Adətən hamiləlikdən bir müddət sonra qadınlar saçlarının ifrat şəkildə tökülməyinə görə narahat olurlar. Bu narahatlığa tamamilə bəraət qazandırmaq olar. Daraqda qalan lopa-lopa saçlar istənilən insanı vahiməyə salmağa qadirdir.

Yaranan vəziyyətlə bağlı ən geniş yayılmış fikirlərdən biri əmizdirmənin saçların tökülməsinin səbəbkarı kimi göstərməkdir. Lakin əgər daha diqqətlə araşdırsaq, məlum olacaq ki, zahılıqda saçların tökülməsi bircə gün belə əmizdirməyən qadınlarda da mövcuddur. Demək ki, saçların tökülməyində günahkarı ananın körpəsinin süd ilə əmizdirməsində görmək səhv fikirdir.

O zaman zahılıqda saçların ifrat tökülməyinin səbəbi nədir və bunun qarşısını necə almaq olar?

İlk növbədə qeyd etmək lazımdır ki, zahılıqda saçların tökülməsi normaldır və müvəqqətidir. Saçlar zahılığın ilk günlərindən etibarən deyil, təxminən 3 ayın tamamında hiss olunacaqdır. Nümunə üçün qeyd edək ki, hər bir insanın başından gün ərzində təxminən 100 tük düşürsə, zahılıq dövründə həmin insanın başından 400 tük düşə bilir. Məsələ orasındadır ki, saçların 85-90%-i hamiləlik dövründə hormonal dəyişikliklərin səbəbilə bitmə fazasında olur. Məhz buna görə də hamilələrin əksər hissəsi gur və qalın saçların şahidi ola bilirlər.

Doğuşdan sonra həmin bitmə fazasında olan saçlar dinclik dövrü yaşayır. Bir neçə aydan sonra isə eyni saçlar artıq düşmə fazasına girir. Nəzərə alsaq ki, normalda düşməli olan saçlar hamiləlik və zahılıqda düşmür, zahılığın 3 ayının tamamında tökülməyi gözəçarpacaq dərəcədə çox olur. Xüsusən hamiləlikdə saçlar nə qədər gur olarsa, zahılıqda tökülmə də bir o qədər güclü olacaqdır.

Sözsüz ki, bu xoşagəlməz hadisə zahılığın 6-12 ayında yavaş-yavaş bərpa olacaqdır. Lakin əgər bu hal daha uzun müddət davam edərsə və körpənin ilk yaşına qədər bərpa olmazsa, mütləq həkim məsləhəti almaq gərəkdir. Çünki, ifrat saç tökülməsi həmçinin vitamin D çatışmazlığı, anemiya və qalxanabənzər vəz problemi ilə bağlı ola bilər. Belə hallarda dermatoloq, endokrinoloq və trixoloq müayinəsi tələb oluna bilər.

Kelly Bonyata öz məqaləsində zahı qadınlara aşağıdakı tövsiyələri təqdim edir:

  • Saçları qısaltmaqvə ya daha az qulluq edən tərzdə kəsdirmək.
  • Keyfiyyətli şampun və digər saç qulluq vasitələri istifadə etmək.
  • Saçlara əlavə həcm vermək.
  • Saçları yolan və stresə salan daraqlardan istifadə etməmək.

Madalyn Hughes zahılıqda saç tökülməsinin kəskinləşməməsi üçün analara Omega 3 və dəmir ilə zəngin qidaları qəbul etməyi məsləhət bilir. Həmçinin istilik vasitəsilə saçların səliqəyə salınması, güclü kimyəvi tərkibi olan qulluq və təmizləyici vasitələrdən mümkün qədər yayınmaq məqsədəuyğundur. Başqa sözlə, saçlara özlərinə gəlmək üçün bir qədər möhlət vermək yerinə düşərdi.

Saçlar fəal düşdüyü dövrdən sonra əksər analar xüsusən alın nahiyyələrində “körpə” saçlar görməyə başlayırlar. Bu səbəblə adət edilən saç düzümləri artıq əvvəlki kimi yığılmır və tamamilə fərqli görünüş alır. Bu da müvəqqəti bir haldır.

Saçların zahılıqda tökülməsi halını qismən yumşaltmaq və yeni saçların uzanmasını tezləşdirmək üçün bir sıra saç maskalarını etmək faydalı ola bilər. Onlardan biri zəncəfilli saç maskasıdır.

Zəncəfilli saç maskası:

1 xörək qaşığı xırda sürtgəcdən keçirilmiş təzə zəncəfil kökünün şirəsini sıxmaq. Sıxılmış zəncəfil şirəsini isidilmiş kokos yağı ilə yaxşı qarışdırmaq. Zəncəfil-kokos yağı qarışığını saçların dibinə və başın dərisinə yüngül massaj hərəkətləri ilə yeritmək. 1 saatdan sonra maskanı şampun ilə yumaq. Hiss olunan nəticə üçün bu maskanı həftədə 2 dəfə təkrar etmək.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.