Körpələrini 6 aya qədər süni qida və ya ana südü ilə qidalandırmalarından asılı olmayaraq, əlavə qidaya keçid zamanı anaların qarşısında bir çox suallar meydana gəlir. Təbii valideynlik tərəfdarları ilk qidaların evdə hazırlanmış və ya bütün ailənin yediyi qidalardan olmasını təkid etsələr də, çoxsaylı pediatrlar hazır “market” sıyıqları və digər uşaq qidalarının heç də təbii qidalardan geri qalmadığını, bu qidaların tərkib etibarilə daha zəngin və vitaminli olduğunu iddia edir. Vaxtilə ölkəmizin də daxil olduğu Sovet İttifaqı süni uşaq qidaları istehsalında ABŞ və digər Qərb ölkələrindən xeyli geri qalırdı. Xaricdən gətirilən bahalı qidaları yalnız zəngin insanlar alır, digərləri üçün isə bütün ölkə boyunca açılmış “süd mətbəxləri” nəzərdə tutulmuşdu. Bu “mətbəxlərdə” süd qarışıqları, kəsmiklər, şirələr, pürelər və s. düzəldilirdi. Aclıq və müharibə dövründə bu mətbəxlər geniş populyarlıq qazanmışdı. 1950-ci illərdə isə ölkədə ilk dəfə olaraq kütləvi şəkildə uşaq qidaları – konservləşdirilmiş şirələr və pürelər, quru süni süd qarışıqları, sıyıqlar və kisellər hazırlanmağa başladı. Müasir dövrdə əksər həkimlərin məhz bu zaman kəsiyində doğulduğunu və böyüdüyünü nəzərə alsaq, hazır uşaq qidalarına qarşı rəğbətli münasibətin haradan qaynaqlandığı aydın olur. Bəs həqiqətənmi hazır uşaq qidaları evdə hazırlanmış qidalardan heç nə ilə fərqlənmir, hələ əksinə onlarla müqayisədə müəyyən üstünlüklərə malikdir?

Qlobal uşaq qidası bazarı illik 6 milyard gəlirə malikdir. Sadəlövh valideynlər məkrli istehsalçıların gəlir mənbəyinə çevriliblər. Lakin, valideynlər unudurlar ki, hazır uşaq qidaları satın aldıqda, onlar sadəcə həmin qida üçün yox, həm də o qidanın emal prosesi, qablaşdırılması, saxlanılması, daşınması, reklam olunması və marketinqi üçün də pul ödəyirlər. Nəticə etibarilə, hazır uşaq qidaları bənzər təbii qidalardan çox baha başa gəlir. Son zamanlar təbiilik tərəfdarlarının sayının artması, istehsalçıların mövqelərinə böyük zərbə vurubdur. Odur ki, indi market rəflərində tez-tez “orqanik” uşaq qidalarına rast gəlmək olar. Qazanc əldə etmək üçün körpələrin sağlamlığını təhlükəyə atan şirkətlərin işini sadəlövh valideynlər daha da asanlaşdırır. Övladlarınızın sağlamlığına qarşı laqeyd qalmaq istəməyən ata və analar bəzi marketinq hiylələrindən xəbərdar olmalıdır.

thealphaparent.com saytı evdə hazırlanan və dükandan alınan eyni tərəvəz tərkibli püreləri fərqləndirmək üçün araşdırma aparmışdır. Fotoda solda evdə hazırlanan yaşıl noxud püresi, sağda isə onun hazır dükan alternatividir. Ən azından görünüş fərqi göz qabağındadır. İfrat emal olunma nəticəsində həmçinin qidanın rəf həyatını artırmaq üçün istifadə edilən prosedurlar tərvəzin öz təbii rənginin və qidalandırıcı maddələrin itirilməsinə səbəb olmuşdur.12969213_773439339457706_1994658097_n

Uşaqların psixologiyasına dərindən bələd olan istehsalçılar sıyıq və ya püreləri qırmızı, narıncı və ya yaşıl rəngə boyayırlar. Bu, bəzən acınacaqlı nəticələrə səbəb olur. 1970-ci illərdə ABŞ-da uşaq qidaları istehsalı ilə məşğul olan bir şirkətin çiyələk dadlı hazır səhər yeməklərinin tərkibinə uşaqlarda ürəkbulanmaya səbəb olan süni rəngləndirici qatması qalmaqala səbəb olmuşdu. Minlərlə valideyn uşağının “qan” qusduğunu düşünərək təcili yardım çağırmışdı.

Xərcləri azaltmaq üçün bir sıra şirkətlər həqiqi qidaları su və qatılaşdırıcı maddələrlə, məsələn, nişasta ilə əvəzləyirlər. Qatılaşdırıcı maddə rolunu adətən rafinə olunmuş düyü, qarğıdalı və buğda nişastası oynayır. Hər hansı dənli bitkinin rafinə olunması, onun tərkibindəki vitaminlərin, proteinlərin liflərin azalmasına səbəb olur. Hər bir aşbaza məlumdur ki, istənilən qidaya bir balaca un və ya nişasta əlavə etməklə onu qatılaşdırmaq, həcmini artırmaq olar. Üstəlik, rafinə olunmuş nişasta dişlərin ətrafında toplanaraq çürümələrə səbəb olur. Beləlklə, istehsalçı marketdə satılmayan aşağı keyfiyyətli məhsulları su ilə qarışdıraraq onu yenidən bazara çıxarır. Şüşə qablaşdırmalarda satılan hazır uşaq qidalarının tərkibinə nəzər yetirsəniz, onların tərkibində ən çox suyun yer aldığını görə bilərsiniz. Qutularda satılan uşaq qidalarının üzərindəki inqrediyentlər siyahısında isə “şəkərə” rast gəlməsəniz də, bu qidaları dadaraq əksəriyyətinin dadının şirin olduğunu yoxlaya bilərsiniz. Belə çıxır ki, uşaqlarınızın sağlamlığı naminə bu qidaları seçdiyiniz halda, siz sadəcə “şəkər” və “su” üçün pul ödəyirsiniz. Əksər uşaq qidalarının tərkibində allergen maddələr, xüsusilə qlüten mövcuddur. Bəzi qidaların üzərinə “qlütensiz” etiketi vurulsa da, istehsalat zamanı həm qlütenli və həm də qlütensiz bitkilərin eyni avadanlıqlarda emal olunduğu çoxumuza məlumdur.

Uşaq qidalarına dair beynəlxalq qanunvericiliyə əsasən, qidaların adında hər hansı bir proteinin adı çəkilirsə, qidanın tərkibində o protein ən az 40% təşkil etməlidir. Məsələn, əgər bir uşaq qidası “Toyuq buğlaması” adlanırsa, o qidanın tərkibində ən az 40% toyuq olmalıdır. Əksər şirkətlərin istehsal etdiyi qidaların adında istifadə olunan proteinlər isə əslində o qidanın cəmi 5-8%-ini təşkil edir. 2012-ci ildə Qrinviç Universiteti tərəfindən həyata keçirilmiş araşdırmanın nəticələrinə əsasən, ən məşhur uşaq qidası brendlərinin tərkibində uşağın gündəlik tövsiyyə olunan kalsium, maqnezium, sink və digər mühüm maddələrin miqdarının cəmi 5%-ini təmin etdiyi məlum olmuşdur. Araşdırma nəticəsində sübut olunub ki, əksər brendlərə məxsus qidalar çizburgerdən daha az bəsləyici tərkibə malikdir.

label

Qidaların emal prosesi zamanı onların tərkibindəki faydalı qidalandırıcı maddələr ölür. Odur ki, qablaşdırmaların üzərində “orqanik” yazılmasına baxmayaraq, onların qida dəyəri, evdə hazırlayacağınız qeyri-orqanik qidaların qida dəyərindən də azdır. Məhz bu səbəbdən istehsalçılar bu qidaları “gücləndirmək” məcburiyyətində qalır. Onların qida dəyərini qaytarmaq üçün tərkiblərinə sintetik vitaminlər və minerallar qatılır. Hazır qidaların tərkib etibarilə zəngin olması barədə iddialar da məhz buradan qaynaqlanır.

Smiters İnstitutunun 2012-ci ildə həyata keçirdiyi araşdırmaya əsasən, 2 yaşından öncə hazır uşaq qidaları ilə qidalanan uşaqlarda İntellekt Əmsalının (IQ) daha aşağı olduğu aşkarlanıb. Buna səbəb odur ki, körpələrin beyin toxumaları həyatlarının məhz ilk 2 ilində fəal şəkildə inkişaf edir və bu dövrdə onların zəngin tərkibli qidalarla bəslənməsi zəruridir.

Hazır uşaq qidalarının tərkibində olan, lakin, qablaşdırmanın üzərində adı çəkilməyən inqrediyentlərdən biri də trans yağlardır. İstehsalçıların təbii yağlar əvəzinə trans yağlardan istifadə etməsinin səbəbi odur ki, bu yağlar qidanın dadını və konsistensiyasını yaxşılaşdırır, istehsalat xərclərini azaldır və məhsulların rəf ömrünü uzadır.

Bu mövzuda həyata keçirilən digər araşdırmalar zamanı, gün ərzində iki dəfə hazır düyü sıyığı kimi qidalarla qidalandırılan uşaqların zəhərli arsen maddəsinin təsirinə 50 dəfə daha çox məruz qalması ehtimalı olduğu aşkarlanmışdır! (“Gray”, 2011; “The Local”, 2013).

Bir çox hazır uşaq qidalarının, xüsusilə şüşə qablaşdırmalardakı qidaların tərkibində rəngsiz, şirin qoxuya malik benzol adlı tezalışan maye var. Bu maddə təmizlənməmiş neftin, benzinin və siqaret tüstüsünün də tərkibində var. Həm insanlar və həm də laboratoriya heyvanları üzərində aparılmış təcrübələr nəticəsində benzolun xərçəng xəstəliyinə səbəb olduğu aşkarlanıb.

Bəzi uşaq qidaları plastik və ya alüminium tərkibli qablaşdırmalarda satılır. Zərərli təsirlərindən əlavə, bu qablaşdırmaların hazırlanması üçün külli miqdarda təbii resurslar sərf olunur. Nəticə etibarilə isə, bu qablaşdırmalar zibilxanalarda qalaqlanaraq uşaqlarla yanaşı, təbiətə də ciddi ziyan vurur.

Bir məsələ də var ki, xüsusilə şüşə qablaşdırmalarda satılan qidalar evdə hazırlanan qidalardan daha çox israf olunur. Adətən uşaqlar bərk qidaya keçdikdə ilk olaraq cəmi bir neçə qaşıq yeyirlər. Qablaşdırmalar daha böyük olduğu üçün siz o hazır qidanı atmaq məcburiyyətində qalırsınız. Bundan qaçınmaq üçün bəzi valideynlər zorla qidanın hamısını uşağa yedirirlər. Nəticə etibarilə körpələrin mədəsi böyüyür və bu gələcəkdə çəki ilə bağlı problemlərə gətirib çıxarır.

lb1

İsraf məsələsindən əlavə, hazır uşaq qidalarının qablaşdırması körpələr üçün təhlükə mənbəyidir. Həyata keçirilən bir sıra araşdırmalar nəticəsində şüşə qablaşdırmaların qapaqlarının tərkibində hətta ən az miqdarda belə sonsuzluğa və xərçəngə yol açan hormon pozucu Bisfenol-A (BPA) maddəsi aşkarlanmışdır (Health Canada, 2009). Qablaşdırmaların tərkibindəi BPA maddəsi qidaların tərkibinə də keçir.

Etiketlərin üzərinə diqqətlə baxsanız aşağıdakı aldadıcı yazılara rast gələ bilərsiniz:

– “Şəkərsiz”: bu yazı çoxlarımız üçün təsəlli olur və qablaşdırmanı çevirib qidanın tərkibində nələrin olduğuna adətən diqqət yetirmirik. Əgər inqrediyentlər siyahısında “meyvə siropuna” rast gəlsəniz, əmin olun ki, əlinizdə tutduğunuz uşaq qidasının tərkibi şəkərlə zəngindir.

– “Süni rəngləyicilər, dadlandırıcılar və konservantlar yoxdur” – süniləri yoxdur, amma təbiiləri var! Qidanın tərkibindəki limon turşusu və şəkər də konservant rolunu oynaya bilər. Bunların hər ikisi körpələrin dişlərini çürüdür, reflüks və sağlamlıqla bağlı digər problemlərə yol açır. Təbii dadlandırıcıların da tərkibində eynilə süni dadlandırıcıların tərkibində olduğu qədər kimyəvi maddələr ola bilər.

Son olaraq diqqəti hazır uşaq qidalarının tərkibində tapılan yad cisimlərə yönəltmək istəyərdik. Bu cisimlərə sancaq, zəhərli maddə, yazılı kağız (2004), şüşə (2006), soxulcan (2008), dəmir bənd, pas, plastik hissəciklər (2010), ilbiz (2011), plastik boru, ölmüş çəyirtkə, siçan rüşeymləri, veterinar preparatlar, insan dırnağı (2012), taxta parçaları, ölü hörümçək (2013), ülgüc qırığı, sürfələr, metal hissəcik (2014) tapılmışdır. İnternetdə müvafiq araşdırma apararaq bu hadisələrin hər biri haqqında məlumat əldə edə bilərsiniz.

Əziz valideynlər, unutmayın ki, körpələrin düzgün qidalandırılması onların fiziki və əqli inkişafi üçün vacib səbəblərdəndir. Davamçılarımız olan övladlarımızın sağlam gələcəyi naminə bu məsələyə həssas yanaşmaq bir valideyn kimi hər birimizin vəzifəsidir. Bu vəzifəmizi layiqincə yerinə yetirmək ümidi ilə,

Müəllif: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.