. Bir çay qaşığı qara zirə tumunu 300 ml su ilə 7-8 dəqiqə olmaqla qaynadın. 1 saat saxlayıb, süzün. 1-2 ay müddətində gündə 3-4 dəfə yeməkdən qabaq 1/3 stəkan qəbul edin. Bu üsuldan həmçinin öd kisəsinin müalicəsində də istifadə edə bilərsiniz.
Qəbul edilməsi üçün əks göstərişlər:
- Məhsula qarşı individual həssaslıq. Hamilə qadınlara, həmçinin orqan köçürülməsi (transplantasiya) ilə bağlı yenicə əməliyyat olunmuş şəxslərə qara zirə yağından istifadə qadağandır. Bəzi hallarda qara zirənin dəriyə sürtülməsi dəridə qıcıqlanma (qızartı və ya yanıqlar) və allergik reaksiyalar yarada bilər.
Sarıkök
Sarıkök xalq arasında artıq 2500 ildir ki, məlumdur. Bu bitki, dünyanın ən əlçatan və faydalı ədviyyatlarından biridir.
Sizə ana südünü artıran sarıköklü reseptlər təqdim edirik:
- Resept 1. İstifadə qaydası: 0,5 çay qaşığı sarıkökü 0,5 qaynar suda dəmləyin, bir çay qaşığı bal töküb ağzını bağlayın. 5 dəqiqəgözləyin. Dəmləməni gündə 2 dəfə içə bilərsiniz.
- Resept 2. Sarıkök, gecə qaynar süd, yağ və balla içilir. Bu süd axınını yaxşılaşdırır və sinir sistemini sakitləşdirir. Südə allergiyasi olanlar südün əvəzinə qaynar su istifadə edə bilərlər.
SÜDÜN AZALMAMASI ŞƏRTİLƏ ARIQLAMAQ İSTƏYƏN ANALARA!
Sarkök çəkini əhəmiyyətli dərəcədə aşağı salır. Həmçinin yağlı və şirin qidalara qarşı istəyi azaldır! Odur ki, bədənin korreksiyası üçün nəzərdə tutulmuş preparatların tərkibində adətən sarıkök cövhərinə rast gəlmək olar.
- Resept: 0,5 qəhvə qaşığı sarıkök + 0,5 çay qaşığı zəncəfili 1 stəkan qaynar suda dəmləyin, içinə bir qaşıq bal töküb ağzını bağlayın. 5-10 dəqiqəgözləyin. Gündə 2 dəfə, səhər və günorta maksimum saat 2-yə qədər istifadə edin. Zəncəfil körpənin gecə yuxusunu poza bilər, odur ki, onu günün birinci yarısı qəbul etmək lazımdır.
Xəbərdarlıq:
2 yaşına qədər uşaqlara verilməməlidir.
Qeyri steroid iltihab əleyhinə preparatların və immunosupressantların birdəfəlik qəbulu zamanı ehtiyatla istifadə olunmalıdır.
Öd və ya sidik kisəsində daş olan xəstələr qəbul etməməlidirlər.
Şəkər xəstələri nəzərə almalıdırlar ki, ədviyyat qanda şəkərin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Bu ədviyyatın aşağıdakı preparatlarla qarşılıqlı təsiri mümkündür: qandurulducu dərmanlarla (varfarin, aspirin) – təsirini neytrallaşdırır; mədə sekresiyasını azaldan dərmanlarla (simetidin, ranitidin, omeprazol) -sarıkök mədə turşusunun sekresiyasını artırır; diabetik preparatlarla – onların təsirini artırır, hipoqlikemiyanın əmələ gəlməsi ehtimalını çoxaldır.
Ədviyyatın yüksək dozalarda qəbulu, sidikdə oksalat turşusunun səviyyəsini artırır, bu isə sidik kisəsində daş xəstəliyi zamanı böyük əhəmiyyət kəsb edir.
Hamiləlik.
Fərdi dözülməzlik.
Zərdəçal qanın laxtalanmasına təsir etdiyi üçün, planlaşdırılan cərrahiyyə əməliyyatından 2 həftə əvvəl onun qəbulunu dayandırmaq lazımdır.
Qəbul dozaları: gündə 3 dəfə 400-600 mq sarıkök tozu. Allergik reaksiyaların baş verməməsi üçün, istifadəyə kiçik dozalardan başlayın, məsələn, çay qaşığının 1/ 4 qədər. Ən əsası, lazımi həddi aşmayın!
Güldəfnə
Güldəfnə (Trigonella foenum-graecum) toxumları zülal, amin turşularının qiymətli mənbəyi olmaqla yanaşı kalium, fosfor, maqnezium, dəmir, kalsium, vitaminlər (C, B1, B2, PP, fol turşusu), hormon sabitləşdirici maddələr və hormonlarla zəngindir.
Peyğəmbər (Allahın ona salamı və salatı olsun) demişdir: “Özünüzü güldəfnə (helba) ilə müalicə edin!”
Təbiblər isə qeyd edirdilər ki, əgər insanlar güldəfnənin nə qədər faydalı olduğunu bilsə idilər, onu qızıl qiymətinə də olsa alardılar. Həmçinin ingilis alimi Kleber məlumat vermişdir ki, əgər bütün dərmanları tərəzinin bir gözünə, güldəfnəni isə digər gözünə qoymaq mümkün olsaydı, tərəzinin gözləri bərabərləşərdir.
1876-cı ildə ABŞ-da, əsas tərkibi güldəfnə olan, melanxoliya və qadın nasazlıqları kimi xəstəliklərə qarşı “Lidiya Pinkhem Eliksiri” patentləşdirilmişdir. Bu eliksir müəllif tərəfindən “XIX əsrin tibbi kəşfi” kimi irəli sürülmüş və əsasən menstrual narahatlığın aradan qaldırımasına xidmət edirdi.
Ümumiyyətlə güldəfnə“qadın vasitəsi” adlandırmaq olar. Müasir tədqiqatlar bu bitkinin tərkibində, qadın cinsi hormonu olan estrogenlərə bənzəyən diosgenin maddəsinin yüksək tərkibdə olmasını təsdiqləyiblər. Bu maddə yumurtalıqların polikistozu, mastopatiya, qalxanabənzər vəzin şişi, qanamayan fibromiomalar, ikinci sonsuzluğun müalicəsində böyük rol oynayır.
Güldəfnədən doğuşa yardım (doğuş sancılarını aradan qaldırılması və doğuşun sürətləndirilməsi, əsəb sistemini sakitləşdirilməsi və gələcək ananın orqanizminin süd əmizdirməyə hazırlayan) vasitə kimi istifadə olunması məsləhətdir. Güldəfnə həmçinin bir başa laktasiyanın gücləndirilməsi üçün istifadə olunur.
- Güldəfnədən hazırlanmış çay ana südünün axınına səbəb olur: “Sarı Misir çayını hazırlamazdan əvvəl, toxumları əsaslı surətdə təmiz soyuq suda yaxalayıb təmizləyin. Sonra 2 çay qaşığı güldəfnə toxumuna 1 stəkan su əlavə edib odub üzərinə qoyun, 5-7 dəqiqə ərzində qaynadın. Bu möhtəşəm içkinin dadını yaxşılaşdırmaq üçün, istəyinizdən asılı olaraq ona zəncəfil, limon və ya bal qata bilərsiz. Bu çaydan sutka ərzində 3-4 dəfə içə bilərsiz”.
- Əks göstərişlər: Hamiləlik və vaginal qanaxmalar zamanı güldəfnənin qəbulu qəti qadağandır. İnsulindən asılı olan şəkər xəstələrinə ehtiyatla tətbiq edilməlidir.
Xurma
(Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi). (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun…” (“Məryəm” surəsi, 23-26).
Müəqddəs Quranda xurmanın adının 20 dəfə çəkilməsindən onun orqanizm üçün necə faydalı bir nemət olduğu bilinir. Peyğəmbərimiz Muhamməd (sallalahu aleyhi və səlləm) xurma ağacı barədə bir hədisdə belə deyilir: “…İftarınızı xurma ilə açın. Əgər xurma yoxdursa, onda üzümlə iftar edin. Və əgər üzüm də yoxdursa, onda sadəcə olaraq su ilə iftar edin. Həqiqətən də su – pak edəndir (təmizləyəndir)”.
Xurmada ana südünü körpənin tam sağlam inkişafı üçün lazım olan mühüm vitaminlərlə zənginləşdirən elementlər (vitaminlər – fol turşusu (B 9), B6, B1, B2, A, betakarotin, mikroelementlər – kalium, maqnezium, dəmir, kalsium, fosfor, hormonlar – oksitosin) var. Bu elementlər körpənin orqanizminin bir çox xəstəliklərə qarşı müqavimətini artırır, xurmanın tərkibində olan oksitosinin hesabına uşaqlığın yığılması baş verir.
Doğuş prosesindən dərhal sonra, oksitosin ananın orqanizmində süd vəzilərinin süd əmələgətirmə mexanizmini işə salan maddə kimi fəaliyyət göstərməyə başlayır və qadının orqanizminin bərpasına kömək edir. Xurma maqnezium və B1, B6 və B2 vitaminlərinin sayəsində həmçinin təbii anti-depressant kimi təsir göstərir. Xurmanın tərkibində olan betakarotin maddəsi xərçəng xəstəliklərinin profilaktikasında mühüm rol oynayır.
Südartırmaq üçün resept:
Gündə 3 dəfə, yeməkdən əvvəl 3 xurma yemək.
Kök
Kök tərəvəzinin əmizdirən analarda südün məhsuldarlığınln artırması xassəsi var. Bu səbəbdən anaları süd artıran sadə reseptərlə tanış etmək niyyətindəyik.
- Resept 1. Kök şirəsini hazırlamaq üçün əsaslı yuyulmuş və təmizlənmiş kökün şirəsini çəkərək gündə 2-3 dəfə yarım stəkan miqdarında qəbul etmək olar. Dad keyfiyyətini yaxşılaşdırmaq üçün şirəyə qaymaq, süd, bal, gilmeyvə şirəsi də əlavə etmək olar. Kök şirəsinin təsirinin azalmaması üçün əlavələr çox olmamalıdır (hər stəkan üçün 1-2 xörək qaşığı). Kök şirəsinin tərkibində olan yağda həll olan vitaminləri nəzərə alaraq qaymaqla qəbul edilməsi yerinə düşərdi. Ümumiyyətlə, şirəni ilıq qəbul etmək lazımdır. Rahat yuxu və əsəb gərginliyini azaltmaq məqsədi ilə içkiyə 1-2 çay qaşığı bal əlavə etmək olar.
- Resept 2. Ekzotika həvəskarları üçün «Smuzi» içkisi:
-1 ədəd kök;
-1 ədəd mango;
-5-6 yarpaq nanə;
-zövqə görə bal;
-qara zire toxumu- 1/2 çay qaşığı qara zirə toxumu;
-az miqdarda su.
Məkkəgülü
Məkkəgülü çayı – hibiskus bitkisinin ləçəklərindən hazırlanan gül çayıdır. Bu çay həmçinin karkade adı ilə də tanınır. Tərkibində bir çox faydalı maddələr var. Bu maddələr bağırsaqdan zəhərlərin və ağır metalların çıxarılmasına kömək edir.
Karkade çayı qan damarlarının divarlarını möhkəmləndirir və onların keçiriciliyini nizamlayır, təzyiqi normallaşdırır, qanda xolesterinin miqdarını azaldır, antibakterial təsirə malikdir, mədə-bağırsaq traktının, qara ciyərin işini nizamlayır, müxtəlif allergiyalar zamanı kömək edir.
Bəzi xəstəliktörədici mikroorqanizmləri öldürür, qurdqovucu vasitə kimi istifadə oluna bilər. Sidikqovucu xassələrə malikdir, öd ifrazını stimullaşdırır, qara ciyəri xoşagəlməz təsirlərdən qoruyur. Metabolizmi yaxşılaşdırır, orqanizmin təmizlənməsinə, soyuqdəymə əleyhinə kömək edir, əzələ spazmlarını aradan qaldırır. Sakitləşdirici, südəmələgətirici xassələrə malikdir, orqanizmin ümumi möhkəmlənməsinə kömək edir.
Ərəb ölkələrinin xalq təbabətində karkade çayını hipotenziv, spazmolitik və iltihab əleyhinə vasitə kimi istifadə edirlər.
Bizim halda isə, o laktogen, sakitləşdirici və bir çox digər xassələrinə görə faydalı ola bilər.
Karkade çayını, doğumdan sonra ilk günlərdə istifadə etməyi aşağıdakı səbəblərdən tövsiyyə olunur: birincisi – sakitləşdirici xassələri sayəsində siz doğuşsonrası depressiyadan qurtula bilərsiz; ikincisi – o bağırsağın işini yaxşılaşdıracaq, çünki doğuşsonrası qəbizlik hamıya tanışdır; üçüncüsü – ana südünü artıracaq və onun sakitləşdirici xassələri südlə körpəyə ötürüləcək; dördüncüsü – immuniteti qismən bərpa edir.
Əks göstərişlər: Karkade çayı ekoloji təmiz məhsuldur. O, 1 yaşınadək uşaqlar istisna olmaqla bütün yaş qruplarından olan insanlara tövisyyə olunur. Karkade çayının faydalarına baxmayaraq, kəskin qastritdən, mədə xorasından, xroniki böyrək xəstəliklərinin kəskinləşməsindən, öd kisəsində və sidik kisəsində daş xəstəliklərinin kəskinləşməsindən əziyyət çəkən insanlara istifadə etmək tövsiyyə olunmur.
Resept: 2 çay qaşığı karkade ləçəyinin üzərinə 150 ml qaynar su töküb, 10 dəqiqə dəmlənməsini gözləyir və içkiyə 1 çay qaşığı bal tökürük. Karkade çayını gündə 2-3 dəfə, yeməkdən 30-40 dəqiqə sonra içmək olar.
Kökəlmiş analar üçün yaxşı xəbər – karkade maddələr mübadiləsini aktivləşdirir və əgər lazım olan miqdardan artıq yemək yeməsəniz, bir ay ərzində, sizin və körpənizin sağlamlığına zərər gəlmədən, 2-4 kiloqrama qədər arıqlaya bilərsiniz.
Müəllif: Məmmədxanova Fərəh
Tərcümə: Xəyalə Yusifsəfər, Xumar Ərşadlı, Məsumə Rüstəmzadə