Ümumdünya Əmizdirmə Həftəsi 2026
Hər il olduğu kimi avqustun ilk həftəsi bütün dünyada (daha dəqiq desək 170-dən çox ölkədə) “Ümumdünya Əmizdirmə Həftəsi” qeyd edilir. Bu həftənin ana südünün müdafiəsini, ana südünə dəstəyi və bu mövzuda qlobal maarifləndirməni əhatə edir. Ümumdünya Əmizdirmə Həftəsini daha aydın şəkildə anlamaq üçün bir qədər bu təşəbbüsün tarixçəsinə və fəaliyyət mexanizminə nəzər yetirmək gərəkdir.
Təşəbbüskar
1992-ci ildən etibarən The World Alliance for Breastfeeding Action -WABA (Dünya Ana Südü ilə Əmizdirmə Fəaliyyəti Alyansı) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in dəstəyi ilə keçirilir.
Alyans (WABA) dünya miqyasında ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi ilə məşğul olan fərdlər və təşkilatların qlobal şəbəkəsidir. Bu alyans “Innocenti (İnnosenti)” Bəyannaməsinə, “Ten Links for Nurturing the Future” (Gələcəyin Tərbiyəsi üçün On Əlaqəyə) və ÜST/UNİCEF-in Körpə və Azyaşlı Uşaqların Qidalanması üzrə Qlobal Strategiyasına əsaslanır.
Ayrıca “İnnocenti” Bəyannaməsinə toxunmaq istəyərdik. Bəyannamə (1990-ci ildə Florensiya, İtaliya), ÜST və UNICEF tərəfindən müasir ana südü ilə qidalandırmanın təşviqi üçün təməl qoyan, ilk 4-6 ay ərzində yalnız ana südü ilə qidalandırmanı və iki il və ya daha çox müddətə tamamlayıcı (əlavə) qidalarla ana südü ilə qidalandırmanı davam etdirməyi tələb edən mühüm qlobal siyasət bəyanatıdır. Orada ana südü ilə qidalandırmanın ictimai səhiyyə prioriteti olduğu vurğulanmış və hökumətləri anaları səhiyyə, iş yerləri və cəmiyyətdəki maneələrdən qorumağa çağırmışdır.
Tərəfdaşlar
Bu təşəbbüs dünyanın hər yerindən səhiyyə nazirlikləri, vətəndaş cəmiyyəti və səhiyyə təşkilatları tərəfindən dəstəklənir. Əsas tərəfdaşlar isə Beynəlxalq Körpə Qidası Fəaliyyət Şəbəkəsi (IBFAN), La Leche Liqası (LLLI), Beynəlxalq Laktasiya Məsləhətçiləri Assosiasiyası (ILCA), Wellstart International və Ana Südü ilə Bəsləmə Tibbi Akademiyasıdır (ABM). 2018-ci ildə Ümumdünya Səhiyyə Assambleyası “Ümumdünya Əmizdirmə Həftəsini” rəsmi olaraq sağlamlığın əsas təşviqi strategiyası kimi tanıyıbdır.
Mövzular
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri tərəfindən “2030-cu il Davamlı İnkişaf Gündəliyi” qəbul edilmişdir. Bu gündəliyin mərkəzində insanlar və planetin hazırda və gələcəkdə sülh və rifahı üçün ortaq bir plan- “17 Davamlı İnkişaf Məqsədi” (DİM) dayanır. Bu inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrin qlobal tərəfdaşlıq çərçivəsində təcili hərəkətə keçməsi üçün bir çağırışıdır. Sözügedən məqsədlər toplusu yoxsulluğu aradan qaldıran, səhiyyə və təhsili yaxşılaşdıran, bərabərsizliyi azaldan və iqtisadi artımı stimullaşdıran strategiyalarla əl-ələ getməlidir.
Qeyd edək ki, BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində də çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.
“17 Dayanıqlı İnkişaf Məqsədlərinə” daxildir:

Ümumdünya Əmizdirmə Həftəsinin müxtəlif illərdə fərqli mövzuların əhatə etməsi məhz bu “17 Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşır. 1992-ci ildən etibarən keçirilməsinə baxmayaraq, “Ümumdünya Əmizdirmə Həftəsi” 2016-cı ildən etibarən BMT-nın “Dayanıqlı İnkişaf Məqsədlərinə” müvafiq mövzularda keçirilir. Beləliklə, əmizdirmə və ana südünün qlobal statusa malik olmasının burada da şahidi oluruq. 2030-cü ilə qədər nail olunması nəzərdə tutulan 17 hədəfin hər birində ana südü və əmizdirmənin əvəzolunmaz bir rolunun olması danılmazdır. Nəticədə Ümumdünya Əmizdirmə həftəsi hər il, hər bir hədəfə müvafiq olan mövzular üzərində keçirilməkdədir.
Ümumdünya Əmizdirmə Həftəsi 2026-cı ilin mövzusu: “Həyata Dayanıqlı Başlanğıc üçün Əmizdirmə: Təsirli olanı gücləndirin”
Alyansın rəsmi məlumat mənbəyində bildirilir:
2026-cı ilin Ümumdünya Əmizdirmə Həftəsində uğurlu tətbiqin əsas məqamları və öyrənilən dərslərlə birlikdə ana südü ilə qidalanma, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılmasına ana südü ilə qidalanmanın təsirini izləməyə və qiymətləndirməyə diqqət yetirəcəyik. 2026-cı il kampaniyası üçüncü dövrəsinə qədəm qoyacaq və qidalanma, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması sahəsində irəliləyişlərin izlənməsinə yönələcək. Kampaniya irəliləyişi ölçəcək, nəyin işlədiyini və nəyin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayan qlobal və regional statistikanı nümayiş etdirəcək. Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi optimal qidalanmanı, ərzaq təhlükəsizliyini və yoxsulluğun azaldılmasını təmin edəcək. Ana südü həm körpənin, həm də ananın həyatını xilas edir. O, həmçinin qidalanmanı, inkişafı və ömürlük sağlamlığı dəstəkləyir. Ana südü hamı üçün ucuz, yerli səviyyədə mövcud olan qidadır və buna görə də ailələrə və millətlərə iqtisadi gəlir gətirən bərabərliyi təşviq edir.
“QİDALANMA, ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ YOXSULLUĞUN AZALDILMASI” məqsədi
- Qidalanma: Ana südü ilə qidalanan körpələr optimal qidalanma və infeksiyalardan qorunma ilə təmin olunurlar.
- Qida təhlükəsizliyi: Ana südü humanitar böhranlar dövründə belə təhlükəsiz və etibarlı qida mənbəyidir.
- Yoxsulluğun azaldılması: Ana südü ilə qidalandırma, ailə büdcəsinə yük olmadan körpələri qidalandırmağın ucuz bir yoludur.
Ümumdünya Əmizdirmə Həftəsinin bu ilə aid olan mövzusu “17 Dayanıqlı İnkişaf Məqsədlərinin” 1-ci, 2-ci, 3-cü və 12-ci hədəflərində özünü biruzə verir:

Alyans (WABA) həmçinin qeyd edir:
- Qeyri-optimal ana südü ilə qidalanma da daxil olmaqla, qidalanma çatışmazlığı, hər il 5 yaşdan kiçik uşaqların ölümünün 45%-ni təşkil edir.
- Ana südü ilə qidalanmamaq hər il təxminən 302 milyard dollar və ya qlobal ümumi milli gəlirin 0,49%-i qədər iqtisadi itki ilə əlaqələndirilir.
Nəticə olaraq, 2026-cı il “Ümumdünya Əmizdirmə Həftəsinin” məqsədləri qısaca aşağıdakılardır:
- İnsanları ana südü ilə qidalandırmada irəliləyişlərin izlənilməsinin vacibliyi barədə məlumatlandırın.
- Warm Chain xətti ilə siyasət və təlimatlar vasitəsilə ana südü ilə qidalandırmanın tətbiqini möhkəmləndirin. (Qeyd edək ki, “Warm Chain” alyansın təşkil etdiyi qlobal bir kampaniyadır. Ana südü ilə əmizdirməni və ana-körpə münasibətini mərkəzə çəkmək, həyatın ilk 1000 günü ərzində davamlı və əlaqələndirilmiş dəstəyi təmin etmək üçündür.)
- Ana südü ilə qidalandırma sahəsində əməkdaşlığı və dəstəyi artırmaq üçün fərdlər və təşkilatlarla əlaqə saxlayın.
- Əldə edilmiş dərslərdən istifadə edərək ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəyinin təkmilləşdirilməsi üzrə tədbirləri gücləndirin.
Xatırladaq ki, ana südü bərpa olunan qida mənbəyi olduğundan körpənin qida təhlükəsizliyini tamamilə təmin edə bilir. Ana südünün həmçinin strateji əhəmiyyətli qida olduğunu da unutmayaq. Ümumdünya Əmizdirmə Həftəsi hər il 1-7 avqust tarixlərində dünya ictimiyyətinə bir daha ana südü və əmizdirmənin üstünlüklərini xatırlatmaq və vurğulamaq üçün təşəbbüsdür.
Hazırladı: Səltənət Zülfüqarova
#WBW2026 #BreastfeedingforaSustainableStartInLife #StrengthenWhatWorks #Nutrition #FoodSecurity #PovertyReduction #Breastfeeding #WarmChain #WABA #SDGs #WhatWorks



