Hepatit C virusu və əmizdirmə
Ana südünün əvəzolunmaz bir qida olduğu, körpələrin sağlam böyüməsi və inkişafı üçün fundamental rol oynadığı elmi cəhətdən sübut edilmişdir. Biz də məqalələrimizdə bunu daim vurğulayır və ana südünün əhəmiyyətini hər zaman təbliğ edirik.
Lakin praktik fəaliyyətimiz zamanı əmizdirmə məsləhətçiləri olaraq analardan zaman-zaman bu tipli suallar alırıq:
“Məndə Hepatit C virusu var. Bu halda körpəmi əmizdirə bilərəmmi?”
Əmizdirməyə əks göstəriş olan xəstəliklərin ətraflı siyahısı və təsnifatı üçün “Əmizdirmək olar yoxsa yox?” məqaləmizdə ətraflı məlumat əldə edə bilərsiniz. Belə hallarda analara yalnız elmi sübutlara əsaslanan etibarlı məlumatların çatdırılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu mövzuda analara dəstək olmaq bizim əsas məqsədlərimizdəndir. Ona görə də bu məqaləni yazmaqda başlıca məqsədimiz elmi araşdırmaların nəticələrini analara daha anlaşılan dildə çatdırmaqdır.
Aydınlaşdırmalı olduğumuz əsas məqam: Hepatit C infeksiyası olan anaların da südü hər zaman körpənin sağlamlığı üçün təhlükəsiz və faydalı olaraq qalırmı ?
Bəli! Araşdırmalar da göstərir ki, Hepatit C infeksiyasına yoluxmuş ana körpəsini ana südü ilə əmizdirə bilər. Amerika Pediatriya Akademiyasının tövsiyyələrinə əsasən virusun yoluxması əsasən qanla, xüsusilə birbaşa qan təması zamanı olduğu üçün Hepatit C əmizdirmənin sonlandırılması üçün bir göstəriş sayılmır.
Amerikada 1947-2012-ci illəri əhatə edən genişmiqyaslı araşdırmaların icmalı olaraq qeyd edilir ki, körpədə Hepatit C virusunun aşkarlanma səbəbi virusun anadan körpəyə keçməsidir. Bu baş verə bilər əməliyyatla və ya normal doğuş zamanı (hər 100 doğuşdan 6-da) amma əmizdirmə virusun keçməsinə nə səbəbdir, nə də əmizdirmənin sonlandırılmasına bir göstərişdir.
Bəs əgər anada virus aşkarlanıbsa hansı hallarda əmizdirmə təhlükəli sayıla bilər ?
- Məmə ucu yaralarınız və ya məmə ucunda qanama varsa
- Mastit və ya döşünüzdə hər hansı iltihablı infeksiya mövcuddursa
- Körpənin ağzında hər hansısa bir yara və ya kəsik görünürsə.
Bu kimi hallarda isə əmizdirməyə ara verməniz mütləqdir.
Körpənizdə virusun olub-olmadığını necə bilə bilərsiniz ?
Bunu yalnız qan analizi ilə öyrənmək olar. Virusa yoluxmuş anadan dünyaya gələn bütün köpələr həyatlarının 8-ci həftəsində qan müayinəsindən keçməlidirlər. Lakin çox zaman həkimlər bunu 18-ci aydan sonra da təyin edə bilirlər. Çünki bəzən körpə virus daşısa belə 12-18-ci aya kimi virus qanda görünməyə bilər. Körpələrin keçməli olduğu bir neçə laborator analiz mövcuddur.
Anti-HCV testi
Bu, uşağınızda aparılan ilk skrininq testidir. Hepatit C virusuna qarşı anticisimlərin olub-olmadığını müəyyən edir və uşağın virusla təmasda olub-olmadığını göstərir, əgər nəticə pozitivdirsə, uşağın yoluxub-yoluxmadığını müəyyən etmək üçün əlavə müayinələr tələb olunur
HCV-RNA testi
Anti-HCV testi pozitiv olduğu halda tətbiq olunur. Bu analiz uşağın qanında virusun özünün (RNA) olub-olmadığını aşkar edir. Pozitiv nəticə uşağın aktiv Hepatit C infeksiyası olduğunu göstərir.
Viral yük testi
Bu test uşağın qanında virusun miqdarını müəyyən edir.
Əgər Hepatit C diaqnozu təsdiqlənərsə, həkimlər müalicənin effektivliyini izləmək üçün bu testdən istifadə edirlər.
Əgər körpənizdə Hepatit C virusu açkarlanıbsa, etməli olduğunuz bir neçə əsas addım var. Körpəniz:
- Müntəzəm olaraq həkim nəzarətində olmalı
- Daimi qan müayinələrindən keçməli
- Həkimin təyin etdiyi dərman müalicəsinə əməl etməlidir.
Müasir tibbi yanaşmalarla Hepatit C müalicə oluna bilən bir xəstəlikdir, sadəcə virus aşkar olunubsa daim həkim nəzarətində olmaq və həkiminizlə əməkdaşlıq etmək çox önəmlidir.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi