Ana südü 100% yerli, 100% mövsümi və 100% təbii qida olması danılmaz bir faktdır. La Leche League qeyd edir ki, ana südünün reklama, bağlamaya və ya nəqlinə heç bir ehtiyac olmadığından nə təbiətimizi çirkləndirir, nə də təbii resursları tükədir. Bir başa döşdən əmizdirmək üçün nə əmzikli şüşəni yumağa, sterilizasiya etməyə enerji, su, yuyucu vasitələrə, nə də saxlanılması üçün soyuducuya və ya isidilməsi üçün istilik enerjisinə ehtiyacı yoxdur. Ana südü ətraf mühitimizi istifadə edilmiş əmzik, şüşə, bağlama kağızı və konserv qabı kimi tullantılarla çirkləndirmir. Ana südü bərpa olunan qida mənbəyi olduğundan körpənin qida təhlükəsizliyini tamamilə təmin edə bilir.

Ana südünün planetimizin ekoloji durumuna olan təsirlərini anlamaq üçün süni qidanın planetiməz vurduğu zərərlərlə müqayisəsi yerinə düşər. Beləliklə əmizdirməklə analar:

  • İstixana effekti yaradan qazların miqdarını azaltmağa dəstəkdir. Çünki The İmperial College apardığı araşdırmaya görə süni qida ilə qidalandırılan hər bir körpə yalnız 6 ay müddətində ətraf mühitə 95-153kg CO₂ (karbon qazı) atılmasına səbəb olur. Müqayisə üçün 25 süni qida ilə qidalanan körpə 1 sərnişin maşının illik ətraf mühitə atdığı miqdara bərabər karbon qazı atmağa səbəbkardır.

  • Təmiz suya qənaət edir. Çünki hər 1 kq süni qidanın hazırlanması üçün 4700 litr təmiz su tükədilir.

  • Münbit torpaqların və meşələrin qorunmasıni təmin edir. Səhralaşmanın qarşısını alır. Çünki, süni qida ishtehsalçıları süd ishtehsalı üçün meşələrin qırılaraq inəklər və keçilər üçün otlaqlara çevrilməsinə səbəbkardırlar. Həmçinin süni qidanın mütləq tərkib hissəsi olan palma yağı əldə etmək üçün meşələri palma plantasiyalarına çevirirlər.

  • İstilik enerjisininə qənaət edə bilirlər. Çünki, süni qidanı hazırlamaq üçün suyun 70°C-yə qədər isidilməsinə ehtiyac var, ana südünü isə yoxdur.

  • Biomüxtəlifliyi qoruyurlar. Çünki, süni qidanın istehsalı səbəbilə səhralaşmanın genişlənməsi və meşələrin qırılması həmin ərazilərdə yaşayan heyvan və bitkilərin məhv edilməsi deməkdir. Əmizdirən ana nəinki, meşələri qorumaq, həm də orada yaşayan heyvanları mühafizə edə bilir.
  • Tullantıları azalda və hətta sıfıra endirə bilir. Tullantı dedikdə yalnız süni qida bağlamaları və qabları deyil, həmçinin aybaşı üçün nəzərdə tutulan bezlər və tamponlar da aiddir. Bildiyimiz kimi əmizdirən analar, əmizdirdikləri aylar boyunca daha az menstruasiya olurlar ki, bu da adıçəkilən gigiyenik vasitələrinin azaldılmaına və ətraf mühitə atılmasının qarşısını ala bilir. Unutmayaq ki, hər bir qadın ildə 5-15 000 ədəd bez və tampon istifadəçisidir.

Doktor Karleen Gribble fövqəladə hallar üçün süni qida ilə qidalanan körpələrin hazırlıq dəstinə aşağıdakılar tövsiyə etmişdir:

  • 2 ədəd 900 qramlıq süni qida bağlaması,
  • 170 litr içməli su,
  • saxlama qabı,
  • qapaqlı qazan,
  • çaydan,
  • qaz plitəsi,
  • kibrit,
  • maye qaz,
  • ölçü konteyneri,
  • qidalandırıcı ləvazimatlar,
  • yuyucu vasitələr və mətbəx salfetləri,
  • 100 ədəd bez,
  • 200 ədəd nəm salfet.

Ana südü ilə qidalanan körpənin fövqəladə hallarda isə yuxarıda sadalananlardan yalnız bez və nəm salfetlərə ehtiyac duyduğu məlumdur.

Ana südünün ətraf mühit və təbiətimizə heç bir zərər vurmaması, süni qidanın istehsalının isə ciddi təbiət çirkləndiricisi olması səbəbilə ana südünü təşviqi daha geniş vüsət almalıdır. Məhz bu səbəbdən hər il keçirilən Ümumdünya Əmizdirmə Həftəsi 2020 builki mövzusu Yer kürəmizin qorumasında ana südünün roludur və şüarı belədir :

“DAHA SAĞLAM PLANET ÜÇÜN ƏMİZDİRMƏNİ DƏSTƏKLƏ!”

Qeyd edək ki, Ümumdünya Əmizdirmə Həftəsi 1991-ci ildə Malayziyada yaradılmış WABA (Əmizdirmə Fəaliyyəti üçün Dünya Aliansı) tərəfindən hər il həyata keçirilən maarifləndirici bir tədbirdir. Tədbir hər ilin 1-7 avqustu tarixinə planlaşdırılır və beynəlxalq səviyyədə təşkil edilir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.