Təsəvvür edin, həyatınızı elə bir insan ilə paylaşırsınız ki, o sizin nə şəxsi məkan, nə də şəxsi zamanınızın sərhədini tanımır. Heç sizə adınızla müraciət etmir və sizinlə kəlmə belə kəsmir.

Evə bir qəpik belə gətiməməyinə rəğmən sizdən madiyyat və özünə çəkilən xərclərin ödənilməyini tələb edir. 

Sizə nə çöl işlərində, nə də ev işlərində yardım etmir. Eyni zamanda bütün güc-qüvvənizi, həyata olan həvəsinizi özünə qayğı və qulluq üçün sovurub çıxardır.

Gecələr yatmağa macal vermədən, hətta yuxunuza belə müdaxilə edir. Sizi istədiyi vaxt oyadır və bəzən sizinlə eyni yatağı paylaşır. Əgər paylaşmasanız, həmin gecənin yuxusundan məhrum olacaqsınız. 

O yuxulayanda oturub rahat yeməyinizlə qidalana bilirsiniz. Elə günlər olur ki, özünüzə günün əvvəlində süzdüyünüz bir fincan isti çayı içməyə macal tapmadığınız üçün onu soyumuş halda günün sonunda mətbəx çanağına axıdası olursunuz. Elə günlər də olur ki, gün ərzində atışdırmalardan başqa yediyiniz heç bir qidanı xatırlaya bilmirsiniz. İsti qazan yeməkləri isə bəzədilmiş bayram süfrəsi qədər nadir hallarda qismət olur.

O sizi hamıya qısqanır, gözündən qoymur, onun yanında nə telefonunuza baxa bilirsiniz, nə kompüterinizi aça, nə dost, nə rəfiqə, nə də ki, qohumlarınızla maneəsiz vaxt keçirə bilirsiniz. Əksər hallarda hətta bütün ünsiyyətlərinizə qadağa qoymaq qədər güclü və manipulyativdir! Bu səbəblə evdən onsuz çox nadir hallarda çıxa bilirsiniz!

Amma bunların hamısına dözmək məcburiyyətindəsiniz. Çünki, sizin ondan ayrılmağa, onu atmağa, tərk etməyə heç bir haqqınız yoxdur. Yəni həqiqətən nə əxlaqi dəyərlər, nə də qanuni qaydalar çərçivənizdə heç bir haqqınız yoxdur. Hətta qanun da onun tərəfindədir. Ömürlük siz onun, o isə sizindir! Ta ki, ölüm sizi bir birinizdən ayırana qədər.

Bu cür həyat sürdüyünüzə baxmayaraq “öz qərarın idi”, “bir az gözləyə bilərdin” kimi yersiz qınaqların təzyiqi altında az qala çatlayırsınız. 

Təsəvvür edin, 24 saat, 7 gün qayğı çəkdiyinizdən yorğunluqdan əhvalsız simanıza, yuxusuzluqdan üzülmüş bənizinizə, baxımsız dərinizə, tökülmüş saçlarınıza, artıq çəkinizə, cansıxıcı və zövqsüz geyiminizə görə qınanırsınız! Bütün bu halınızla siz qınanırsınız! 

Bəzən sizi sevən və sizə görə narahatlıq iddiasında olan yaxınlarınız tərəfindən vəziyyətiniz heçə qoyulur! Hamı özünü elə aparır sanki heç nə baş vermir, çətinliklər, əhvalsızlıq, qayğıların ağır olması sadəcə uydurulub və ya şişirdilibdir. 

Ananız “artıq çəkidən necə qurtulmalı” kitab hədiyyəsi ilə həyatın bir pəhrizə riayət kimi asan olduğunumu demək istəyir? Bir nimçə yemək imkansızlığının fonunda, “çəki itir və xoşbəxt ol” messajı… 

Günlərlə havada gəzintiyə imkan tapmadığınız halda iş yoldaşınızın Seylon tətilindən çay plantasiyasında yığıma qoşulduğu fotosu…Ötən dəfəki yolladığı fotosunda isə ekzotik yemək dadmağı və uzun yol səbəbilə nə qədər yorğun olduğunu bildirməyi…

Aylarla gözəllik prosedurlarına həsrət qaldığınız müddətdə bacınızın fenin istisinin hələ də saçlarında qaldığı təp-təzə saç düzümü və möhtəşəm qırmızı rəngli dırnaq örtüyünü ilə sizə həyatın nə qədər gərgin olduğu haqda uzun-uzun nitqləri…

Sonuncu dəfə ictimai yerdə rahat oturub yemək yediyinizi xatırlaya bilmədiyiniz halda qaynana və qayınatanızın sizdən çıxandan sonra suşi restoranına nahar üçün tələsdiklərinə dair replikaları sizi “Bəs mən?”, “Bəs mənim həyatım?” fikirləri ilə depressiya quyusunun qaranlıq dərinliklərinə yaxınlarınız tərəfdən atılmış bir kimi hiss etdirir.

Bəli, günü –gündən incikliyinizi həyatınızı asılı tərzdə keçirdiyiniz birinə deyil, ətrafınızdakılara və yaşadığınız cəmiyyətin laqeydliyinə qarşı hiss etməyə başlayırsınız. Çünki, birlikdə yaşadığınız, şəxsi maraqlarınıza məhdudiyyət qoyan həmin insan sadəcə qayğıya möhtac, tələfə uğraya biləcək qədər zəif bir körpədir! 

O anadan olandan sizin həyatınız bütünlüklə sərt “koronovirus rejimində” keçirilən uzun-uzun günlər və sonsuz aylardır. Siz ətrafdakı insanlardan dəstək, anlayış, empatiya və ya sadəcə kömək əvəzinə şüuraltı səviyyədə örtülü bir messaj alırsınız: “Sən sadəcə uşaqla təkbətək oturmaq və ona baxmaq qədər bəsit əməyə layiq bir məxluqsan! Çünki sən sadəcə 4 divar arasında, sadəcə bütövlükdə səndən asılı olan bir və ya bir neçə uşağa, sadəcə bütün gününü-gecəni və sadəcə bütün təqatini sərf edirsən. Bundan daha bəsit və daha asan nə var ki! Biz də belə yaşamışıq, o zaman nə paltaryuyan var idi, nə qabyuyan, nə də birdəfəlik bezlər!”

Ümumdünya Səhiyyə Təşkilatının dünyada yaşayan zahılar haqda statistika isə başqa bir məna daşıyır. Dünyada hər 5 doğuş edən qadından mütləq biri doğuşsonrası depressiya ilə üzləşir. Emosional və fiziki dəyişikliklər qadını ildırım sürəti ilə depressiyanın qara buludlarının altına alır. 

Depressiyadan əziyyət çəkən ananın emosional iztirabları onu asanlıqla intihar fikirlərinə sürükləyir. “Axı bütün bu nə vaxt bitəcək?”, “Asanlıq nə vaxt yetişəcək kimi?” suallara qapılmış depressiyada yaşayan qadınlar bəzən çıxış yolunu intiharda görür. Bilirsiniz də istənilən depressiyadan çıxış adətən elə intiharda axtarılır…

Alimlər hesablayıblar ki, doğuşsonrası depressiyadan əziyyət çəkən qadınların məhz 5-dən 1-i intihar etməklə həyatına son qoyur. Məhz buna görə də doğuşdan sonra analar arasında ölümə səbəb olan ikinci ünsür məhz elə depressiya səbəbilə intihardır.  

Düşnürsünüz doğuşdan sonra elə 6 həftə keçməyi kifayətdir ki, ana əvvəlki həyatına geri dönsün, emosional və fiziki səhhətinə bərpa etsin…? Doğuşdan sonra ilk həftələr dəstək olmaq kifayətdir, qalanını özü həll edə də bilər? 

Təəssüf statistika göstərir ki, anaların intihar istəkləri və intihar səbəbilə ölümləri doğuşdan 9-12 aydan sonrakı müddətdə pik həddinə çatır.

Həmçinin yəqin bilirsiniz ki, depressiyanın inkişafı, kök atması, pöhrələyib yarpaqlaması, budaq-budaq olması üçün ən münbit mühit izolyasiyadır. Ananı gündəlik işləri, qayğıları, hissləri və ağrıları ilə ondan 24 saat fasiləsiz asılı olan körpə ilə izolyasiyasıdır… 

Karantinə girən dünya artıq Birləşmiş Krallıq, Çin, İtaliya, İran, İspaniya, Birləşmiş Ştatlar, Fransa və digər ölkələrə virusun tüğyan etdiyi müddətdə, ölüm-dirim mücadiləsində…

“Səhər kafedə içdiyim ləzzətli kappuçino, yerin məlum!”…

“Axşamkı gəzintidən görüntü… Bax, bugün günəşin qürubu necə gözəl idi!”…

“Yeni açılmış dükandan aldığım ətək, necədir?”…

“Bugün evdə xeyli iş görümüşəm. Əllərim quruyub, lak örtüyüm isə zədələnib!”…

“Yadında, təzə açılan restoranı demişdim. Axır ki, getdik amma steyklərini heç bəyənmədim!” kimi mesajlar yollamağın absurd olduğunu anlayır. 

Bəs həmin cəmiyyət doğuşsonrası yeni həyat rolu, qayğı və məsuliyyətləri burulğanında boğulan, depressiyasının ayağına ağır daş kimi bağlanan, ruh düşkünlüyü dalğalarında çabalayan anaya da həmin mesajları yollamağın absurdluğunu anlamağa başlayacaqmı?     

Bəlkə də qlobal sosial izolyasiya yaşayan cəmiyyət koronovirusdan sonrakı həyatda artıq anaları doğuşsonrası ruh düşkünlüyünə görə qınamayacaq, ağrılardan sızıldadığına görə iradəsiz adlandırmayacaq, evdarlıq aşağılanmayacaq, distant iş və təhsil qiymətsizləşdirilməyəcək, ictimai yerlərdə körpənin səs-küylü davranışına, ağlamasına göz süzdürüb baş bulamayacaq, uşağın havaya uyğun olmayan sevimli geyimlərinə üstünlük verdiyinə görə tərs-tərs baxmayacaq, hətta papaqsız olduğuna görə müdaxilə etməyəcək, dəfələrlə meyvə ləkələrinin çıxarılması üçün səylərə rəğmən getməyən ləkəli uşaq geyimə görə irad tutmayan bir cəmiyyət yetişəcəkdir! 

Bütün dünyanın planlarını alt-üst edən virus, körpənin ananın gündəlik plan və işlərini alt üst etdiyi kimi, ana da “bir işin yiyəsi olmadın” qınaqlarına məruz qalmayacaqdır.

Bəlkə də analara çoxsaylı iradlar tutan cəmiyyət koronovirus karantini səbəbilə süquta uğrayacaq və əvəzində karantindən daha həssas bir cəmiyyət doğulacaqdır və yeni doğulmuş bu cəmiyyətdə bütün qınaqlar dəstəklə əvəz olunacaqdır.

Koronavirusdan sonrakı həyatda yaşayan insanlar artıq sosial izolyasiyaya məruz qalan anaya…

“Nə olub ki, evində oturmusan”…

“Uşağın, yoldaşın yanında”… 

“Nəyin çatmır? Yeməyin, geyimin hər şeyin var”… 

“Əsas sən də, körpə də sağ-salamatsınız”…

“Onlayn işlərini görürsən də”…

“Neyləmisən ki, bütün günü evdə olmusan”…

“Sosial şəbəkədə dostlarında bol ünsiyyətin var da”…

“Otur, faydalı bir işlə məşğul ol” kimi sözlərin ürək-dirəkverici mahiyyətini sual altına alacaqdır! 

Bəlkə də yenidoğulmuş cəmiyyətdə artıq beş anadan heç biri də olmayacaq…

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.