Əlavə bərk qidalarla tanışlıq prosesi körpənizin təqribən 6 aylığından başlayır. Körpənizin əsas qida rasionu bərk qidalar olana qədər və körpə ailənin digər üzvləri ilə birlikdə eyni qidanı az miqdarda yeyə bilənə qədər onun bərk qida miqdarını və qida çeşidlərini tədricən artırmalısınız.
Bu addım sizin körpənizin inkişaf dövründə çox önəmli bir addımdır. Buna görə onunla birlikdə yeni dadları və yeni təamları öyrənmək sizə çox maraqlı gələcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılmış son araşdırmalar göstərir ki, körpələrin həzm sistemi onlar 6 aylıq olmamışdan öncəyə qədər bərk qidaları həzm etmək qabiliyyətinə malik olmur.
Nəyə görə körpələrin hazır olmasını gözləmək lazımdır?
Təyin olunmuş vaxtdan öncə körpəyə bərk qida vermək ishal və qusmaya səbəb ola bilər, bunun da kliniki müalicə ilə nəticələnməsi mümkündür.
Körpənizin hazır olmasını gözləməklə siz öz vaxtınıza da qənaət etmiş olursunuz, belə ki, 6 aylıq körpələr özləri yeməyi bacaracaqlar (və daha az dağınıqlıq olacaq, çünki onlar qidanı tam uda biləcəklər).
6 ayına qədər körpələrin yalnız ana südü ilə qidalanması onları infeksiyalardan kifayət qədər güclü qoruyur və siz körpəni əmizdirdikcə bu mühafizə davam edir.
Bəzi uşaq qidaları üzərində “4 aydan etibarən” yazılır, lakin bu məlumat köhnə araşdırmalara əsaslanmışdır.
Körpənizin hazır olmasına dair 3 əlamət!
Hər bir körpə individualdır, lakin ana südü ilə və ya körpə qidaları ilə yanaşı bərk qidalara başlamaq vaxtını göstərən ümumi 3 əlamət vardır.
Əgər körpənizdə aşağıda qeyd olunmuş əlamətlər varsa, deməli o, bərk qida qəbuluna hazırdır:
- Körpəniz oturaq vəziyyətdə qalır və başını möhkəm saxlayır.
- Gözlərini, əlini və ağzını qidaya cəmləşləşdirir və yeməyə baxır, onu əlinə alır və kənardan kömək olmadan özü onu ağzına qoyur.
- Qidanı udur. Əlavə qidaya hazır olmayan körpələr qidanı geri qaytaracaqlar, bununla da yemək onların üzündə ağızlarında olandan daha çox olacaqdır.
6 aydan öncə yuxarıdakı əlamətlərin eyni anda özünü göstərməsi nadir haldır.
Körpənizin bərk qidaları qəbul etməyə hazır olduğundan əmin olmaq üçün bir yol vardır, bu “Banan Tapşırığı”nı həyata keçirməkdir.Əgər körpəniz bunu bacararsa və artıq 6 ayına çatmışdırsa, deməli o bərk qidaların qəbulu üçün artıq hazırdır.
“Bananla Tapşırığı”:
- Körpəniz oturaq vəziyyətdə qala bilməli və başını möhkəm saxlaya bilməlidir
- Barmaqlarının ölçüsünə uyğun olan soyulmuş və tam yetişmiş banana çatmalı və onu əlinə almalıdır
- Və sizin köməyiniz olmadan banandan bir qədər yeməlidir
Unutmayın ki, körpəniz yeyən zaman siz həmişə onun yanında olmalısınız, belə ki, o boğula bilər. Əgər körpənizin boğazında qida qalarsa və o çətin nəfəs alarsa, o zaman köməyə çağırın, körpənizi götürün və onu dizləriniz üstdə başı aşağı vəziyyətdə saxlayın. Ovucunuzla kürəyinin ortasından 5 dəfə bərk vurun.
Körpənin əlavə qidaya hazır olmasına dair bəzi yanlış əlamətlər
Əgər körpəniz bərk qidalarla vaxtından əvvəl tanış olarsa, onun həzm sistemi düzgün inkişaf etməyəcək, bu da onun xəstələnməsinə səbəb olacaqdır.
Əllərini çeynəməsi, yuxusunu tam aldığı halda, gecələr oyanma, əlavə süd istəməsi körpənin əlavə qidaya hazır olmasının yalnış göstəriciləridir. Bütün bunlar normal körpənin davranışlarıdır və ola bilər ki, o, bir az da əlavə süd istəyir.
Yaşlarına görə böyük görünən körpələr digər körpələrdən fərqli olaraq daha tez bərk qidaya keçməlidirlər. Bu, yanlış fikirdir. İnsanların niyə görə belə düşündükləri çox aydındır. Lakin unutmayın ki, daxildə baş verənlər daha önəmlidir. Körpələrin həzm sistemi kifayət qədər inkişaf edəndən sonra onlar bərk qida qəbuluna hazır olurlar – və bu da, təqribən 6 aydan başlayır. Lakin hər bir körpə individualdır, əgər siz düşünürsünüz ki, sizin körpəniz artıq hazırdır, o zaman həkimə müraciət edin və ilk növbədə “Bananla Tapşırıq”ı yerinə yetirin.
Mənbə: “Bərk Qidalarla Tanışlıq: həyata daha yaxşı başlanğıc” UNİCEF
Tərcümə edən: Mirzəyeva Ülviyyə,