Əmizdirərkən susuzluq, ifrat yanğı hissi keçirmək tamamilə normal bir haldır. Məhz həmin susuluq hissi əmizdirən anaya nə qədər su içməli olduğu sualına cavab verməyə ipucu verir.

Institute of Medicine öz tövsiyələrində qeyd edir ki, əmizdirən ana 3.1 litr (13 fincan), 2.3 litr (10 fincan) maye qəbul etməlidir.

Lakin dünyaca məşhur araşdırmaçı və laktasiya məsləhətçisi Kelly Bonyata bu məsələ ilə bağlı qeyd edir ki, göstərilən rəqəmləri qəbul etmək bir qayda olaraq mütləq deyil. Konkret miqdarda tövsiyə olunan suyun miqdarı əslində hamıya şamil olunmaya bilər. İnsandan-insana, metabolizmin səviyyəsindən, sağlamlığın keyfiyyətindən, havanın şəraiti və hərarətindən, hətta insanın fiziki fəallığından asılı olaraq dəyişə bilir.

Əmizdirən analar həmçinin bir qədər özlərinə və istəklərinə qarşı həssas olmalı və bədənin onlara ötürdüyü siqnallara fikir verməlidirlər. ⠀

Əgər əmizdirən anada aşağıdakılardan bir və ya bir neçəsi müşahidə edilirsə, bunlar ananın kifayət qədər maye almamasından xəbər verir:⠀

Sidiyin ifrat qoxulu olması⠀

Sidiyin rənginin tünd olması⠀

Nəcisin bərk olması⠀

Qəbizlik halları⠀


Susuzlaşmanın qarşısını almaq və suyu lazım olan miqdarda qəbul etmək üçün analar çalışmalıdırlar ki, əlçatan yerlərdə və istənilən zaman içməli su olsun və hər gördükcə sudan içsinlər.⠀

Lakin ifrat miqdarda, iyrənən həddə qədər və məcburiyyətlə özünü su ilə işgəncə verməyə ehtiyac yoxdur. Su zəhərlənməsi və ya hiperhidrasiya məhz suyun ifrat miqdarda qəbulu nəticəsində yarana bilir. Bu isə öz növbəsində bədəndə ciddi fəsadlara səbəb olur.

Üstəlik, ifrat miqdarda suyun qəbulu südün artmasına səbəb deyil. Ən azından, bunu son araşdırmaların nəticələri göstərmişdir. Hətta döşlərində şişkinlikdən əziyyət çəkənlərin mayenin qəbulunu azaltmaları belə döşlərdə şişkinliyin azalmasına səbəb olmamışdır. Bu da növbəti dəfə sübut edir ki, ananın istehsal və ifraz etdiyi südün miqdarı içilən suyun miqdarından deyil, əmizdirmələrin tezliyindən asılıdır.


Yeri gəlmişkən, susuzluğu yatırtmaq üçün təkcə suyun qəbulu deyil, istənilən maye halda olan içkilərin-şirə, bitki çayları, şorba, sıyıqlar və s. həmçinin tərkibi maye ilə zəngin meyvə-tərəvəzlərin hamısı hesab olunur.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.